Çin İranı Hörmüzdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çağırır
Çin İranı Hörmüz boğazında gəmiçilik üçün azadlıq və təhlükəsizliyi təmin etməyə çağırıb. Çinin xarici işlər naziri Van İ bu haqda iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib.
Çin Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Van İ indiki durumu münaqişə ilə sülh arasında "kritik mərhələ" adlandırıb, İranın suverenliyinə hörmətlə yanaşı, dəniz nəqliyyatının açıq qalmasına çağırıb.
Əraqçi Pekinin rolunu alqışlayıb, danışıqlar yolu ilə həll tapmağa hazır olduğunu bildirib, - Çin tərəfinin açıqlamasında deyilir.
Bu arada ABŞ İran limanlarına dəniz blokadası tətbiq edib, ABŞ ilə İsrailin hücumlarından sonra Tehran Hörmüzü faktiki bağlayıb.
Çin bu blokadanı "təhlükəli" adlandırır, regionda gərginliyin azaldılmasına çağırır.
İslamabadda son danışıqlarda razılaşma əldə olunmayıb. Vasitəçilər aprelin 22-də başa çatması gözlənilən kövrək atəşkəsi uzatmağa çalışır, danışıqların yaxın vaxtlarda bərpa edilə bilər.
Demokratlar Trampın İranla müharibə səlahiyyətlərini məhdudlaşdıra bilmirlər
Respublikaçıların nəzarətində olan ABŞ Senatında çoxluq İranla müharibəni dayandırmağı nəzərdə tutan qətnamənin qarşısını alıb. Demokratların irəli sürdüyü qətnamə müharibəni Konqres hücumlara icazə verənədək dayandırmağı hədəfləyirdi.
Senat müharibə səlahiyyətləri ilə bağlı qətnamənin qarşısını 52-47 səs fərqi ilə alıb. Bu isə respublikaçıların prezident Donald Trampın müharibə siyasətinə dəstəyinin qaldığını göstərir.
ABŞ və İsrailin İrana hava zərbələrinə başlamasından altı həftədən çox keçir. Fevralın 28-də müharibə başlayandan demokratlar artıq dördüncü dəfədir Senatı belə bir səsvermə keçirməyə vadar edirlər. Ancaq cəhdləri uğursuz olub. Onları Senatda bircə Kentukki ştatından respublikaçı Rend Pol dəstəkləyir. R.Pol aşırı hərbi xərclərə qarşı çıxır, Konstitusiyanın sərt şərhini müdafiə edir. O, son səsvermədə qətnaməni dəstəkləyən yeganə respublikaçı olub.
Pensilvaniyadan demokrat senator Con Fetterman isə respublikaçılarla birlikdə bu təşəbbüsün əleyhinə səs verib.
ABŞ İran və Rusiya neftinə güzəştləri uzatmayacaq
ABŞ maliyyə naziri Skott Bessent aprelin 15-də bildirib ki, Vaşinqton İran və Rusiya neftinin alışına güzəştləri uzatmayacaq. Bu iki ölkəyə ABŞ sanksiyalarından bir aylıq möhlət verilmişdi.
"Reuters" aprelin 14-də xəbər verib ki, ABŞ bu həftə başa çatan 30 günlük güzəşti uzatmağı planlaşdırmır. İstisna artıq tankerlərə yüklənmiş İran və Rusiya neftinin alışına icazə verirdi. Rusiya neftinə güzəşt həftəsonu bitib.
"Rusiya və İran nefti üzrə ümumi lisenziyanı yeniləməyəcəyik. Bu, martın 11-dən əvvəl dənizdə olan neftə aid idi. Yəni, onların hamısından artıq istifadə olunub", – Bessent Ağ evdə brifinqdə deyib.
Bessent ötən ay bildirmişdi ki, Maliyyə Nazirliyi martın 20-də İran üçün belə bir güzəşt edib. Bu, təxminən 140 milyon barel neftin qlobal bazarlara çıxmasına və müharibə dövründə enerji təchizatına təzyiqin azalmasına imkan yaratmaq demək idi. Bu güzəştin müddəti aprelin 19-da bitir.
Tramp: İsrail və Livan liderləri aprelin 16-da danışacaqlar
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan liderləri aprelin 16-da danışıq aparacaqlar. Bu, iki ölkə arasında 1993-cü ildən bəri ilk belə danışıqlar olacaq.
İsrail və Livan İranın dəstəklədiyi "Hizbullah" qruplaşması ilə altı həftədir gedən müharibəni dayandırmaq üçün atəşkəsə çalışır. ABŞ bu qruplaşmanı terror təşkilatı kimi tanıyır.
"İsrail və Livan arasında bir az nəfəs alma imkanı yaratmağa çalışırıq. İki lider uzun müddətdir, təxminən 34 ildir danışmayıblar. Bu, sabah baş verəcək", – Tramp aprelin 15-i gecə sosial mediada yazıb.
O, danışıqlara kimlərin qatılacağını, digər detalları açıqlamayıb.
Livan belə danışıqlardan xəbərsiz olduğunu bildirib.
"İsrail tərəfi ilə planlaşdırılmış hər hansı təmasdan xəbərimiz yoxdur, rəsmi kanallar vasitəsilə bu haqda bizə heç bir məlumat verilməyib", – Trampın açıqlamalarından sonra Livandan rəsmi mənbə AFP agentliyinə deyib.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hava zərbələri ilə başlayan müharibədə aprelin 8-dən ikihəftəlik atəşkəs elan olunub. Münaqişə Livana da keçib və hazırda döyüşlərin dayandırılması münaqişənin həllində əsas məqamlardan biridir.