Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 05:59

Türkiyə Rusiyadan niyə çəkinir – Qərb mediası


Vladimir Putin (sağda) və Recep Tayyip Erdogan

Türkiyə və Rusiya dost kimi görünməyə çalışsalar da, əslində, belə deyil. “The Hill” portalında Soner Cagaptay və Andy Taylor Birləşmiş Ştatlarla Türkiyənin 70 illik alyansının ən çətin dövrə qədəm qoyduğunu yazırlar. Konqres Ankaranı Rusiyadan S-400 raket sistemi almağa görə cəzalandırmaq üçün sanksiya layihəsinə səs verib. Konqresmenlər Türkiyənin Rusiyaya yaxınlaşdığını düşünürlər. Ancaq müəlliflər bu durumun Ankara-Moskva münasibətlərini daha da dərinləşdirəcəyini yazırlar.

“Türkiyə və Rusiya prezidentlərinin tez-tez görüşməsi, Türkiyənin Rusiyayla müdafiə bağlarını gücləndirməsi belə təəssürat yaradır ki, Ankara Moskvanın müttəfiqinə çevrilir. Ancaq həqiqət ondadır ki, Ankara şimaldakı nəhəng qonşusunda çəkinir”, – müəlliflər yazırlar və ABŞ-ın rəhbərlik etdiyi F-35 proqramından çıxmaq təhlükəsinə, potensial iqtisadi sanksiyalara rəğmən Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın Rusiyanın təklifini sona çatdıracağını vurğulaırlar. Çünki Moskvanın Ankara üzərində təzyiq rıçaqları böyükdür.

S-400 sistemi
S-400 sistemi

Suriyada Erdogan Moskvanın dəstəklədiyi Assad rejimi ilə savaşan üsyançıların arxasında durur. Ancaq Rusiya üsyançıların əlində olan İdlib vilayətinə hücum təşkil edərsə, 3 milyon adamın yaşadığı bu ərazidən Türkiyəyə nəhəng qaçqın axını başlar. Cihadçıların axını isə təhlükəsizliyi hədələmiş olar.

Yaxud Moskva Suriyadakı kürd qruplaşmalarını Türkiyəyə qarşı zorakılıq kampaniyasına təhrik edə bilər. Ən əsası, Rusiya lideri Vladimir Putin Türkiyəyə turist axınını dayandıra, bu ölkədən kənd təsərrüfatı məhsullarının idxalını bloklaya bilər. 2015-ci ildə Suriyayla sərhəddə Rusiya qırıcısı vurulanda Moskva Ankaraya qarşı bu tədbirlərə əl atmışdı.

Putin Türkiyəyə enerji təchizatını kəsməklə də hədələyə bilər. “Beləliklə, Türkiyəylə Rusiya müttəfiq, yaxud dost deyillər. Erdogan-ın təhlükəsizlik sarıdan narahatlığı, Qərbə inamsızlığı, Amerika istehsalı olan raketləri əldə edə bilməməsi onu alternativ axtarmağa sövq etdi. Erdogan Rusiyanın intiqamından çəkindiyi üçün Putinin hiyləgər S-400 təklifindən imtina edən deyil. Sonucda, bunun ABŞ-Türkiyə münasibətləri üçün fəsadları ağır olacaq”, – məqalədə deyilir.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

Çin Honq Konqu diz çökdürə biləcəkmi

Çinin lideri, görünür, o qədər də güclü deyilmiş. “The Associated Press” agentliyinin əməkdaşı Ken Moritsugu yazır ki, Honq Konqda son nümayişlərdən sonra ekstradisiya qanununun ertələnməsi buna sübutdur. Üstəlik, yarımmuxtar şəhərin idarəçiliyindəki “bir ölkə, iki sistem” prinsipində də fundamental ziddiyyət ortaya çıxdı.

Çin Prezidenti Xi Jinping 2012-ci ildən hakimiyyətdədir. Hökuməti informasiyaya, dinə, cəmiyyətin digər aspektlərinə nəzarəti genişləndirib. Honq Konqda isə yerli hökumət müstəqillik tərəfdarı olan partiyanın qeydiyyatını ləğv edib, 2014-cü il etirazlarının liderlərini həbsxanaya salıb və sairə.

Fəallar bu addımları azadlıqlardan uzaqlaşmaq adlandırsalar da, əhali gündəlik həyata davam edirdi. O zaman hökumət Çinin dəstəyilə bir az da dərinə getdi və sonucda yüzminlər, ola bilsin, milyonlar küçələrə çıxdı. Honq Konqda 7,4 milyon əhali yaşayır.

Çin üzrə ekspert Kevin Carrico-nun fikrincə, son etirazlar Xi-nin Honq Konqla bağlı sərt-xətt yanaşmasının iflasını ortaya qoyur. Bu artıq etirazçıların tələblərinə cavab vermək, yaxud onları etiraf etməkdən kənara çıxır. Sözügedən tendensiya 2014-cü ilin “Çətir hərəkatı” etirazları ilə birlikdə başlamışdı. Ancaq müəllif Çinin heç də Honq Konqa nəzarəti əldən verməyəcəyini vurğulayır.

Tehranda nümayişçi, 15 iyun, 2009-cu il
Tehranda nümayişçi, 15 iyun, 2009-cu il

ABŞ-ın siyasəti İran rejimini “gücləndirir”

On il öncə Yaşıllar Hərəkatı təkcə İran rejiminə deyil, Vaşinqtonun Yaxın Şərq siyasətinə belə meydan oxuyurdu. İndi isə ABŞ Prezidenti Donald Trump-ın siyasəti nəticəsində İranda sərt xətt tərəfdarları güclənib, islahatçılar daha da küncə sıxışdırılıb. “Deutsche Welle”nin saytında Shamil Shams bu haqda yazır.

2009-cu ilin prezident seçkisini islahatçılar saxta elan etdilər və etirazçılar küçələrə çıxdılar. Kütləvi etirazlar ovaxtkı Prezident Mahmoud Ahmadinejad-a qarşı yönəlsə də ölkəni idarə edən şiə ruhanilər bunun daha böyük ictimai-siyasi üsyanın başlanğıcı olduğunu hiss edirdilər.

Rejim Yaşıllar Hərəkatına qarşı qəddarlıqla davrandı, prezidentliyə islahatçı namizədlər Mir Hossein MousaviMehdi Karroubi-ni həbs etdi. Ancaq bu həbslər belə milyonlarla iranlının küçələrə çıxaraq təhlükəsizlik qüvvələrinə meydan oxumasını, rejimə qarşı şüarlar səsləndirməsini önləyə bilmədi. Rejim isə onlarla adamı öldürdü, şou məhkəmələr təşkil elədi, liderləri təqib etdi. Mousavi və Karroubi hələ də ev dustaqlığındadır.

Müəllif on ildən sonra İran rejiminin əvvəlkindən daha güclü olduğunu yazır. ABŞ-İran qarşıdurması isə rejimi və onun lideri Ali Khamenei-ni daha da gücləndirir. “Donald Trump ABŞ prezidenti seçilməzdən öncə İranın mötədil prezidenti Hassan Rouhani İranı beynəlxalq ictimaiyyətə yaxınlaşdıra bilmişdi, ancaq indi o, artıq sükan arxasında deyil”, – müəllif yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG