İsrail Livanda 'Hizbullah' obyektlərini vurub
İsrail martın 2-nə keçən gecə Livanda "Hizbullah" hərəkatının mövqelərini vurduğunu bildirib. Buna İranın müttəfiqi olan silahlı qruplaşmanın İsrailin şimalına raket və dron hücumuna görə məsuliyyəti üzərinə götürməsi səbəb göstərilib.
""Hizbullah"ın İsrail Dövlətinə doğru atəş açmasına cavab olaraq İsrail qüvvələri Livanda "Hizbullah" terror təşkilatının hədəflərinə zərbələr endirməyə başlayıb", - Təl-Əviv bəyan edib.
İranın proksi qrupu sayılan "Hizbullah" ABŞ və İsrailin hava zərbələrindən sonra Tehranla həmrəylik ifadə etsə də, münaqişəyə qoşulmayacağını bildirmişdi.
Amma qruplaşma son bəyanatında İranın ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra yeni hücuma başladığını açıqlayıb.
3 ABŞ hərbçisi həlak olub
İrandakı "Epik Qəzəb" əməliyyatı zamanı üç ABŞ hərbçisi həlak olub, beşi ağır yaralanıb. Məlumatı ABŞ Mərkəzi Komandanlığı yayıb.
İranı indi kim idarə edir
İranın ali təhlükəsizlik rəsmisi Əli Laricani deyib ki, ali dini lideri Əli Xamenei və bir neçə yüksəkvəzifəli öldürüləndən sonra müvəqqəti yeni rəhbərlik şurası qurulur.
Dini isteblişmentin aparıcı fiqurlarından Əlirza Ərafi Xameneinin yerinə şuraya təyin olunub. Prezident Məsud Pezeşkian və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni-Ejeinin də olduğu üç nəfərlik şura İranı idarə edəcək. Ekspertlər Şurası daha sonra yeni ali lideri seçmək üçün toplana bilər.
Karaçidə ABŞ konsulluğuna hücum
Pakistanın Karaçi şəhərində tələbələr ABŞ konsulluğuna girməyə cəhd edib, yeddi nəfər həlak olub. Güc strukturları əməkdaşları ilə şiə siyasi partiyalarına bağlı İmamiyyə Tələbə Təşkilatının üzvləri arasında atışma olub. AzadlıqRadiosunun "Radio Maşaal" xidməti müxbirinin çəkdiyi videoda yanan bina, yanmış motosiklet, ərazidə xeyli sayda Pakistan təhlükəsizlik qüvvələri görünür.
İraqın Bağdad şəhərində ABŞ səfirliyi yaxınlığında da toqquşmalar baş verib.