Səudiyyədə emal zavodu vurulub
Martın 19-da Səudiyyənin "Aramco" şirkətinin SAMREF neft emalı zavoduna aviazərbə endirilib. Bu zavod Qırmızı dənizdəki Yanbu limanında yerləşir. Zavoda minimum təsir dəydiyi bildirilir.
Bu zərbədən öncə İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki enerji obyektlərindən təxliyə xəbərdarlığı edib. Buna isə İranın "Cənubi Pars" qaz yatağına hücum səbəb olub.
Yanbu Qırmızı dənizdə kritik ixrac mərkəzidir. İran Hörmüz boğazını faktiki bağlayandan Fars körfəzindən neft daşımaları üçün əsas alternativlərdən birinə çevrilib. Qlobal tədarükün təxminən beşdə biri Hörmüzdən keçir.
BƏƏ-nin Füceyrə limanı da hücumlara məruz qalıb və əməliyyatlar pozulub. Qətərin Ras Laffan LNG mərkəzi də vurulub. Bütün bunlar enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Səudiyyənin Yanbu limanında neft yükləmələri dayanıb. "Reuters" xəbəri martın 19-da iki mənbəyə istinadla yayıb. Səudiyyənin Müdafiə Nazirliyi isə şəhərin üzərində ballistik raketin vurulduğunu bildirib.
Qətərin qaz sənaye mərkəzində gəmiyə "naməlum" mərmi dəyib
Martın 19-da səhər saatlarında Qətərin Ras Laffan qaz sənayesi mərkəzi yaxınlığında bir gəmi vurulub. Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumu bu barədə məlumat aldığını bildirib.
"Bir gəmi naməlum mərmi ilə vurulub. Ekipaj üzvlərinin sağ-salamat olduğu bildirilir", – UKMTO X-də yazıb.
Qətər İranın regiondakı enerji obyektlərini hücumlarını pisləyib. Söhbət Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) enerji obyektlərinə son hücumlardan gedir. Əbu-Dabi bu hücumları beynəlxalq hüququn ciddi pozuntusu, qlobal enerji təhlükəsizliyi, naviqasiya və ətraf mühitə təhdid adlandırıb.
"İranın region ölkələrinə qəddar hücumları dinc şəxsləri, mülki obyektləri və həyati əhəmiyyətli obyektləri hədəf alaraq bütün qırmızı xətləri keçib", – Qətər Xarici İşlər Nazirliyi (XİN) martın 19-da bildirib.
İran Qətərdə qaz habını ikinci dəfə vurur. Tramp xəbərdarlıq edir
ABŞ prezidenti Donald Tramp martın 18-də sosial mediada Tehrana xəbərdarlıq edib. Tramp yazıb ki, İran İsrailin "Cənubi Pars" qaz yatağına hücumuna görə yenidən qisas alsa, Tehran ağır nəticələrlə üzləşəcək. Bu yataq İranın Körfəzdəki enerji infrastrukturunun vacib hissəsidir.
Amma İran bu şərhdən sonra daha bir cavab addımı atıb, Qətərin Ras Laffan sənaye kompleksini 24 saat içində ikinci dəfə hədəfə alıb. Bu zərbələr dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı (LNG) zavodunda yanğınlara səbəb olub.
Tramp sosial mediada yazanda İranın ikinci hücumundan xəbərdar olub-olmadığı bəlli deyil.
Tramp İsrailin daha "Cənubi Pars"a hücum etməyəcəyini deyib, amma şərt kəsib ki, "İran Qətər kimi çox günahsız tərəfi vurmasın". Prezident hədələyib ki, belə hücum olarsa, ABŞ İsrailin köməyi, razılığı olmadan belə ""Cənubi Pars" qaz yatağını bütövlükdə partladar".
O, həmçinin İsrailin "Cənubi Pars"a hücumu haqda Vaşinqtonun öncədən bilgisi olmadığını əlavə edib. Bundan öncə İsrail mediası yazmışdı ki, İsrail qüvvələri hücumu ABŞ-nin razılığı ilə gerçəkləşdirib.
Səudiyyə İrana qarşı hərbi əməliyyat hüququnu saxlayır
Səudiyyə Ərəbistanı İrana qarşı hərbi əməliyyat keçirmək hüququnu saxlayır. Bunu martın 19-da Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib. Bu açıqlamaq Ər-Riyad İranın ballistik raketləri ilə hədəfə alındıqdan sonra verilib.
Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əl-Saud mətbuat konfransında deyib ki, Tehrana etimad sarsılıb, İranın təzyiqi "əks-təsirə səbəb olacaq". Bu arada İran ABŞ və İsrailin hava hücumlarına cavab olaraq Körfəzdə ərəb dövlətlərinə raket və dron hücumları edir.
Tehran martın 18-də İsraili "Cənubi Pars" qaz yatağında obyektləri vurmaqda ittiham edib. Bu zərbələr müharibədə böyük eskalasiya sayılır. İran Körfəzdəki neft və qaz hədəflərinə hücum edəcəyini vəd edib, Qətər və Səudiyyə Ərəbistanına raketlər atıb.
Səudiyyənin xarici işlər naziri isə İranı qonşularına qarşı birbaşa və regional əlaltılar vasitəsilə düşmənçilik hərəkətlərində ittiham edib. Müharibə başlayandan Ər-Riyaddan ilk dəfə belə kəskin bəyanat səslənir.
Nazir deyib ki, Tehran son hücumları çoxdan planlaşdırırdı, bu, "Cənubi Pars"a hücuma reaksiya deyildi.
"İranın bu təzyiqi siyasi və mənəvi əks-səda verəcək, əlbəttə ki, zəruri sayılarsa, hərbi əməliyyatlar aparmaq hüququmuzu saxlayırıq", – Fərhan Ər-Riyadda regionun baş diplomatlarının görüşündən sonra jurnalistlərə deyib.
Konfransın keçirildiyi otelinin yaxınlığında hava hücumundan müdafiə sistemləri işə salınıb, tutucu-raketlər buraxılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu toplantıda iştirak edir.