2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 16:14
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran təmsilçiləri Qətəri tərk ediblər

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp: İran ABŞ-nin Hörmüz boğazını açmasını istəyir

Prezident Donald Tramp bildirib ki, İran ABŞ-nin Hörmüz boğazını açmasını istəyir. Tramp "TruthSocial" hesabında paylaşdığı açıqlamada Tehranın hazırda "çökmə həddində" olduğunu və boğazın mümkün qədər tez açılmasını istədiyini qeyd edib.

İran boğazdan kommersiya gəmilərinin keçidini məhdudlaşdırıb, ABŞ isə İran limanlarını blokadaya alıb. Bu, nəqliyyatın kəskin azalmasına və qlobal neft axınlarında pozuntulara səbəb olub.

Trampın sözlərinə görə, Tehran daxili rəhbərliklə bağlı qeyri-müəyyənliyi həll etməyə çalışdığı bir məqamda boğazın açılmasında israrlıdır. Lakin onun "rəhbərlik məsələsi" dedikdə konkret nəyi nəzərdə tutduğu tam aydın deyil.

İranın ali lideri Əli Xamenei ABŞ-İsrail zərbəsində öldürüldükdən sonra oğlu Müctəba Xamenei bu vəzifəyə təyin olunub. Lakin onun indiyədək ictimaiyyət qarşısına çıxmaması hava zərbələri nəticəsində yaralanması ehtimalını gündəmə gətirib.

Bessent İranda benzin qıtlığı barədə xəbərdarlıq edib

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İran yaxın zamanda benzin qıtlığı ilə üzləşə bilər.

O, aprelin 28-də X platformasında qısa paylaşım edib: "Sağ qalan SEPAH rəhbərləri kanalizasiya borusunda boğulan siçovullar kimi tələyə düşdüyü bir vaxtda, İranın köhnəlmiş neft sənayesi ABŞ blokadası sayəsində hasilatı dayandırmağa başlayır".

"Neftin vurulması tezliklə dayanacaq", – o əlavə edib.

İxracın həftələrdir pozulması İranın neft sektoruna ciddi təzyiq yaradıb. Buna ABŞ-nin İran limanlarına blokada tətbiq etməsi səbəb olub. Bu blokada Tehranın strateji Hörmüz boğazını faktiki bağlamasına cavab olaraq tətbiq olunub.

İran Hind okeanında tanker müsadirəsini 'piratlığın yeni forması' adlandırıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind okeanında təxminən 2 milyon barel İran xam nefti daşıyan tankeri ələ keçirməsini "dənizdə piratlığın və silahlı qarətin leqallaşdırılması" kimi qiymətləndirib.

"Piratların qayıdışına xoş gəlmisiniz", - İsmayıl Bəqai X platformasında yazıb.

"Fərq ondadır ki, bu dəfə onlar rəsmi bayraq altında üzürlər və hökumət əmrlərini yerinə yetirirlər, öz hərəkətlərini isə "qanunun icrası" adlandırırlar", - o əlavə edib.

Bundan əvvəl ABŞ federal prokuroru Hind okeanında əvvəllər "MT Phoenix" kimi tanınan "MT Majestic" tankerinin müsadirə edildiyini açıqlayıb.

Əraqçi ilə Putin nə danışdılar

Vladimir Putin Sankt-Peterburqda Abbas Əraqçi ilə görüşür.
Vladimir Putin Sankt-Peterburqda Abbas Əraqçi ilə görüşür.

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Tehrana ABŞ və İsraillə münaqişədə tam dəstəyini ifadə edib. Görüşdən sonra Putin İran xalqının müstəqillik uğrunda "qəhrəmancasına" mübarizə apardığını vurğulayıb və ölkənin yeni ali lideri Müctəba Xameneidən səmimi mesaj aldığını bildirib.

Rusiya lideri münaqişənin həlli üçün ölkəsinin vasitəçi ola biləcəyini də qeyd edib: "Sülhün tezliklə bərqərar olması üçün həm öz maraqlarımıza, həm də region xalqlarının mənafeyinə uyğun hər şeyi edəcəyik".

Nazir Əraqçi isə Moskvanın hər zaman İranı dəstəklədiyini bildirərək strateji tərəfdaşlığın davam edəcəyini vurğulayıb.

Davamı

​
XS
SM
MD
LG