İranda son kütləvi etirazlarla bağlı azı 30 fəal ölüm cəzası təhlükəsi ilə üzləşib. Bu haqda həftəsonu DPA agentliyi "Amnesty International" insan haqları təşkilatına istinadla xəbər yayıb.
Qurum artıq səkkiz iş üzrə ölüm hökmlərinin çıxarıldığını bildirib. Hazırda baxılan digər 22 iş üzrə təqsirləndirilənlər arasında iki azyaşlı da var.
Amma İranın məhkəmə orqanları ölüm hökmlərindən heç birini rəsmi təsdiqləməyib.
"Amnesty International" İran liderlərini ölüm hökmündən fərqli fikri boğmaq üçün istifadə etməkdə günahlandırır. "İran hakimiyyəti ölüm cəzasından silah kimi yararlanaraq qorxu yaymağa, köklü dəyişikliklər tələb edən insanların iradəsini sındırmağa çalışır", – qurumun Yaxın Şərq üzrə regional direktor müavini Diana Eltahavi deyib.
Yanvarda İran təhlükəsizlik xidmətləri etirazları qəddarlıqla yatırdıb, Azı 7 min nəfərin həlak olduğu bildirilir. Onlardan 200-dən çoxu güc strukturu əməkdaşıdır. Azı 53 min nəfər həbs olunub.
Bu həftə ABŞ-İran danışıqları davam edəcək
Fevralın 26-da Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ-İran danışıqlarının üçüncü raundu keçiriləcək. Açıqlamanı fevralın 22-də Omanın xarici işlər naziri Bədr Əlbusaidi verib.
İran hökuməti də həmin tarixdə danışıqların keçirilə biləcəyini bildirib. ABŞ rəsmilərindən isə hələlik açıqlama gəlməyib.
ABŞ administrasiyası İrana nüvə proqramını məhdudlaşdırması üçün təzyiq göstərir. Tehran isə proqramın dinc məqsədli olduğunu, məsələn, elektrik istehsalı üçün nəzərdə tutulduğunu bildirir.
İran prezidenti Məsud Pezeşkian fevralın 21-də dövlət televiziyası ilə çıxışında ölkəsinin dünya güclərinin təzyiqinə boyun əyməyəcəyini söyləyib: "Dünya gücləri sıraya düzülərək bizi boyun əyməyə məcbur etməyə çalışırlar... Amma onların bizə yaratdığı bütün problemlərə baxmayaraq, başımızı əyməyəcəyik".
Amma Pezeşkian fevralın 22-də sosial media postunda yazıb ki, öncəki danışıqlar "ürəkləndirici siqnallar verib".
Tehran bildirir ki, hərbi addımı önləyəcək razılaşma üzrə təklif hazırlayır.
"İnanıram ki, fevralın 26-da Cenevrədə yenidən görüşəndə bu elementlər üstündə işləyəcək, yaxşı mətn hazırlayacaq və sürətli saziş əldə edəcəyik", – xarici işlər naziri Abbas Əraqçi fevralın 22-də CBS TV-yə deyib.
"ABŞ bizə hücum etsə, özümüzü müdafiə etməyə tam haqqımız var", – deyən Əraqçi onu da əlavə edib ki, "diplomatik həll yolu tapmaqdan ötrü yaxşı şans var".
Trampı İranın niyə təslim olmadığı maraqlandırır
ABŞ prezidenti Donald Tramp daha öncə İranı etirazçılara qarşı zorakılıq baş verərsə, hərbi addımlarla hədələyib. Etirazlarda isə minlərlə insan öldürülüb.
Etirazlar fonunda Vaşinqton Yaxın Şərqdə qüvvələrini artırır. Bu kontekstdə Tramp Tehranın niyə təslim olmadığını soruşub. Bunu ABŞ-nin təmsilçisi Stiv Uitkoff deyib. O, "Fox News"un fevralın 22-də yayımladığı müsahibəsində söyləyib ki, hərbi hücumla bağlı xəbərdarlığından sonra Trampı İranın mövqeyi maraqlandırır. Tərəflər yeni nüvə sazişini razılaşdırmayacağı halda, ABŞ prezidenti belə bir xəbərdarlıq səsləndirmişdi.
""Məyus" demək istəməzdim, çünki o anlayır ki, yetərincə alternativləri var. "Təslim oldular" sözünü işlətmək istəmirəm, amma onların niyə təslim olmadıqları ilə maraqlanır", – Uitkoff deyib.
İran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişinə imza atıb. Sazişin məqsədi iqtisadi sanksiyaların yumşaldılması qarşılığında ölkənin nüvə silahı hazırlamasını önləmək idi.
Tramp prezidentliyinin ilk dövründə, 2018-ci ildə ABŞ-ni sazişdən çıxarıb, Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran öz öhdəliklərini tədricən azaltmağa başlayıb.
Tələbə etirazları
İranda dekabrın sonunda iqtisadi tələblərlə başlayan nümayişlərdə azı 7 min nəfərin öldürüldüyü bildirilir.
Fevralın 22-də isə Əmir Kəbir Texnologiya Universitetinin qarşısında tələbələr "Bəsic" əsgərləri ilə toqquşub.
Tələbələr hökumətə qarşı şüarlar səsləndiriblər. Digərlər İranın milli bayrağını qaldırıblar.
Tehrandakı Şərif Universiteti daxil, daha beş ali təhsil ocağında da oxşar yürüşlər keçirilib.
Bu arada yayılan daha bir xəbər ABŞ və Qərblə gərginliyi artıra bilər. "The Financial Times" yazıb ki, İran minlərlə müasir daşınan zenit-raket kompleksi almaq üçün Rusiya ilə 589 milyon dollarlıq gizli silah sazişi imzalayıb.
Dekabrda Moskvada imzalandığı bildirilən sazişə görə, Rusiya üç il ərzində İrana 500 ədəd "Verba" portativ buraxılış qurğusu və 2 min 500 ədəd 9M336 raketi tədarük edəcək.
FT bunu mənbələrinin sızdırdığı sənədlərə, sazişdən agah bir neçə nəfərə istinadla yazıb.