Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45
'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi

Canlı Tramp: İran razılaşma üçün 'yalvarır'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

İsrailə kütləvi raket hücumu

İran İsrailə kütləvi raket hücumuna başlayıb. Xəbəri İsrail ordusu yayıb.

Təl-Əviv daxil olmaqla, İsrailin müxtəlif yerlərində hava həyəcanı verilib. Paytaxtda raketlərin vurulması nəticəsində partlayışlar eşidilib.

Bir gün öncə ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında İran ilə ölkəsinin "çox yaxşı və məhsuldar" danışıqlar apardığını yazıb. O, İranın enerji şəbəkəsinə zərbələr endirmək planını beş günlüyə təxirə saldığını bildirib. Bu açıqlamadan sonra səhmlər bahalanıb, neftin barelinin qiyməti 100 dollardan düşüb.

İran rəsmiləri isə belə danışıqların olmadığını deyiblər.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hədəflərinə yeni zərbələrə başladığını bildirib, Trampın sözlərini "psixoloji əməliyyat" adlandırıb, Tehranın savaşına təsiri olmadığını deyib.

Avropadan bir rəsmi iki ölkə arasında birbaşa danışıq olmadığını, Misir, Pakistan və Körfəz ölkələrinin mesajları tərəflərə ötürdüyünü deyib.

Pakistandan bir rəsmi və daha bir mənbənin "Reuters"ə dediyinə görə, bu həftə İslamabadda müharibənin başa çatması məqsədilə birbaşa danışıqlar keçirilə bilər.

Netanyahu Tramp ilə İran müharibəsindən danışıb

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə İran müharibəsi barədə danışdığını açıqlayıb.

Netanyahu martın 23-də deyib ki, Tramp İsrail və Amerikanın İrandakı hərbi uğurlarının razılaşma ilə nəticələnə biləcəyinə inanır. Elə bir razılaşmaya ki, müharibənin hədəflərinə çatılsın, eyni zamanda İsrailin zəruri maraqları qorunsun.

Baş nazir videomüraciətində İsrailin istənilən şəraitdə öz maraqlarını müdafiə edəcəyini vurğulayıb. O, ölkəsinin İrana, "Hizbullah"a və Livanda İranın dəstəklədiyi digər qüvvələrə hücumları davam etdirəcəyini də bildirib.

Netanyahu bir daha iddia edib ki, hücumlar İranın raket və nüvə proqramlarını dağıdacaq, "Hizbullah"a ağır ziyan vuracaq. ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyıb.

Bayramovla Əraqçi yenidən danışıb

Martın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. "Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb", - məlumatda qeyd edilir.

"Nazir Ceyhun Bayramov bununla yanaşı, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində gözləntilərimizi bir daha diqqətə çatdırıb", - XİN-in məlumatında əlavə edilib.

Bu il martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumları olub. Azərbaycan prezidenti dörd nəfərin xəsarət aldığı bu hücumlara görə İranı günahlandırıb. Ardınca İranla avtomobil gediş-gəlişi dayandırılıb. Amma iki ölkənin prezidentlərinin telefon danışığından sonra gediş-gəliş bərpa edilib. İran rəsmilərinin bu hücumda əllərinin olmadığını bəyan edərək məsələnin araşdırılacağını söylədikləri açıqlanıb.

İran Vaşinqtonla hər hansı dialoq aparılmadığını deyir

ABŞ prezidenti Donald Tramp Tehranla "çox yaxşı və məhsuldar" danışıqlardan sonra İranın enerji infrastrukturuna zərbələri təxirə saldığını bildirib. İran rəsmiləri və mediası isə belə bir dialoqun aparılmadığını deyir.

SEPAH-a yaxın "Tasnim" və "Fars" xəbər agentlikləri mənbələrə istinadla Tehranla Vaşinqton arasında nə birbaşa, nə də dolayısı ilə danışıqların aparıldığını yazıb.

İranın Xarici İşlər Nazirliyi (XİN) isə bəyanatında qeyd edib ki, "ABŞ prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və öz hərbi planlarını gerçəkləşdirmək üçün vaxt qazanmaq səyləri çərçivəsindədir".

"Region ölkələri gərginliyi azaltmaq üçün təşəbbüslər göstərirlər, bizim onların hamısına cavabımız aydındır: Biz müharibəni başlayan tərəf deyilik, bütün müraciətlər Vaşinqtona ünvanlanmalıdır", – nazirlik əlavə edib.

Davamı

XS
SM
MD
LG