Prezident İlham Əliyev iyunun 1-də ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əliyev ABŞ prezidenti Donald Trampın Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlamasını məmnunluqla vurğulayaraq Vaşinqtonun bu addımının yüksək qiymətləndirildiyini bildirib.
Son dövrlərdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini diqqətə çatdırıb.
İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi işə başlayıb. Tədbirin rəsmi açılış mərasimində D.Trampın təbrik məktubu oxunub. Ağ ev rəhbəri məktubunda Birləşmiş Ştatların Azərbaycanın neft-qaz sənayesinin ən böyük tərəfdarlarından biri olduğunu vurğulayıb: "Mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaq".
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
İyunun 2-də Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentidir. Dialoq ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun keçirilməlidir. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyi məlumat yayıb.
Tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir. Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.
Bu il fevralın 10-da "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və ABŞ vitse-prezidenti Ceyms Devid Vens imzalayıb. Orada iki ölkənin kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaq istiqamətində əməkdaşlıq etmək niyyəti ifadə olunub. Həmçinin iqtisadi sərmayələr, o cümlədən süni intellekt (AI) və rəqəmsal infrastrukturdan bəhs edilir. Sənəddə daha sonra təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri yer alır.
Xatırlatma
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdı. Xartiya həmin işçi qrupun görüş və müzakirələri nəticəsində ərsəyə gəlib.
Ötən ilin avqustunda Vaşinqtonda habelə prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birlərinin ərazi bütövlüyünü tanıdıqları, qarşılıqlı iddiaları dayandırmaları bəyan edilib. Orada habelə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə də bağlı razılıq əldə edilib. TRIPP Ermənistandan keçməklə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir.