ABŞ öz ehtiyatlarından bazara 172 milyon barel neft çıxarır
ABŞ öz strateji ehtiyatlarından bazara 172 milyon barel neft çıxaracaq. Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv 32 ölkənin isə bazara toplam 400 milyon barel neft çıxarması nəzərdə tutulur.
Məqsəd enerji qiymətlərini aşağı salmaqdır.
BEA bildirib ki, üzv ölkələr qiymət artımını cilovlamaq niyyəti ilə bazara 400 milyon barel neft buraxmağa razılaşıblar.
ABŞ və İsrailin İrana hava zərbələrindən və Tehranın Fars körfəzi regiona cavab zərbələrindən sonra neft kəskin bahalanıb.
"47 ildir ki, İran və terrorçu əlaltıları amerikalıları öldürməyi hədəfləyir. Onlar ABŞ və müttəfiqlərinin enerji təhlükəsizliyini manipulyasiya edərək təhdid ediblər. Prezident Trampın rəhbərliyi altında bu günlər sona yaxınlaşır", – ABŞ-nin Enerji Departamentinin bəyanatında vurğulanır.
Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
"Alternativ marşrutlar və boru kəmərləri mövcud olsa da, onlar Körfəz ölkələrinin bütün ixracını əvəz edə bilmir. Buna görə də Hörmüz boğazında hər hansı ciddi gərginlik qlobal iqtisadi sabitlik üçün birbaşa risk hesab olunur".
İranın polis rəisindən xəbərdarlıq
Regional müharibədə Tehranın düşmənlərini dəstəkləyən etirazçılarla nümayişçi kimi yox, düşmən kimi davranılacaq. AFP-nin yazdığına görə, belə xəbərdarlıqla İranın baş polis rəisi Əhməd-Rza Radan çıxış edib.
Onun sözlərinə görə, İslam Respublikasını müdafiə etmək üçün təhlükəsizlik qüvvələrinin "barmaqları tətikdədir".
İlin əvvəlində İranda iqtisadi narazılıqlarla başlayan etirazlar amansızlıqla yatırılıb. Rəsmilər iğtişaşlarda 3 mindən çox insanın öldüyünü deyirlər. Hüquq müdafiə qrupları itki sayının daha yüksək olduğunu bildirir.
Rəsmilər ABŞ və İsraillə münaqişə gərginləşdikcə, etiraz aksiyalarının yenidən baş qaldıra biləcəyindən ehtiyatlanırlar.
İran azərbaycanlıları savaşın ortasında: 'Ümidimiz itir'
Ərdəbildə yaşayan milli fəallardan biri AzadlıqRadiosuna danışır ki, ABŞ və İsrailin İrana hücumu, ali dini lider Əli Xameneinin öldürülməsi ilə bağlı insanlar arasında fikir ayrılığı var. Hökumətə müxalif olanlar isə yeni dini liderin təyinatından sonra ümidlərini lap itiriblər.