Yaxın Şərqdə bir neçə ölkə arasında danışıqlar sürətlənir, regionda sülh razılaşmaları əldə etmək üçün diplomatik səylər göstərilir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan liderləri aprelin 16-da danışıqlar aparacaqlar və bu, 1993-cü ildən bəri ilk belə görüş olacaq. Məqsəd İranın dəstəklədiyi "Hizbullah" qruplaşması ilə altı həftədir gedən müharibəni dayandırmaqdır. ABŞ "Hizbullah"ı terror təşkilatı sayır, Avropa İttifaqı yalnız onun silahlı qanadını qara siyahıya salıb.
İsrailin təhlükəsizlik kabinetinin üzvü Qila Qamliel İsrail ordusunun radiosuna bildirib ki, baş nazir Binyamin Netanyahu Livan prezidenti Jozef Aun ilə danışacaq. Aunun ofisi isə bəyan edib ki, prezident ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb, Netanyahu ilə hər hansı təmasdan söz açılmayıb.
"Reuters" Livan rəsmilərinə istinadla yazır ki, Livanın Vaşinqtondakı səfirliyi Ağ evə Aunun Netanyahu ilə danışmayacağını bildirib.
Aprelin 14-də İsrail və Livanın Vaşinqtondakı səfirləri Rubionun vasitəçiliyi ilə bir araya gəlmişdi. Tərəflər birbaşa danışıqlar başlatmağa qərar veriblər.
Livan gələcək danışıqlar üçün tam atəşkəsi ilkin şərt qoyur. İsrail isə bundan imtina edir, Netanyahunun sözçüsü "Hizbullah" ilə atəşkəs olmayacağını deyib. Netanyahu indiki hərbi kampaniyanın hədəfinin "Hizbullah"ı tərksilah etmək olduğunu bildirir.
Döyüşlər aprelin 15-də davam edib. İsrailin zərbələri nəticəsində Livanın cənubunda azı 20 nəfər həlak olub. Livanın dövlət xəbər agentliyi bildirir ki, döyüşlərin yenidən başlayandan ölkədə 2 min 100-dən çox insan ölüb, 1 milyondan çox insan isə didərgin düşüb.
Bu arada ABŞ və İranın danışıqların ikinci raundunu keçirəcəyi haqda məlumatlar var. İran Pakistanın vasitəçiliyi ilə danışıqlarda irəliləyiş olduğunu, amma fikir ayrılıqlarının qaldığını bildirib.
ABŞ-nin müdafiə naziri Pit Heqset jurnalistlərə deyib ki, "Vaşinqton İranın heç vaxt nüvə silahına malik olmamasını təmin edəcək". O, Tehrana "əlinizin çatdığı razılaşmanı seçin" deyə çağırış edib.
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn isə bildirib ki, ABŞ qüvvələri istənilən an hərbi əməliyyatları bərpa etməyə hazırdır.
"Trampa xoş niyyət jesti"
Aprelin 16-da Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Parisdə təxminən 40 ölkənin iştirakıyla videokonfransa həmsədrlik edəcəklər. Məqsəd Hörmüz boğazında gəmilərin hərəkətini bərpa etməkdir. ABŞ-İsrail fevralın 28-də İrana hava kampaniyasına başlayandan Tehran boğazı faktiki bağlayıb.
İranın boğazı bağlı saxlayacağı halda, ona maliyyə sanksiyaları və tranzitin bərpası üçün atılacaq addımlar da nəzərdən keçiriləcək.
Avropa yalnız İran və ABŞ arasında sülh razılaşması əldə olunduqdan sonra hərəkətə keçəcək. Bunu AzadlıqRadiosuna Avropadan bir rəsmi deyib. Onun sözlərinə görə, Avropa İttifaqının boğazı hərbi yolla açmaq istəməməsinin əsas səbəblərindən biri donanmasında dronlarla müdafiə imkanlarının məhdud olmasıdır.
"Məsələn, sentyabrda istifadəyə veriləcək ən yeni mina axtaran gəmidə belə dronlara qarşı texnologiya yoxdur", – mənbə bildirib.
Rəsminin sözlərinə görə, bu sammit "Trampa xoş niyyət jesti" kimi nəzərdə tutulur, məqsəd iyulun 7-8-də keçiriləcək NATO-nun Ankara sammitini riskə atmamaqdır. Tramp NATO-nun İranla müharibəyə qoşulmamasından narazılığını bildirib.
ABŞ Paris sammitində iştirak etmir. Tramp bildirib ki, boğazın təhlükəsizliyini təmin etmək Vaşinqtonun məsuliyyəti deyil. O, İran limanlarına qarşı ayrıca dəniz blokadası elan edib. Böyük Britaniya buna qoşulmaqdan imtina edib.
"Bu blokadanı lazım olduğu qədər davam etdirəcəyik", – Heqset bildirib.