Bayramov Əraqçi ilə danışıb
Martın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, "Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali rəhbəri Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb"
"Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb", - XİN-ın məlumatında bildirilir.
Prezident İlham Əliyev də İran prezidenti Məsud Pezeşkiana Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verərək bu hadisənin onları kədərləndirdyini bildirib. Əliyev Xameneinin vəfatını İran üçün "böyük itki" adlandırıb.
İran dövlət mediası Xameneinin öldüyünü təsdiqləyir
Martın 1-nə keçən gecə İranın dövlət mediası Ali lider Əli Xameneinin bir gün öncə ABŞ və İsrailin hava zərbələri ilə öldürüldüyünü təsdiqləyib.
Dövlət mediası 86 yaşlı liderin ölümünə görə 40 günlük dövlət matəminin başladığını, idarələrin, şirkətlərin yeddi gün bağlı qalacağını elan edib.
Media onun, bəzi xəbərlərdə deyildiyi kimi, bunkerdə deyil, öz ofisində öldürüldüyünü bildirir.
Tramp: Xamenei ölüb
ABŞ prezidenti Donald Tramp İranın Ali lideri Əli Xameneinin öldüyünü bəyan edib.
"Tarixin ən pis adamlarından biri olan Xamenei ölüb", - o, özünün "Truth Social" platformasında yazıb.
ABŞ və İsrailin İrana hücumu zamanı Minab şəhərində məktəbə zərbələr endirilib.