Türkiyə ABŞ və İran arasında mesajları çatdırır
Türkiyə ABŞ və İran arasında "mesaj ötürən" rolundadır, de-eskalasiyanı və birbaşa danışıqları təşviq edir. Bunu prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasının xarici məsələlər üzrə sədr müavini Harun Armağan "Reuters"ə deyib.
O, söhbətin hansı mesajlardan getdiyini açıqlamayıb, amma Körfəz ölkələrinə də mesaj ötürdüklərini deyib.
İran ordusu martın 25-də ABŞ prezidenti Donald Trampın Tehran ilə danışıq aparılması ilə bağlı dediklərini təkzib edib.
NATO üzvü Türkiyə fevralın sonunda ABŞ və İsrail İrana hücuma başlayandan Tehran və Vaşinqton arasında danışıqlara körpü salmağa çalışıb. Ərdoğan deyib ki, sülhün təmin olunmasından ötrü bütün resursları ilə işləməyə davam edəcək.
Xarici işlər naziri Hakan Fidan isə martın 22-də ABŞ rəsmiləri və iranlı həmkarı Abbas Əraqçi ilə müharibəyə son qoymağın mümkün addımlarını müzakirə edib.
İsrail və İran bir-birinə qarşılıqlı zərbələr endirir
Martın 24-də İsrail və İran bir-birinə qarşılıqlı hava zərbələri endirib.
İsrailin Müdafiə Qüvvələri (SAXAL) Telegram postunda yazıb ki, Tehran boyunca infrastruktura zərbələr endirməyə başlayıb.
İranın yarırəsmi SNN xəbər agentliyi Tehranda yaşayış məhəlləsinin vurulduğunu, xilasedicilərin hadisə yerində olduğunu bildirib.
Küveyt və Səudiyyə Ərəbistanı yeni dron hücumlarını dəf etdiklərini açıqlayıb, amma onların haradan qaynaqlandığını deməyiblər. Küveyt Beynəlxalq Aeroportunda yanacaq çəninin vurulması nəticəsində yanğın baş verdiyi, amma itki olmadığı bildirilib.
İran İslam İnqilabı Keşikçiləri (SEPAH) isə İsraildə Təl-Əviv, Kiryat Şmona daxil, müxtəlif yerlərə yeni hücumlara başladığını açıqlayıb. Dövlət mediasının məlumatına görə, Küveyt, İordaniya, Bəhreyndəki ABŞ bazaları da hədəfdədir.
İran ordusu Trampın danışıqlarla bağlı dediklərini təkzib edir
İran ordusu prezident Donald Trampın ABŞ-nin müharibəni bitirmək üçün danışıqlar aparması haqda dediklərini rədd edib, Vaşinqtonun özü ilə danışıq apardığını deyib.
"Daxili çəkişməniz o həddə çatıb ki, siz (Tramp) özünüzlə danışıq aparırsız?", – İranın birgə hərbi komandanlığının baş sözçüsü İbrahim Zülfüqari İranın dövlət televiziyasına deyib.
"Həmişə demişik, bizim kimi heç kəs sizinlə razılaşma əldə etməz. İndi yox. Heç vaxt", – sözçü əlavə edib.
İran rəhbərliyi daha öncə bildirmişdi ki, ABŞ ilə danışıq apara bilməz, çünki bu ölkə son iki ildə danışıqlar gedən müddətdə İrana iki dəfə hücum edib.
Media: ABŞ müharibənin bitməsi üçün İrana 15-bəndlik plan göndərib
ABŞ və İsrail mediası ABŞ-nin İrana Yaxın Şərqdəki münaqişənin həlli üçün 15-bəndlik plan göndərdiyini bildirir. Müharibə artıq beşinci həftədir davam edir. ABŞ və İsrail fevralın 28-də İrana havadan zərbələr endirməyə başlayıb.
"The New York Times" qəzeti martın 24-də adını çəkmədiyi iki rəsmiyə istinadla yazıb ki, plan Pakistan vasitəsilə çatdırılıb. Qəzetin yazdığına görə, planın İran rəsmiləri arasında nə qədər geniş paylaşıldığı və ya İsrailin bu plana qoşulub-qoşulmadığı bəlli deyil.
İsrailin "12-ci Kanal"ı üç mənbəyə istinadla bildirib ki, ABŞ planı müzakirə etmək üçün bir aylıq atəşkəs istəyir. Plana Hörmüz boğazının açıq saxlanılması, İranın nüvə proqramının ləğvi, proksi qruplara dəstəyin dayandırılması və Tehrana qarşı bütün sanksiyaların aradan qaldırılması daxildir.
ABŞ prezidenti Donald Tramp martın 24-də bildirib ki, ABŞ müharibəyə son qoyacaq razılaşma barədə İranda "lazımi insanlar" ilə danışır: "Hazırda danışıqlar aparırıq". Amma o, detalları açıqlamayıb. İranın yüksəkvəzifəli şəxsləri isə bir gün öncə İranın ABŞ ilə danışıqlar aparmadığını bildiriblər.