Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:00

ABŞ İranın cənubuna 'özünümüdafiə' zərbələri endirib

ABŞ dəniz piyadaları korpusuna məxsus "F-35C Lightning II" qırıcısı "USS Abraham Lincoln" aviadaşıyıcısının uçuş göyərtəsində
ABŞ dəniz piyadaları korpusuna məxsus "F-35C Lightning II" qırıcısı "USS Abraham Lincoln" aviadaşıyıcısının uçuş göyərtəsində

ABŞ ordusu mayın 25-də İranın cənubuna "özünümüdafiə" məqsədli zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, bu zərbələr raket buraxılış məntəqələrini və əsas gəmiçilik marşrutları yaxınlığında mina yerləşdirməyə cəhd göstərdiyi iddia edilən İran qayıqlarını hədəf alıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında vurğulanır ki, zərbələr İran qüvvələrinin yaratdığı təhdidlərdən Amerika hərbçilərini qorumağa yönəlib. Hal-hazırda tərəflər arasında gərgin atəşkəs rejimi qüvvədədir.

"ABŞ Mərkəzi Komandanlığı atəşkəs zamanı təmkin nümayiş etdirməklə yanaşı, qüvvələrimizi müdafiə edir", - CENTCOM-un sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins bildirib.

Bəyanata əsasən, ABŞ qüvvələri İranın cənubunda mina yerləşdirməyə cəhd edən qayıqlara və raket buraxılış məntəqələrinə zərbələr endirib. Zərbələrin əsasən Hörmüz boğazı yaxınlığındakı əraziləri hədəf aldığı görünür. Fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri ilə başlayan müharibədən öncə bu marşrut dünya enerji bazarı üçün əsas arteriyalardan biri idi.

Bundan əvvəl İranın xəbər agentlikləri İranın cənubundakı Bəndər-Abbas liman şəhəri və ətrafında baş verən partlayışlar barədə məlumat yayıb. İranın yarırəsmi "Mehr" agentliyi isə sonradan vəziyyətin "tam nəzarət altında" olduğunu bildirərək sakinləri narahat olmamağa çağırıb.

Marko Rubio
Marko Rubio

Zərbələrdən sonra ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında Vaşinqtonun mövqeyini müdafiə edib. O, Hörmüzün bu və ya digər şəkildə açıq qalmalı olduğunu vurğulayıb. "Orada baş verənlər qanunsuzdur, qeyri-leqaldır, dünya üçün davamlı deyil və qəbuledilməzdir", - Rubio İranın addımlarını şərh edərkən deyib.

"Dünyada İran rejimi istisna olmaqla heç bir ölkə rüsum sisteminin tərəfdarı deyil. Buna görə də bu, qəbuledilməzdir", - o əlavə edib.

Rubio bununla Tehranın Hörmüzdən keçən gəmilərdən ödəniş almaq planlarına işarə edib.

Rubio: "Bir neçə gün çəkəcək"

Son hərbi əməliyyatlar fonunda Vaşinqton və Tehran arasında qarşıdurmanı dayandırmaq məqsədilə diplomatik təmaslar davam edir. Rubio jurnalistlərə deyib ki, Tehranla razılaşma hələ də mümkündür və yaxın vaxtlarda əldə oluna bilər: "Məncə, ilkin sənəddəki konkret ifadələrlə bağlı çoxlu qarşılıqlı müzakirələr gedir, buna görə də bir neçə gün çəkəcək".

ABŞ prezidenti Donald Tramp həftəsonu bildirib ki, danışıqlarda mümkün razılaşmanın son detalları müzakirə olunur. İran rəsmiləri isə bəzi məsələlər üzrə ilkin çərçivənin əldə olunduğunu, lakin yekun sazişin yaxın olmadığını deyiblər. Tərəflər ciddi fikir ayrılıqlarının qaldığını da etiraf edib.

Tramp mayın 25-də bəyan edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı ya ABŞ-yə təhvil verilməli, ya da yerində məhv edilməlidir. O, "Truth Social" platformasında yazıb ki, uran materialının məhv edilməsi və ya ötürülməsinə ABŞ Atom Enerjisi Komissiyası nəzarət etməlidir.

İran isə uran zənginləşdirməyi dayandırmağa razılaşması barədə xəbərləri təkzib edib. Yüksək vəzifəli iranlı diplomat bu iddiaları "tam uydurma" adlandırıb. İran Xarici İşlər Nazirliyi isə bəyan edib ki, danışıqlarda müəyyən nəticələr əldə olunsa da, "bu, yekun razılaşmaya yaxın olduğumuz anlamına gəlmir".

Aprelin 8-dən bəri ABŞ və İran arasında kövrək atəşkəs qüvvədə olsa da, Körfəz bölgəsində ara-sıra insidentlər davam edir.

XS
SM
MD
LG