Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:52

«NATO Cənubi Qafqazda təhlükəsizliyin təminatına öz töhfəsini vermir»


«Bəzən vəziyyət dəyişiklik tələb edə bilər»
«Bəzən vəziyyət dəyişiklik tələb edə bilər»

Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:


- Araz müəllim, Azərbaycanla NATO-nun əlaqələri indi hansı səviyyədədi? NATO artıq bildirib ki, Gürcüstan və Ukraynanı öz sıralarına qəbul edəcək. Amma Azərbaycan bəzi ekspertlərin dediyi kimi «sinifdə qalır», əməkdaşlığı çox sıxlaşdırmır və sabit bir səviyyədə saxlayır. Ekspertlər bu məsələdə əsas arqument kimi belə bir fikir səsləndirirlər ki, Azərbaycan NATO-ya üzv olsa, təşkilat Bakıdan demokratiyanın inkişafı və sair sahələrdə islahat tələb edəcək. Buna görə də Azərbaycan bunu etmək istəmir. Bu arqumenti nə dərəcədə əsaslı sayırsınız?


- Azərbaycan qəzetlərində çox şey oxuya bilərsiz. Yəqin o yazılara istinad etmirsiz...


- Amma bu fikri kifayət qədər ciddi ekspertlər də səsləndirirlər…


- Həmin ekspertləri biz də tanıyırıq, amma özümüzü də ekspert hesab etməyə əsasımız var. Əvvəla, Azərbaycan NATO ilə əlaqələrinin inkişaf etməsində kiminsə apardığı siyasətə uyğunluq baxımından, yaxud kiminsə mövqeyindən asılı olaraq addım atmır. Azərbaycan bu əməkdaşlığın inkişafına yalnız öz milli maraqları baxımından yanaşır. Bu əməkdaşlıq 1994-cü ildə - Sülh Naminə tərəfdaşlıq çərçivəsində başlayıb. Düzdür, bundan qabaq – 1992-ci ildən başlayaraq Şimali Atlantika Əməkdaşlıq Şurası çərçivəsində əlaqələr qurulmuşdu, amma 1994-cü ildən başlayaraq NATO yeni ölkələrlə əlaqələr qurmaq üçün Sülh Naminə tərəfdaşlıq proqramına başladı. Bunun əsas təşəbbüskarı Amerikanın o vaxtkı prezidenti Bill Klinton idi. Azərbaycan bu proqrama qoşulan ölkələrin ön cərgələrində oldu. Proqram yanvarda təsdiq edildi və mayın 4-də Azərbaycan prezidenti Heydər Əliyev Brüsselə səfər edib NATO-nun Baş qərargahında həmin sənədi imzaladı. Ondan sonrakı illərdə də Azərbaycan həmişə ön cərgələrdə oldu. Hətta NATO çərçivəsində tətbiq edilən bir sıra modellərin müəllifi Azərbaycan olub. Cənubi Qafqaz ölkələri arasında Kosovoya sülhməramlı göndərən ilk dövlət də Azərbaycan olub. Belə misalları artırmaq da olar. İndinin özündə də Azərbaycan NATO ilə əməkdaşlığı zəiflətməyib. Lakin bəzən vəziyyət dəyişiklik tələb edə bilər. Məsələn, Kosovoda yaranan yeni situasiya ilə bağlı Azərbaycan öz sülhməramlılarını oradan çıxartdı. Amma bununla yanaşı Əfqanıstandakı kontingentinin sayını 100 nəfərə çatdırıb. Beləliklə, Azərbaycan avroatlantika məkanında təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələri artırmaqdadı. Bunu həmin təhlilçilər nəzərə alırmı?


- Amma Azərbaycan qonşu Gürcüstandan geri qalır...


- Düzdür, Azərbaycan Gürcüstandan fərqli olaraq NATO-ya qəbul olmaq bəyanatını indiyəcən verməyib. Lakin Azərbaycan hələ 1994-cü ildə prezident səviyyəsində səsləndirilmiş bəyanatda bildirib ki, NATO ilə əməkdaşlığı çox yüksək səviyyəyə qaldırmaqla avroatlantika strukturlarında tutduğu mövqeyi inkişaf etdirmək və inteqrasiyanın yeni mərhələlərinə çıxmaq niyyətindədi. Başqa bir tərəfdən NATO da Cənubi Qafqaz regionunda olan problemlərin həllində iştirak etmir və təhlükəsizliyin təminatında öz töhfəsini vermir. Orada davam edən proseslərə mövqeyini yalnız gözləmə nöqteyi-nəzərindən ifadə edir. Bu da nəzərə alınmalıdı. Bu proseslər ikitərəfli olmalıdı, qarşılıqlı səciyyə daşımalıdı.


- Əvəz-əvəz?


- Yəni əgər mən sizə yaxın olmaq istəsəm, siz istəməsəz, əlaqələrimiz inkişaf edərmi? Yox. Bəlkə də «əvəz-əvəz» sözündə hansısa başqa bir çalar var. Amma qarşılıqlı maraqlar bütün beynəlxalq praktikada hökm sürən bir prinsipdi. Yeri gəlmişkən, onu da deyim ki, NATO çərçivəsində təhlükəsizliyin təminatı da qarşılıqlı həyata keçirilir – bütün üzv dövlətlər bir-birinin dayağı olmalıdı.


- Araz müəllim, beynəlxalq təşkilatların Azərbaycandakı seçkilər haqda rəyləri adətən Gürcüstan və Ermənistandakı seçkilərə verilən qiymətdən daha sərt olur. İndi prezident seçkisi ərəfəsində bəzi beynəlxalq qurumlar bildirirlər ki, Azərbaycanda mediaya təzyiqlər var. Bunlar Azərbaycanın beynəlxalq imicinə mənfi təsir etmir ki?


- Azərbaycanın beynəlxalq imicini yaxşılaşdıran kifayət qədər faktorlar var ki, hansısa səsləndirilən fikirlər buna təsir göstərə bilməz. Bütövlükdə Bakının istəyi odur ki, seçkilər standartlara uyğun keçirilsin və müvafiq beynəlxalq rəy formalaşsın. Amma sonda bu məsələ həlledici rol oynamır. Sonda Azərbaycan xalqı öz seçimini edir. Nə seçim edəcək, o da olacaqdır. O seçim Azərbaycanın seçimidi, beynəlxalq ictimaiyyət nəyi desə, o qədər də əhəmiyyətli olmayacaq. Biz hərdən bu məsələdə bir tərəfin dediyini çox şişirdirik, deyirik ki, vay, bunlar sonra nə deyəcəklər. Halbuki məsələ bunda deyil, öz seçimini edən, öz istədiyinə nail olan xalqdadı. Azərbaycan isə özünə kifayət qədər arxayın olan bir dövlət kimi inkişaf edir, inkişafını öz resurslarına arxalanaraq həyata keçirir. Başqa bir tərəfdən bu təşkilatların rəyi formalaşdırılarkən – mən bir neçə il bu məsələlərlə məşğul olmuşam, həmin rəylərin hazırlanması, mətbəxi ilə tanışam – ingilis dilinin çox geniş imkanlarından istifadə olunur. Deyilə bilər ki, stəkan ya yarıdoludu, ya da yarıboş. Deyilə bilər ki, seçkilər standartlara uyğun deyil, yaxud standartlara çatmasına az qalıb. Yadımdadı, yaxın keçmişdə qonşu ölkələrdəki seçkilərlə bağlı əvvəl bir ifadə deyilirdi, sonra bir ayrı ifadə işlədilirdi. O da siyasi təzyiqlərdən sonra baş verirdi. Məsələn, ekspertlər rəy veriblər ki, seçki standartlara uyğun deyil, bu, kiminsə xoşuna gəlməyib, hansısa dövlətlər öz siyasi maraqlarına uyğun həmin rəyi dəyişdiriblər. Bu formada həmin mətbəxdə çox şeylər var. Ona görə də belə rəylərə, əstəğfürullah, Allahın kəlamı kimi yanaşmaq olmaz. Bu, kiminsə siyasi, taktiki maraqlarından irəli gələ bilər. Yəni Azərbaycan regionda və regiondan kənarda nə qədər güclü olacaqsa, ona təsir etmək istəkləri bir o qədər çox olacaq. Bu da həyatın bir imperativi, məntiqidi. Biz beynəlxalq rəylərə nə qədər çox fikir versək, həmin rəylərin əhəmiyyətini də şişirdəcəklər və təsir etməyə çalışacaqlar. Mən çox istərdim ki, Azərbaycandakı bu seçkilər beynəlxalq cəmiyyətdə standartlara uyğun keçirilmiş kimi qəbul edilsin. Bu, Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcək.


- Amma çatışmazlıqlar haqda deyilənləri heç olmasa qəbul edirsinizmi?


- Bu, bilavasitə mənim sahəm deyil, ona görə də bir vətəndaş kimi fikrimi deyə bilərəm. Bütün çatışmazlıqlara daim baxılır, onlar beynəlxalq təşkilatlarla müzakirə edilir. Həm hakimiyyət daxilində, həm Venesiya Komissiyası çərçivəsində müzakirələr aparılır. İrəli sürülən hansısa təkliflər qəbul edilir, hansılarısa qəbul edilmir. Çünki hər bir ölkənin öz milli xüsusiyyətləri, maraqları var.


Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG