İranlıların küçələrə çıxmasına nə mane olur? 'İran kəşfiyyatı azərbaycanlıları hədələyir'
İsrailin baş naziri Binyamin Netanyahu martın 16-da yaydığı videoda iranlıların Novruz bayramını təbrik edib onları küçələrə çıxmağa çağırsa da, Tehran küçələrində sakitlik hökm sürür. İran Azərbaycanından olan milli fəal Saleh Kamrani deyir ki, İranda insanların bu cür çağırışlara etimadı qalmayıb: "Bombalar altında insanların ilk düşünəcəyi şey özünü, ailəsini, canını qorumasıdır".
İsrail Xəzər dənizində İran donanmasına hücum etdiyini bildirir
İsrail mediası ölkənin hava qüvvələrinin Xəzər dənizində İran hərbi gəmilərini ilk dəfə hədəf aldığını bildirib.
Martın 19-da N12 telekanalı İsrail təhlükəsizlik mənbələrinə istinadla İranın şimalındakı Bəndər liman şəhərinə "qeyri-adi hücum" barədə məlumat yayıb.
İsrail ordusu bu xəbərləri şərh etməyib, SAXAL isə İranın şimalındakı obyektlərə ilk dəfə zərbə endirdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda deyib ki, ABŞ ordusu İranın donanmasını bütünlükdə məhv edib.
İranın Şimal Donanması Bəndər-Ənzəlidə yerləşir.
N12 təhlükəsizlik mənbəyinə istinadla xəbər verir ki, "Biz İran hərbi gəmisinə hücum etdik, bu, dramatik hadisədir".
Vurğulanır ki, ilk dəfədir İsrail ordusu İran donanmasına bu qədər uzaqda, İsraildən 1300 kilometr məsafədə hücum edir.
İran kəşfiyyat nazirinin öldüyünü təsdiqləyib
İran prezidenti Məsud Pezeşkian ölkənin kəşfiyyat naziri İsmayıl Xətibin öldüyünü təsdiqləyib. İsrailin müdafiə naziri İsrael Kats Xətibin martın 18-nə gecə öldürüldüyünü demişdi.
Pezeşkian martın 18-də X paylaşımında Xətibin öldüyünü etiraf edib. O, öncəki hücumlarda həlak olmuş təhlükəsizlik rəisi Əli Laricaninin, müdafiə naziri Əziz Nəsirzadənin adlarını çəkib, onların "qorxaqcasına qətli bizi yasa qərq etdi” deyə yazıb.
Ağ ev isə Xətibin ölümünün ABŞ üçün "yaxşı bir şey" olduğunu bildirib.
Prezident Donald Trampın əsas sözçüsü Karolayn Levitt martın 18-də “Fox News”a Xətibin "tanınmış terrorçu" olduğunu deyib.
“Əlbəttə, bu adam artıq yer üzündə bizimlə deyil. Bu, ABŞ üçün yaxşı haldır. Bu, uzun müddətdir bu yaramaz terrorçu rejimin təhdid etdiyi Amerika xalqı üçün yaxşıdır”, – sözçü vurğulayıb.
İranın "Cənubi Pars" qaz yatağına aviazərbələr endirilib
İranın Əsəluyə şəhərindəki “Cənubi Pars” qaz yatağı aviazərbələrə məruz qalıb, yataqda yanğın baş verib. “Cənubi Pars” dünyada ən böyük təbii qaz mənbəyi sayılır. Xəbəri İran televiziyası martın 18-də yayıb.
Pars Xüsusi İqtisadi Enerji Zonasında yerləşən qaz qurğularının bir hissəsi ABŞ və İsrailin atdığı mərmilərlə hədəfə alınıb, Buşehr əyalətinin vali müavini belə deyib.
Əsəluyə valisi isə İran mediasına deyib ki, "Cənubi Parsda bir neçə faza" hədəfə alınıb, "yanğını nəzarət altına almaq və yayılmasını önləmək üçün istismardan çıxarılıb".
“Cənubi Pars” qaz yatağını İran və Qətər birgə idarə edir. Əsəluyədəki neft emalı zavodlarında yataqdan çıxarılan qaz emal olunur.
Kompleksə 13 neft emalı zavodu daxildir. Buradan İranın milli enerji şəbəkəsinə gündə orta hesabla 600 milyon kubmetrdən çox qaz vurulur, bu isə ölkə üzrə istehlakın təxminən 70 faizi deməkdir. “Cənubi Pars” İranın neft-kimya sənayesi üçün daxili enerji və xammal təminatında mühüm rol oynayır.