ABŞ və İran cümə günü – fevralın 6-da Omanda Tehranın nüvə proqramı üzrə danışıq aparacaqlar. Region rəsmisi "Reuters"ə İranın görüş yerini dəyişməyi xahiş etdiyini deyib.
Daha öncə görüşün İstanbulda keçiriləcəyi açıqlanmışdı. İran isə danışıqların öncəki raundunun davamı kimi danışıqların Omanda keçirilməsini istəyib. Rəsmi bunu Tehranın ballistik raketlərlə bağlı məsələlərin müzakirəsini istəməməsi ilə izah edib.
İran ballistik raket proqramı üzrə güzəştə getməyəcəyini deyib, bu məsələni danışıqlarda "qırmızı xətt" adlandırıb.
Anonimlik şərti ilə danışan rəsminin sözlərinə görə, İran lap əvvəldən deyib ki, yalnız nüvə proqramını müzakirə edəcək, Vaşinqton isə gündəmə başqa məsələlərin də salınmasını istəyib.
Fevralın 4-də neftin qiyməti möhkəmlənib. Bir gün öncə ABŞ-nin İran dronunu vurması, silahlı İran katerlərinin Hörmüz boğazında ABŞ bayrağı ilə üzən gəmiyə yaxınlaşması xəbərləri eskalasiya sarıdan qorxuları gücləndirib.
İran katerləri Hörmüz boğazında ABŞ tankerini ələ keçirməyə çalışıb
Fevralın 3-ü səhər İrana məxsus altı silahlı kater Omanın şimalında Hörmüz boğazından ABŞ bayrağı ilə keçən "Stena Imperative" tankerinə yaxınlaşıb. Xəbəri "Reuters" və "The Wall Street Journal" mənbələrə istinadla yayıb.
İranlı hərbçilərin ekipajdan mühərriki söndürməyi, göyərtəyə çıxmağı tələb etdikləri, tankerin isə sürəti artıraraq hərəkətini davam etdirdiyi bildirilir. Tankeri ABŞ hərbi gəmisi müşayiət etməyə başlayıb.
İranın "Fars" agentliyi iranlı rəsmilərə istinadla yazıb ki, gəmi İranın ərazi sularına daxil olub, xəbərdarlıqdan sonra həmin sulardan çıxıb, "təhlükəsizliklə bağlı hər hansı ciddi insident olmayıb". "Reuters" isə tankerin İran sularına daxil olmadığını yazıb.
"Bloomberg"in fevralın 3-də xəbər verdiyinə görə, ABŞ-nin F-35C qırıcısı Ərəb dənizində "Abraham Lincoln" təyyarədaşıyanına yaxınlaşan İran dronunu vurub. ABŞ Mərkəzi Komandanlığı dronun özünümüdafiə məqsədilə məhv edildiyini bildirib.
Bu arada ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı yeni danışıqlara hazırlıq gedir. Danışıqların fevralın 6-da İstanbulda keçiriləcəyi gözlənilir. Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff iştirak edəcək. "Axios" xəbər verir ki, Tehran görüşün İstanbuldan Omana köçürülməsində israr edir.
Vaşinqton daha öncə İrana hərbi zərbə ehtimalını istisna etməyib. Amma ABŞ prezidenti Donald Tramp yanvarın 31-də deyib ki, Tehran Vaşinqtonla "ciddi" danışıqlar aparır, əlavə addımlarla bağlı qərar bu məsləhətləşmələrin nəticələrinə əsasən veriləcək.