Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:05

Abbas Hüseynin aclıq aksiyası keçirdiyi bildirilir


A.Hüseyn

Nardaran hadisələrinə görə həbs olunan Abbas Hüseynin saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna A.Hüseynin yaxınları məlumat verib.

Məlumata görə, A.Hüseyn məhbuslara evdən ərzaq sovqatının qadağan edilməsinə etiraz olaraq artıq bir həftədir aclıq aksiyasını başlayıb: "Cəzaçəkmə müəssisələrinə evdən sovqatı qadağan edilməsi koronavirusla bağlı tədbirlərlə izah edilir. Müəssisələrdə verilən yemək keyfiyyətsiz olur. Cəzaçəkmə müəssisələrindəki mağazalarda satılan ərzaqlar isə çox bahadır və bir çox məhbusun oradan alış-veriş etməyə maddi imkanı çatmır. Dustaqlar da narazılıq edir ki, müəssisə daxilində mağazalara kənardan ərzaq buraxılır, amma evlərdən sovqat qəbul edilmir".

A.Hüseynin yaxınları əlavə edib ki, o, aclıq aksiyasına görə karsa (cərimə kamerası) salınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə "Turan" agentliyinə bu məlumatı təkzib edib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində heç bir məhbus aclıq aksiyasını keçirmir.

M.Sadıqov cəzaçəkmə müəssisələrinin daxilindəki mağazalarda qiymətlərin baha olması haqqında deyilənləri də təkzib edib: "Həmin mağazalarda ödəniş nağdsız şəkildə həyata keçirilir. Yəni, hər məhbus mağazadan istənilən ərzağı alarkən onun hesabından pul silinir. Cəzaçəkmə müəssisələrindəki mağazalarda qiymətlər tənzimlənir və heç bir bahaçılıqdan söhbət gedə bilməz".

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində artıq mart ayının əvvəlindən koronavirus pandemiyası ilə bağlı sovqat qəbul edilmir. Habelə, məhbuslara yaxınları ilə görüş verilmir.

Xatırlatma

A.Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. (İdarədə saxlanan olub. "Müsəlman Birliyi" Hərəkatının üzvləri idarənin qarşısına toplaşıb. Orada gərginlik yaşanıb, yeni saxlananlar olub). Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseyn birinci qrupda "Müsəlman Birliyi" Hərəkatının sədri T.Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseynin hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Multimedia

XS
SM
MD
LG