İraq yaxınlığında neft tankerləri yanır
Martın 12-də İraq sularında iki tanker alovlanıb. Onları İranın vurduğu güman edilir. Tehran bundan öncə dünyaya xəbərdarlıq edib ki, neftin bareli 200 dollara çatacaq.
İki yanacaq tankerinə İranın partlayıcılar yüklənmiş qayıqlarının hücum etdiyi bildirilir. Bir ekipaj üzvü həlak olub.
AzadlıqRadiosunun gürcü xidməti tankerlərdən azı 20 gürcüstanlı dənizçinin xilas edildiyini xəbər verir.
Müharibə iki həftə öncə ABŞ və İsrailin İrana havadan zərbələri ilə başlayıb. Atıq 2 minəcən insan həlak olub, qlobal enerji bazarları və nəqliyyatda xaos yaranıb. Yaxın Şərqə yayılan münaqişə nəticəsində bəzi ölkələr strateji ehtiyatlarından bazarlara neft buraxmaq qərarına gəliblər.
Martın 12-də neftin bareli 10 faizədək qalxaraq 100 dolları keçib. Həftənin əvvəlində qiymət 120 dollar çatırdı.
Tehranda İsveçrə səfirliyi bağlanıb
İsveçrə Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, bunu təhlükəsizlik riskinin artması ilə izah edib.
"Mövcud qeyri-sabit vəziyyətə görə hazırda konsulluq xidmətlərinin nə vaxt bərpa olunacağı bəlli deyil", – səfirlik saytında bildirir.
Vaşinqton və Tehran arasında diplomatik münasibətlər olmadığından İsveçrə onilliklərdir İranda ABŞ-nin maraqlarını təmsil edir.
ABŞ-nin Berndəki səfirliyi Vaşinqtonun İsveçrə hökumətinin qərarına hörmətlə yanaşdığını bildirib.
İsveçrə hökuməti ABŞ ilə İran arasında açıq kommunikasiya xəttini qoruyub saxlayacağını qeyd edib.
BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyib
Martın 11-də BMT Təhlükəsizlik Şurası Tehranın Körfəz ölkələrinə, regiondakı digər dövlətlərə hücumlarını pisləyib. Rusiya və Çin səsvermədə bitərəf qalıb.
Qətnamədə İrandan Körfəz ölkələrinə hücumları dərhal dayandırmaq tələb olunur. Qeyd edilir ki, bu zərbələr beynəlxalq hüququ pozur, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.
İran İslam Respublikasının Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya bütün hücumları "dərhal" dayandırması tələb edilir.
Qətnamənin mətnini Şuranın daimi üzvü olmayan Bəhreyn təqdim edib, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü mətnin lehinə səs verib.
ABŞ və İsrailin İrana hava zərbələrinə cavab olaraq Tehran ABŞ-nin Körfəzdəki ərəb müttəfiqlərini raket və dronlarla vurur.
İran qətnaməni pisləyib, bunu "Təhlükəsizlik Şurasından sui-istifadə" adlandırıb.
ABŞ öz ehtiyatlarından bazara 172 milyon barel neft çıxarır
ABŞ öz strateji ehtiyatlarından bazara 172 milyon barel neft çıxaracaq. Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv 32 ölkənin isə bazara toplam 400 milyon barel neft çıxarması nəzərdə tutulur.
Məqsəd enerji qiymətlərini aşağı salmaqdır.
BEA bildirib ki, üzv ölkələr qiymət artımını cilovlamaq niyyəti ilə bazara 400 milyon barel neft buraxmağa razılaşıblar.
ABŞ və İsrailin İrana hava zərbələrindən və Tehranın Fars körfəzi regiona cavab zərbələrindən sonra neft kəskin bahalanıb.
"47 ildir ki, İran və terrorçu əlaltıları amerikalıları öldürməyi hədəfləyir. Onlar ABŞ və müttəfiqlərinin enerji təhlükəsizliyini manipulyasiya edərək təhdid ediblər. Prezident Trampın rəhbərliyi altında bu günlər sona yaxınlaşır", – ABŞ-nin Enerji Departamentinin bəyanatında vurğulanır.