Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 13:17
'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi

Canlı FT: Rusiya İrana dron, mülki yardım göndərir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

Pentaqon Yaxın Şərqə 3 min desant göndərir

Yayılan xəbərlərə görə, Pentaqon ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından təxminən 3 min hərbçini Yaxın Şərqə göndərməyə hazırlaşır. Buraya Çevik Reaksiya Qüvvələrinin elementləri də daxildir.

"The Wall Street Journal" və "Fox News" tezliklə bu haqda yazılı əmrin veriləcəyini bildirir.

Diviziyanın elit paraşütçüləri dünya miqyasında sürətlə, adətən 18-24 saat ərzində yerləşdirilə bilərlər. Qoşunların yola düşməsi rəsmən təsdiqlənməyib. Amma onlar bir neçə saat və ya günün içində hərəkətə keçə bilərlər.

İran: Düşmən olmayan ölkələrin gəmiləri Hörmüzdən keçə bilər

İran düşmən olmayan ölkələrin gəmilərinin Hörmüz boğazından keçə biləcəyini bildirib. Bu haqda Beynəlxalq Dəniz Təşkilatına (IMO) ötürülən bəyanatda deyilir: "Düşmən olmayan ölkələrin gəmiləri... səlahiyyətli orqanlarla koordinasiya edərək Hörmüz boğazından təhlükəsiz keçiddən faydalana bilər. Bir şərtlə ki, heç vaxt İrana qarşı təcavüz aktlarında iştirak etməsinlər, yaxud belə aktları dəstəkləməsinlər, təhlükəsizlik qaydalarına tam əməl etsinlər".

IMO bildirib ki, 22 mart tarixli kommünikeni İran Xarici İşlər Nazirliyi verib, IMO-nun onu yayması xahiş edilib. IMO onu üzv dövlətlər və QHT-lərlə paylaşdığını bildirir.

Bu arada Donald Tramp İranın ABŞ və İsrailin hava hücumlarına son qoymaq üçün razılığa gəlməyə can atdığını iddia edib. İran bu zərbələrə cavab olaraq ticarət gəmilərinin Hörmüz boğazından keçməsini əngəlləyib, bununla da Yaxın Şərqdən dünya bazarlarına neft və qaz ixracını dayandırıb. Bu da, öz növbəsində, qlobal enerji qiymətlərini qaldırıb.

İran onu da bildirib ki, son açıqlama ABŞ və İsrailə məxsus gəmilərə və avadanlıqlara, təcavüzün digər iştirakçılarına aid deyil.

Tramp: İranda 'lazımi insanlar' ilə danışıqlar aparırıq

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp deyir ki, Amerika administrasiyası döyüşlərə son qoyacaq razılaşma üçün İrandakı "lazımi insanlar" ilə danışıqlar aparır.

Trampın sözlərinə görə, iranlılar razılığa gəlməyə can atırlar. "Lazım olan insanlarla danışıqlar aparırıq və onlar razılaşma bağlamağı çox istəyirlər, bunu nə qədər istədiklərini bir bilsəydiz", - o, Ağ evdə jurnalistlərə bildirib.

Trampın vurğulamasına görə, İran energetika sahəsində Birləşmiş Ştatlara böyük güzəşt edib. ABŞ prezidenti bunu "müsbət hadisə" adlandırıb, güzəştin Fars körfəzi ölkələrindən dünya bazarına neft tədarükü üçün əsas marşrut - Hörmüz boğazı ilə bağlı olduğuna eyham vurub. İran fevralın sonlarında ABŞ-İsrail hücumu başlanandan boğazı faktiki olaraq bağlayıb.

"Onlar bizə hədiyyə etdilər və bu, çox böyük məbləğdə pul dəyərində çox səxavətli bir hədiyyə idi. Nüvə enerjisi ilə əlaqəli deyil, neft və qazla bağlıdır, bu onlar tərəfindən çox yaxşı hərəkətdir", - Tramp əlavə edib.

"Reuters" yazır ki, Tramp elçiləri - Stiv Uitkoff və Cared Kuşnerin bu həftə danışıqlar planlaşdırıb-planlaşdırmadığına aydınlıq gətirməyib. Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

İsrailin "Ynet" nəşri mənbələrə istinadən xəbər verir ki, müharibənin dördüncü günündən Vaşinqton və Tehran arasında gizli rabitə kanalı fəaliyyət göstərib, lakin uzun müddət nəticəsi olmayıb. Məqalədə deyilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Uitkoff arasında telefon danışığı dönüş nöqtəsi olub.

Martın 23-də D.Tramp Tehranla "çox yaxşı və məhsuldar" danışıqlar apardığını bəyan edib və İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırıb. Tehran rəsmi olaraq danışıqların mövcudluğunu inkar edir.

Laricaninin yerinə SEPAH-ın keçmiş komandiri təyin olunub

Məhəmməd Baqer Zülqədr
Məhəmməd Baqer Zülqədr

İranın Ali Milli Təhlükəsizlik Şurasının ötən həftə ABŞ-İsrail zərbələri ilə öldürülən rəhbəri Əli Laricaninin yerinə Məhəmməd Baqer Zülqədr təyin olunub. O, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri, sərt xətt tərəfdarıdır.

Onun Laricaninin yerinə təyin olunduğunu İran prezident aparatının kommunikasiya üzrə müavini Mehdi Təbatəbai bildirib.

Zülqədr həm də SEPAH-ın ilk üzvlərindən olub.

Davamı

XS
SM
MD
LG