İran Əli Laricaninin öldürüldüyünü təsdiqləyib
İran ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib. O, Ali lider Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hava hücumlarının ilk günündə öldürüləndən bəri həlak olan ən yüksək vəzifəli rəsmidir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi martın 17-də axşam açıqlama yayıb. Əli Laricaninin oğlu Mörtəza, müavini Əlirza Bayat və bir neçə cangüdəni ilə birlikdə öldürüldüyü bildirilir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə "Bəsic" qüvvələrinin komandiri Qulamrza Süleymaninin ölümünü təsdiqləyib.
Bundan öncə İsrailin Müdafiə Qüvvələri (SAXAL) Süleymani və Laricaninin martın 16-da İrana zərbələr zamanı öldürüldüyünü bildirmişdi.
ABŞ-nin yüksək vəzifəli rəsmisi İran münaqişəsinə görə istefa verib
ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Cozef Kent İranda hərbi əməliyyatlara görə istefa verdiyini açıqlayıb.
O, prezident Donald Trampa məktubunu martın 19-da X platformasında dərc edib. Məktubda deyilir ki, İsrail rəsmiləri və "Amerika mediasının nüfuzlu üzvləri" Birləşmiş Ştatları "İranın təhlükə yaratdığına inandırmaqla" aldadıblar. Kent əlavə edib ki, Trampın hər üç prezidentlik kampaniyası zamanı barəsində danışdığı dəyərləri və xarici siyasəti dəstəkləyir, amma İranla bağlı mövcud durumu nəzərə alaraq fəaliyyətini davam etdirə bilməz.
"Mən vicdanıma sadiq qalaraq İrandakı müharibəni dəstəkləyə bilmərəm", – Kent bildirib. O, müharibə veteranıdır, həyat yoldaşı dəniz kriptoloqu olub, 2019-cu ildə Suriyada ölüb.
Kent qeyd edib ki, Trampın kursunu dəyişəcəyinə, "xalqımız üçün yeni bir yol çəkəcəyinə" ümid edir.
Kenti bu vəzifəyə Tramp namizəd göstərib, Senat onu təsdiqləyib. O, Tramp administrasiyasından İran müharibəsinə görə istefa verən ən yüksək vəzifəli məmurdur.
Füceyrə limanı yaxınlığında tankerə "naməlum mərmi" dəydiyi bildirilir
Martın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə limanı yaxınlığında lövbər salmış bir tanker "naməlum mərmi" ilə vurulub. Tankerə kiçik ziyan dəyib, heyət üzvləri arasında xəsarət alan olmayıb, ətraf mühit hər hansı təsirə məruz qalmayıb. Bunu Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) monitorinq qrupu bildirib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava hücumlarına başlayandan Hörmüz boğazında və ətrafında ticarət gəmiləri və dəniz infrastrukturu ilə bağlı azı 20 insident qeydə alınıb. Bu da gəmiçiliyin təhlükəsizliyini monitorinq edən UKMTO-nun məlumatında yer alıb.
Tehran ABŞ, İsrail və onların tərəfdaşlarına neft daşıyan gəmilərin qanuni hədəf sayıla biləcəyinə eyham vurmuşdu.
İran təhlükəsizliyə görə Dünya Kubokunda oyunlarının Meksikada keçirilməsini istəyir
İranın Futbol Federasiyası Dünya Kubokundakı açılış oyunlarının ABŞ-dən Meksikaya köçürülməsi ilə bağlı FIFA ilə "danışıqlar aparır". Federasiya prezidenti Mehdi Tac bunu oyunçularının təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əsaslandırıb.
"[ABŞ Prezidenti Donald] Tramp İran milli komandasının təhlükəsizliyini təmin edə bilməyəcəyini açıq şəkildə bildirib, biz Amerikaya dəqiq getməyəcəyik", – Tac Meksikadakı İran səfirliyinin X hesabındakı postda bildirib.
"İranın Dünya Kubokundakı oyunlarının Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq", –o əlavə edib.
Tramp daha öncə demişdi ki, İran futbol yığmasının bu yay FİFA Dünya Kubokunda iştirakı uyğun olmaz. ABŞ oyunlara Kanada və Meksika ilə birgə ev sahibliyi edəcək.
"İran milli futbol komandası Dünya Kubokuna xoş gəlir, amma onların həyat və təhlükəsizliyi üçün iştirakını uyğun saymıram", – Tramp martın 12-də Truth Social platformasında yazıb.