Keçid linkləri

2026, 20 Fevral, Cümə, Bakı vaxtı 02:50

ABŞ-İran böhranında '50/50' ehtimalı – ekspertlər

Ərəbistan dənizində "F/A-18F Super Hornet" qırıcı təyyarəsi "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə eniş edir.
Ərəbistan dənizində "F/A-18F Super Hornet" qırıcı təyyarəsi "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə eniş edir.

ABŞ-İran böhranı indi dönüş nöqtəsindədir, sülh, ya müharibə ehtimalı 50/50-dir. Vaşinqtonun aparıcı ekspertləri bu fikirdədir.

Fevralın 17-də Cenevrə danışıqlarında dönüş baş verməyib. Ağ ev məhdud irəliləyişə baxmayaraq, tərəflərin bir-birindən çox uzaq olduğunu bildirib. Mətbuat katibi Kerolayn Livitt jurnalistlərə deyib ki, İranın növbəti bir neçə həftə ərzində daha detallı təkliflə qayıdacağını gözləyirlər.

Tehran həm Cenevrə görüşündən öncə, həm də fevralın 19-da Hörmüz boğazında təlimlər keçirir.

Pentaqon isə F/A-18 və F-35 qırıcılarının yerləşdiyi "USS Abraham Lincoln" təyyarədaşıyanını İran yaxınlığına göndərib.

Ekspertlər bərabər ehtimallardan danışırlar

Fevralın 18-də ABŞ-nin dörd keçmiş rəsmisi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edib. Yaxın Şərq üzrə təcrübəli rəsmilər durumu açıq və birbaşa qiymətləndirir. Bu haqda AzadlıqRadiosunun Vaşinqtonda aparıcı jurnalisti Aleks Raufoğlu yazır.

ABŞ-nin Suriya üzrə keçmiş xüsusi elçisi, 2023-2025-ci illərdə Səudiyyə Ərəbistanında səfir olmuş Maykl Ratni bərabər perspektivdən danışır.

Regionun müharibəyə, yoxsa sülhə doğru getdiyi barədə suala o, "fikrimcə, 50-nin 50-yədir", –cavabını verib.

Ratni deyir ki, hər hansı razılaşma hərtərəfli nüvə sazişinə bənzəməyə bilər, çərçivə sənədi, bəyanat və ya etimadın möhkəmləndirilməsi prosesi ola bilər. Bu isə ABŞ prezidenti Donald Trampa əsas məsələlər həll olunmasa belə, sabitlik yaratdığını iddia etməyə imkan verər.

Danışıqlar nəticə versə belə, mövcud etimadsızlıq şəraitində hərtərəfli razılaşma ehtimalı azdır. Bunu isə ABŞ Maliyyə Nazirliyində Yaxın Şərq üzrə sanksiya siyasəti üzərində çalışmış Cozef Farsax bildirib. Onun sözlərinə görə, daha real variant bəzi mübahisəli məsələləri təxirə salmaq, sanksiyaların məhdud yüngülləşdirilməsini nəzərdə tutan qismən razılaşmadır.

İran dünya üçün kritik boğazda təlimlərə başladı
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Belə bir razılaşma İranın neft ixracını əhəmiyyətli artıra bilər. Gündəlik hasilat təxminən 2.5 milyon barelə çatdırıla, qlobal bazarlara ildə 50-90 milyard dollarlıq neft çıxarıla bilər.

"Ən yaxşı ssenari" halında isə sabitliyin artması sülh dividendi yarada, xarici investisiyaları, daha böyük regional inteqrasiyanı təşviq edə bilər.

Farsax xəbərdarlıq edib ki, İran xam neftinin sürətli axını dünyada neftin qiymətlərini sala bilər. Digər yandan, təhlilçi razılaşma olsa belə, gələcəkdə ABŞ-nin, ola bilsin, İsrailin zərbələri riskinin tam aradan qalxacağından əmin deyil.

Dövlət Departamentinin keçmiş aparıcı müşaviri Vəli Nəsr də indiki durumda bərabər ehtimaldan danışır. Onun fikrincə, böyük risklər səbəbindən nə Vaşinqton, nə də Tehran qarışıq müharibə istəyir. Bu ortaq hiss tərəfləri uçurumun kənarından çəkə bilər.

Nəsr Trampın şəxsi siyasi hesablamalarını da həlledici sayır. Bu halda ənənəvi xarici siyasət təhlili daha az proqnozlaşdırıcı ola bilər.

Təhlilçi bildirir ki, hazırda eyni vaxtda bir neçə qlobal böhran baş verir, digərlərinin necə inkişaf edəcəyi İranla bağlı qərarların qəbuluna sürətlə təsir göstərə bilər.

Səhv ehtimalı

Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə keçmiş müavini Syuzen Ziade xəbərdarlıq edib ki, regiona hərbi qüvvə cəmlənməsi özü-özlüyündə dinamika yaradır. Bu qədər dəniz və hava qüvvəsi yerləşdirildikdən sonra geri çəkilmək asan olmaya bilər, - o deyir.

Hərbi gəmilər İran sularına yaxın yerləşdirilib, təlimlərdə raketlər atılır, hər iki tərəfin liderləri sərt xəbərdarlıqlar edir. Bütün bunların fonunda yanlış addıma yer qalmır.

Cenevrə danışıqlarından öncəki raund fevralın 6-da Omanda keçirilib. Eskalasiya qorxusu regional aktorları prosesə cəlb edib.

Ziade İsrailin əsas amil olduğunu, İsrail liderlərinin fərqli strateji hesablamalara uyğun hərəkət edə biləcəyini vurğulayır.

ABŞ dövlət katibi Marko Rubio fevralın 28-də baş nazir Benyamin Netanyahu ilə görüşmək üçün İsrailə səfər edəcək. Xəbəri ABŞ mediası yayıb.

XS
SM
MD
LG