İran ABŞ-nin Yaxın Şərqdə ən böyük bazasını vurub
İranın atdığı ballistik raket Qətərdəki Əl-Udeyd hərbi hava bazasını vurub. Bu, ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi bazasıdır.
Qətərin Müdafiə Nazirliyi bildirir ki, martın 3-də axşam İrandan Qətərə doğru iki ballistik raket buraxılıb. Havadan müdafiə sistemləri onlardan birini tutsa da, digəri bazaya düşüb, amma itki olmayıb.
Əl-Udeyd bazasından Qətər və Britaniya qüvvələri də istifadə edir. Bu baza Qətərin paytaxtı Doha yaxınlığında yerləşir. Ötən il ABŞ İranın nüvə obyektlərini bombalayanda Tehran bu bazanı hədəfə almışdı.
Bu bazada 10 min hərbi və mülki personalın yerləşdiyi bildirilir. Baza Vaşinqtonun regiondakı hərbi əməliyyatları üçün komandanlıq mərkəzi rolunu oynayır.
Qətər həmçinin İslam İnqilab Keşikçiləri Korpusuna bağlı iki casus şəbəkəsini ifşa etdiyini, 10 nəfəri saxladığını bildirib.
Xamenei əslində necə öldürülüb?
Məlumatlı iki mənbə bildirib ki, Tehranın əsas küçələrinin kamera görüntüləri şifrələnərək Təl-Əvivə və İsrailin cənubundakı informasiya mərkəzlərinə ötürülüb.
Ekspertlər Məclisinin Qum şəhərindəki binası dağıdılıb
İranın Ekspertlər Məclisinin Qum şəhərində yerləşən binası hava zərbəsi nəticəsində dağıdılıb. Bu qurum ölkənin növbəti ali rəhbərini seçməlidir.
IRIB dövlət xəbər agentliyi yazır ki, martın 2-si gecə Məclisin ayrıca ofisi də vurulub. Agentliyin məlumatına görə, hər iki obyekt öncədən təxliyə edilib və itki qeydə alınmayıb.
"Axios" adının açıqlanmasını istəməyən israilli rəsmiyə istinadla bildirir ki, İsrail Hərbi Hava Qüvvələri Qumdakı binanı yeni ali rəhbərin təyin edilməsi prosesini pozmaq məqsədilə vurub.