Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

ABŞ Konqresi Erdoğanın şəxsi sərvətini hədəfləyir


Prezident Recep Tayyip Erdo]an və Türkiyənin birinci ledisi Emine Erdoğan
Prezident Recep Tayyip Erdo]an və Türkiyənin birinci ledisi Emine Erdoğan

Oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası Türkiyənin Suriyaya hücumu ilə bağlı Ankaraya üzərinə sanksiyalara dair qanun layihəsini və 1915-ci ildə Osmanlı Türkiyəsində erməni ölümlərini soyqırım kimi tanıyan qətnaməni qəbil edib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ Nümayəndələr Palatası “Türkiyə iqtisadiyyatını iflic edəcək” və “şəxsən prezident Recep Tayyip Erdoğanı cəzalandıracaq”, onun və ailəsinin maliyyəsini hədəfləyəcək sanksiyaların qəbulunu səsə qoyacaq.

USA Today qəzeti yazır ki, hər iki partiyadan olan millət vəkilləri Erdoğanı Türkiyənin Suriyadakı müttəfiqi olan kürd qüvvələrinin üzərinə hücumuna görə cəzalandırmağa hazırdırlar.

Nümayəndələr Palatasının spikeri Nancy Pelosi bu sanksiyaları ehtiva edən qanun layihəsinin səsə qoyulması prosedurunu sürətləndirib.

Bundan əvvəl prezident Donald Trump, Türkiyə Suriyanın şimalındakı hücum əməliyyatını dayandırmağa razılıq verdikdən sonra Ankaranın üzərindəki bütün sanksiyaların qaldırıldığını bəyan etmişdi.

Donald Trump (solda) və Recep Tayyip Erdoğan
Donald Trump (solda) və Recep Tayyip Erdoğan

Qəzet yazır ki, yeni sanksiyalar ABŞ-ın və başqa ölkələrin Türkiyəyə silah satışına qadağan qoyulmasını, Türkiyənin dövlət bankı Halkbankın qara siyahıya salınmasını tələb edir.

Bununla yanaşı Nümayəndələr Palatası Dövlət Departamentindən Erdoğanın və onun ailə üzvlərinin şəxsi sərvəti və gəliri barədə detallı məlumatın verilməsini tələb edəcək.

Cüt şapalaq

Vaşinqtonda mənzillənmiş Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində Türkiyə layihəsinin direktoru Bülent Aliriza deyib ki, “soyqırımın” tanınması və sanksiyalar Türkiyə üçün “cüt şapalaq” effekti verəcək.

USA Today yazır ki, Nümayəndələr Palatası və Senatdan keçdikdən sonra bu sanksiyalar Türkiyənin onsuz da kövrək iqtisadiyyatını lərzəyə gətirə bilər.

Ekspertlər deyirlər ki, Erdoğanın sərvətini hədəfləyən sanksiyalara isə Ankaranın reaksiyası daha sərt olacaq.

İstər Nümayəndələr Palatasının, istərsə də Senatın qanun layihələri Dövlət Departamentinin və ABŞ Xəzinədarlığının, kəşfiyyat orqanlarının Erdoğan ailəsinə aid aktivlər, investisiyalar, biznes maraqları və gəlirlər haqqında məlumatların verilməsini tələb edəcək.

Senator Chris Van Hollen
Senator Chris Van Hollen

USA Today yazır ki, bu materiallarda Erdoğanın arvadına, övladlarına və başqa qohumlarına aid maliyyə məlumatları olmalıdır.

Türkiyə parlamentinin keçmiş üzvü, hazırda isə Vaşinqtondakı Demokratiyaların Müdafiəsi Fondunun eksperti Aykan Erdemir deyib:

"Erdoğan siyasət aləminə gələndə pulsuzun biriydi, amma indi var-dövləti başından aşır. O Türkiyədə bütün medianı susdurub. Bir kimsənin onu faş etməyə cürəti çatmaz. Amma bunun Konqresdən gəlməsi onun üçün çox ağrılı olacaq”.

Türkiyə və Erdoğana aid qətnamə və qanun layihələrini respublikaçı senator Lindsey Graham-la birlikdə Senata təqdim etmiş demokrat senator Chris Van Hollen də deyib ki, Konqresin sanksiyalarının yanında prezidentin qoyduğu sanksiyalar sadəcə “çimdiyə” bənzəyəcək.

Putinlə bahalı dostluq

Van Hollen və başqaları deyirlər ki, ABŞ və Türkiyə ictimaiyyəti Erdoğan və ailəsinin xarici investisiyalarının harada olmasını bilməlidir.

Onun sözlərinə görə, bu, Erdoğanın xarici siyasət meyllərinin, xüsusilə onun Rusiya prezidenti Vladimir Putinlə getdikcə artan dostluğunun səbəblərini də izah edə bilərdi.

Putin (solda) və Erdoğan dondurma yeyərkən
Putin (solda) və Erdoğan dondurma yeyərkən

Bülent Aliriza isə deyir ki, Konqres Halkbanka sanksiyalar qoysa, bu çox “böyük məsələ” olacaq.

Onun sözlərinə görə, bu halda Türkiyənin Suriyaya müdaxiləsi ABŞ-da açılmış cinayət işinə bağlanacaq və Türkiyə iqtisadiyyatına çox ağır zərbə dəyəcək.

USA Today yazır ki, qanun layihəsinin hər iki partiyanın dəstəyi ilə Nümayəndələr Palatasından keçəcəyi şübhə doğurmur, lakin sənəd Senatda ciddi əngəllərlə üzləşə bilər.

Bu barədə Senatdakı respublikaçı çoxluğun lideri Mitch McConnell deyib:

“Biz NATO müttəfiqinin üzərinə sanksiyalar qoyarkən son dərəcə ehtiyatlı olmalıyıq”.

McConnell əlavə edib ki, belə tədbirlərin Türkiyə daxilində Erdoğanı zəif salacağı və ya əksinə gücləndirəcəyi bəlli deyil.

Senatorun fikrincə, Türkiyəyə qarşı sanksiyalar Amerika şirkətlərinin və ABŞ-a müttəqfiq ölkələrin Türkiyə ilə sıx bağlı maraqlarına ziyan vura bilər.

Lakin Van Hollen bu qənaətdədir ki, Nümayəndələr Palatasının təzyiqi McConnell-in mövqeyinin dəyişməsinə təsir göstərə biləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG