'Amazon' Bəhreyndə data mərkəzinin dronla vurulduğunu deyir
"Amazon" şirkəti Bəhreyndəki bulud xidməti data mərkəzlərindən birindəki nasazlığa dron hücumunun səbəb olduğunu açıqlayıb.
Şirkətin sözçüsü martın 24-də "Reuters"ə faktı təsdiqləyib, amma mümkün ziyanın miqyasını, nasazlığın nə qədər çəkəcəyini deməyib.
"Amazon" müştərilərin alternativ yerlərə köçürülməsinə kömək etdiyini bildirib.
"Amazon"un bulud xidmətləri bir çox vebsaytların və hökumət onlayn xidmətlərinin fəaliyyəti üçün çox vacibdir. Bəhreyn "Amazon" məlumat mərkəzlərinə böyük sərmayə qoyub, "bulud zonası" yaradaraq Körfəzdə IT mərkəzinə çevrilməyə çalışır.
ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri Bəhreyn data mərkəzləri ikinci dəfədir dron hücumuna məruz qalır. Müharibənin əvvəlində Bəhreyn və BƏƏ-də data mərkəzlərinə elektrik kəsintilərinin təsir göstərdiyi, bərpa işləri aparıldığı bildirilmişdi.
Küveytə, Səudiyyə Ərəbistanına dron hücumları olub
Küveyt martın 24-də hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarını dəf etdiyini bildirib. Partlayış səslərinin də bu təhdidlər vurularkən eşidildiyi açıqlanıb. Ordu vətəndaşları rəsmi qurumların təlimatlarına əməl etməyə çağırıb.
Elektrik Enerjisi Nazirliyi yeddi elektrik ötürücü xəttinin sıradan çıxdığını, bunun tutucu-raketlərin yerə düşməsindən sonra baş verdiyini bildirib.
Səudiyyə Ərəbistanı isə martın 24-də bildirib ki, hava hücumundan müdafiə sistemləri iki saat ərzində ölkənin əl-Şərqiyə vilayətini hədəf götürən 19 dronu məhv edib.
Bu arada Böyük Britaniya İranın Fars körfəzi ölkələrinə hücumları ilə mübarizə məqsədilə regiona yaxınmənzilli hava hücumundan müdafiə sistemləri yerləşdirəcəyini açıqlayıb.
Baş nazir Kir Starmer deyib ki, avadanlıqlar Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanına göndəriləcək. "Rapid Sentry" antidron sistemi Küveytə köçürüləcək, Britaniya hərbi gəmisi isə Aralıq dənizinin şərqinə yerləşdirilib.
AFP xəbər verir ki, Britaniya rəsmiləri ölkənin bu regionda hərbi iştirakının son 15 ildə ən yüksək həddə çatdığını deyirlər. Regiondakı bir neçə ölkəyə dəstək məqsədilə əməliyyat uçuşları da çoxalıb.
İran Dieqo-Qarsiyada bazanı hədəfə almadığını deyir
İranın Xarici İşlər Nazirliyi (XİN) Hind okeanındakı Dieqo-Qarsiya adasında ABŞ-Britaniya birgə hərbi bazasına raket atıldığını təkzib edib, bunu "israillilərin son yalanı" adlandırıb.
İsrail ordusunun baş qərargah rəisi Eyal Zamirin dediyinə görə, İran bazanı 4 min kilometr mənzilli ikipilləli qitələrarası ballistik raketlə hədəf alıb.
NATO-nun baş katibi Mark Rutte isə sonradan bildirib ki, alyans İranın Dieqo-Qarsiyaya qitələrarası ballistik raket atması ilə bağlı İsrailin iddiasını təsdiqləyə bilmir.
İran XİN-in sözçüsü İsmayıl Bəqai martın 24-də X sosial şəbəkəsində M.Ruttenin sözlərini paylaşıb, İsrailin iddialarını "saxta bayraq hekayəsi" adlandırıb.
Martın 21-də İranın Dieqo-Qarsiya bazasına iki ballistik raket atdığı barədə xəbərlər yayılıb. Amma raketlərin hədəfə dəymədiyi bildirilib.
Dieqo-Qarsiya adası İrandan təxminən 3 min 800 kilometr məsafədə yerləşir. Adadakı Böyük Britaniya-ABŞ birgə bazası uzaqmənzilli strateji bombardmançı təyyarələri qəbul edə bilir.
İranın İraqda dəstəklədiyi qüvvələrin komandiri öldürülüb
İraqın qərbinə hava hücumu nəticəsində Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) yeddi üzvü öldürülüb, 13 nəfər yaralanıb. Açıqlamanı XSQ-dakı mənbə martın 24-də yayıb. XSQ 2016-cı ildən bəri İraq Ordusunun tərkibindədir, əsasən, İranı dəstəkləyən silahlılardan ibarət çətir təşkilatıdır.
AFP xəbər verir ki, mənbə Ənbar əyalətindəki XSQ bazasının hədəf götürüldüyünü, hücumun ABŞ ilə əlaqəli olduğunu bildirib.
XSQ qrupun İraqın Ənbar əyalətindəki əməliyyat komandiri Saad Davai əl-Baycinin ABŞ hava hücumu nəticəsində bir qrup yoldaşı ilə birlikdə öldürüldüyünü təsdiqləyib.
Suriyada baza hədəf alınıb
Suriya ordusu isə martın 23-də bildirib ki, ölkənin şimal-şərqindəki bazalarından biri İraq ərazisindən raket hücumuna məruz qalıb. İraq rəsmisi hücumun arxasında yerli silahlı qrupun olduğunu deyib.
"İraq qrupu Haseke bölgəsindəki bazaya "Qrad"ın təkmilləşdirilmiş versiyası olan yeddi "Araş-4" raketi atıb", – adının çəkilməsini istəməyən İraq rəsmisi AFP-yə söyləyib.