ABŞ dövlət katibi Marko Rubio İranla Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda "cüzi irəliləyiş" olduğunu bildirib. Dövlət katibi həmçinin Tehranın Hörmüz boğazında rüsum sistemi yaratmaq cəhdinə qarşı xəbərdarlıq edərək heç bir ölkənin bunu qəbul etməməli olduğunu deyib.
Rubio mayın 22-də İsveçin Helsinqborq şəhərində jurnalistlərə açıqlama verib. O, NATO xarici işlər nazirlərinin toplantısının ikinci günündə iştirak edir.
Rubio bildirib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən müzakirələr məhdud olsa da, müsbət nəticələr göstərib: "Müəyyən qədər irəliləyiş var. Bunu şişirtmək istəmirəm, amma müəyyən hərəkətlilik olub və bu yaxşıdır".
Rubio həmçinin İranın strateji əhəmiyyətli Hörmüz boğazında rüsum sistemi tətbiq etmək planını tənqid edib.
"İran rüsum sistemi yaratmağa çalışır. Yeri gəlmişkən, Omanı da beynəlxalq su yolunda bu sistemə qoşulmağa inandırmağa çalışırlar. Dünyada bunu qəbul edəcək ölkə yoxdur", - Rubio bildirib.
Tehranda gizli diplomatiya: Pakistan ABŞ-nin mesajını İrana çatdırıb
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ilə görüşüb. Tərəflər ABŞ və İsrailin İrana qarşı müharibəsini dayandırmağa yönəlmiş təklifləri müzakirə edirlər.
İran mediasının yazdığına görə, görüş mayın 22-də keçirilib. Bundan iki gün əvvəl Nəqvi Vaşinqtonun son mesajını Tehrana çatdırıb. Hazırda tərəflər İranın uran ehtiyatları və Hörmüz boğazına nəzarətlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.
Yarımrəsmi ISNA agentliyi yazıb ki, Nəqvi çərçivə razılaşmasının formalaşdırılması məqsədilə tərəflər arasında kommunikasiya prosesinə köməklik edir.
ABŞ dövlət katibi Marko Rubio mayın 21-də danışıqlarda 'bəzi müsbət siqnalların' olduğunu bildirib. Lakin o xəbərdarlıq edib ki, Tehran Hörmüz boğazında rüsum sistemi tətbiq edərsə, heç bir razılaşma mümkün olmayacaq.
İrandan olan yüksəkvəzifəli mənbə 'Reuters' agentliyinə deyib ki, tərəflər arasındakı fərqlər müəyyən qədər azalıb. Bununla belə, əsas fikir ayrılıqları – uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlı məsələlər – hələ də qalmaqdadır.
Münaqişə qlobal bazarlarda ciddi pozuntular yaradıb, nefti bahalandırıb və inflyasiya ilə bağlı narahatlıqları gücləndirib.
ABŞ-İran danışıqlarında 'müsbət siqnallar' olsa da, böyük 'uçurumlar' qalır
Mayın 22-də ABŞ-İran danışıqlarının vəziyyəti qeyri-müəyyən olaraq qalır. Tərəflər Hörmüz boğazına gələcək nəzarət, İranın uranı zənginləşdirmək hüququ daxil olmaqla, bir sıra məsələlərdə hələ də razılığa gələ bilməyiblər. Danışıqlarda əsas vasitəçi olan Pakistan isə Tehrana nümayəndə heyəti göndərir.
ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio sərt ritorikaya baxmayaraq, diplomatik razılaşmanın hələ də mümkün olduğunu bildiriblər.
"Bəzi müsbət siqnallar var. Həddindən artıq optimist olmaq istəmirəm... Yaxın günlərdə nə baş verəcəyini gözləyək", – Rubio belə deyib.
"Düşünürəm ki, pakistanlılar bu gün Tehrana yollanacaqlar. Ümid edirəm ki, bu, prosesi bir qədər irəli aparacaq", – dövlət katibi jurnalistlərə bildirib.
ABŞ rəsmiləri sülh razılaşmasının yaxın olduğunu desələr də, danışıqlarda indiyədək nəzərəçarpacaq nəticə əldə edilməyib.
"Fikir ayrılıqlarını müəyyən qədər azaldıb"
İran dövlət mediası yazır ki, müharibəni dayandırmaq üçün ABŞ-nin son təklifi "fərqləri müəyyən qədər azaldıb". Pakistan ordusunun başçısı Asif Munir isə bu fərqləri daha da azaltmaq üçün Tehrana gedib.
İranın ISNA agentliyi İran və ABŞ arasında mesaj mübadiləsinin davam etdiyini, məqsədin mümkün razılaşma üçün çərçivə yaratmaq olduğunu yazıb.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi artıq Tehrandadır və iranlı rəsmilərlə görüşlər keçirir.
Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirməyə başlayandan bəri İran və ABŞ arasında yeganə rəsmi danışıqlar Pakistanda keçirilib. O vaxtdan İslamabad tərəflər arasında əsas kommunikasiya kanallarından birinə çevrilib.
"Reuters" mayın 21-də yüksəkvəzifəli iranlı rəsmiyə istinadla yazıb ki, İranın uranı zənginləşdirməsi və Hörmüz boğazına nəzarəti əsas fikir ayrılıqları olaraq qalır.
Tramp və Rubiodan Hörmüz rüsumu ilə bağlı xəbərdarlıq
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazında rüsum sisteminin tətbiqini istəmir. İranla müharibəni dayandırmaq üçün aparılan danışıqlar isə hələ də qeyri-müəyyən olaraq qalır.
Fevralın 28-də ABŞ və İsrailin İrana birgə hava zərbələri endirməyə başlamasından sonra Tehran boğazı faktiki olaraq bağlayıb. Bu strateji su yolu mümkün sülh razılaşmasının əsas mövzularından birinə çevrilib.
Münaqişə başlayandan az sonra İran kommersiya gəmilərini hədələməyə, onlara hücum etməyə başlayıb və boğaza faktiki nəzarəti ələ keçirib. Nəticədə dəniz nəqliyyatı, demək olar ki, tamamilə dayanıb.
Tehran icazə və rüsum sistemi tətbiq etməklə yeni yaradılmış "Fars Körfəzi Boğaz İdarəsi" vasitəsilə bu nəzarəti rəsmiləşdirməyə çalışıb.
ABŞ dövlət katibi Marko Rubio mayın 21-də NATO xarici işlər nazirlərinin görüşünə yola düşməzdən əvvəl jurnalistlərə deyib ki, Tehran boğazda rüsum sisteminin tətbiqini davam etdirərsə, ABŞ ilə İran arasında diplomatik razılaşma alınmayacaq: "Dünyada heç kim bu rüsum sistemini dəstəkləmir. Bu baş verə bilməz, bu qəbuledilməzdir. Əgər onlar bunu etməyə cəhd göstərsələr, bu, bütün dünya üçün təhdiddir və tamamilə qanunsuzdur".
Danışıqlardakı digər böyük fikir ayrılığı İranın nüvə proqramı ilə bağlıdır. Tehran zənginləşdirilmiş uranı ABŞ-yə verməyi istisna edir. Tramp isə Vaşinqtonun İranın uran ehtiyatlarını əldə etməyə çalışacağını bildirib.
Tramp mayın 21-də Ağ evdə jurnalistlərə açıqlamasında deyib: "Biz onu əldə edəcəyik. Bu, bizə lazım deyil, biz onu istəmirik. Onu götürüb məhv edəcəyik, lakin onların əlində qalmasına imkan verməyəcəyik".
Tramp ötən həftə dəfələrlə İranla atəşkəsin iflasa uğraya biləcəyini bildirib və ABŞ-nin yeni hərbi zərbələrə başlayacağını istisna etməyib.