Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 21:11

Rubio mayın 26-da Ermənistana səfər edəcək

Ararat Mirzoyan və Marko Rubio
Ararat Mirzoyan və Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək. Xəbəri AzadlıqRadiosunun erməni xidməti Ermənistan Xarici İşlər Nazirliyinə istinadla yayıb.

M.Rubio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşəcək, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər.

İkitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Daha sonra A.Mirzoyanın media nümayəndələri üçün mətbuat konfransı keçirəcəyi gözlənilir.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Orada "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə də bağlı razılıq əldə edilib.

Baş nazir Nikol Paşinyan mayın 24-də TRIPP-in tikintisinə tezliklə başlanılacağını açıqlayıb.

"Yaxın gələcəkdə ABŞ ilə TRIPP layihəsi ilə bağlı yekun razılaşmanı imzalayacağıq, həmin razılaşmanı həyata keçirəcəyik və nəticədə Ermənistan Respublikası nəzəri olaraq deyil, hərfi mənada sülhün kəsişməsinə çevriləcək", – Paşinyan bildirib.

Vens Paşinyana dəstək vermişdi

Bu ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana və Azərbaycana səfər etmişdi. Bakıda Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalanmışdı.

Yerevanda isə o, baş naziri tərifləmiş, 7 iyun parlament seçkilərində ona dəstək bildirmişdi.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu ayın əvvəlində Rusiyanı parlament seçkiləri vasitəsilə Paşinyan hökumətini devirməyə çalışmaqda ittiham edib. Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin Yerevanı parlament seçkilərində "rusiyayönümlü" adlandırdığı müxalif qüvvələrin iştirakına mane olmamaq barədə xəbərdarlıq edib. O, Ermənistan hökumətinin Avropa İttifaqına yaxınlaşmasının ölkə üçün ağır iqtisadi nəticələr doğura biləcəyinə eyham vurub.

Seçkilərdə iştirak edən üç müxalif blokun başında rusiyalı erməni milyarder Samvel Karapetyan, Rusiyaya yaxın sayılan keçmiş prezident Robert Koçaryan və digər nüfuzlu işadamı Qaqik Tsarukyan dayanır. Paşinyanın siyasi müttəfiqləri onları "Rusiyanın agentləri" adlandırırlar.

Ermənistanda seçki kampaniyası həbslərlə müşayiət olunur. Bəzi müxalifətçilər səs satınalma ittihamı ilə həbs olunur. Müxalifət qüvvələri ittihamları siyasi motivli sayır.

XS
SM
MD
LG