Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
ABŞ prezidenti Donald Tramp İsrail və Livanın müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə o, özünün "Truth Social" platformasında məlumat yayıb.
Tramp Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Binyamin Netanyahu ilə "məhsuldar" müzakirələr apardığını bildirib: "Hər iki lider ölkələri arasında sülh prosesinə dəstək olaraq 10 günlük rəsmi atəşkəs elan etməyə razılaşıb. İnanıram ki, sülh çox yaxında bərqərar olacaq".
Razılaşmaya əsasən, atəşkəs aprelin 17-si gecəyarı qüvvəyə minir. Tramp hər iki lideri danışıqlar üçün Vaşinqtona dəvət edib.
İsrail daxilində bəzi nazirlər atəşkəslə bağlı kabinetdə səsvermə keçirilməsini tələb etsələr də, baş nazir Netanyahu hələlik buna ehtiyac görməyib. O, ordunun atəşkəs dövründə strateji nöqtələrdə qalacağını vurğulayıb.
Bundan əvvəl, 1993-cü ildən bəri ilk dəfə olaraq Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında birbaşa danışıqlar keçirilib. Tərəflər sərhəd demarkasiyası və humanitar məsələlərin müzakirəsi də daxil olmaqla, dialoqu qarşıdakı həftələrdə davam etdirmək barədə razılığa gəliblər.
İsrail və Livan 1948-ci ildə İsrail dövlətinin yaranmasından bəri rəsmi olaraq müharibə vəziyyətindədir.
ABŞ İranın dəniz blokadasını genişləndirir – WSJ
ABŞ İrana qarşı dəniz blokadasını genişləndirir, sanksiya altında olan və ya qaçaqmal daşımaqda şübhəli bilinən gəmilərin yoxlanılmasına və mümkün müsadirəsinə icazə verir. Bu haqda "The Wall Street Journal" yazır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasına görə, bu gəmilər harada olmasından asılı olmayaraq yoxlanıla, göyərtəsinə çıxıla, axtarış aparıla və müsadirə edilə bilər.
Bu addım mövcud münaqişə fonunda Vaşinqtonun Tehrana qarşı təzyiq kampaniyasını daha da sərtləşdirdiyini göstərir. Hörmüz boğazı ətrafındakı gərginlik səbəbindən artıq sarsılmış kommersiya gəmiçiliyi və enerji bazarları üçün bu vəziyyət riskləri daha da artıra bilər.
ABŞ rəsmilərinin sözlərinə görə, blokadanın ilk 48 saatı ərzində heç bir gəmi müəyyən olunmuş qaydaları pozmayıb.
İran: ABŞ ilə danışıqlarda irəliləyiş var, ancaq fikir ayrılıqları qalır
İran və ABŞ Pakistanın vasitəçiliyi ilə mümkün razılaşmaya doğru məhdud irəliləyiş əldə ediblər, ancaq ikihəftəlik atəşkəsin yarıdan keçməsinə baxmayaraq, əsas fikir ayrılıqları hələ də qalır. Bunu aprelin 16-da yüksəkvəzifəli iranlı rəsmi bildirib.
"Pakistan Ordusunun baş komandanı Asim Munirin Tehrana səfəri bəzi sahələrdə fikir ayrılıqlarının azalmasına təsir göstərdi, amma nüvə sahəsində fundamental ziddiyyətlər hələ də qalır... Atəşkəsin uzadılması və danışıqların ikinci raundunun keçirilməsi ilə bağlı daha çox ümid yaranıb", – "Reuters"in məlumatına görə, rəsmi deyib.
O əlavə edib ki, İranın yüksək səviyyədə zənginləşdirilmiş uranının taleyi və nüvə məhdudiyyətlərinin müddəti ən çox mübahisə doğuran məsələlərdəndir: "Bunlarla bağlı hələlik həll yolu tapılmayıb".
Munir aprelin 15-də Tehrana səfər edib. Bundan əvvəl Pakistan ötən həftəsonu ilkin sülh danışıqlarına ev sahibliyi etmişdi. Həmin danışıqlarda fevralın 28-də ABŞ-İsrail zərbələri ilə başlayan müharibə üzrə daimi razılaşma əldə olunmayıb.
Pakistan Xarici İşlər Nazirliyi danışıqların ikinci raundu üçün hələlik tarix müəyyən edilmədiyini bildirib.
Pakistanın baş naziri Şahbaz Şərif isə aprelin 16-da ölkəsinin "regional və qlobal sülh səyləri" ilə bağlı danışıqlar aparmaq üçün Qətərə gedib, daha sonra Türkiyəyə səfər edəcək.
Çin İranı Hörmüzdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çağırır
Çin İranı Hörmüz boğazında gəmiçilik üçün azadlıq və təhlükəsizliyi təmin etməyə çağırıb. Çinin xarici işlər naziri Van İ bu haqda iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib.
Çin Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Van İ indiki durumu münaqişə ilə sülh arasında "kritik mərhələ" adlandırıb, İranın suverenliyinə hörmətlə yanaşı, dəniz nəqliyyatının açıq qalmasına çağırıb.
Əraqçi Pekinin rolunu alqışlayıb, danışıqlar yolu ilə həll tapmağa hazır olduğunu bildirib, - Çin tərəfinin açıqlamasında deyilir.
Bu arada ABŞ İran limanlarına dəniz blokadası tətbiq edib, ABŞ ilə İsrailin hücumlarından sonra Tehran Hörmüzü faktiki bağlayıb.
Çin bu blokadanı "təhlükəli" adlandırır, regionda gərginliyin azaldılmasına çağırır.
İslamabadda son danışıqlarda razılaşma əldə olunmayıb. Vasitəçilər aprelin 22-də başa çatması gözlənilən kövrək atəşkəsi uzatmağa çalışır, danışıqların yaxın vaxtlarda bərpa edilə bilər.