Murad Sadəddinov deyir ki, beynəlxalq təşkilatların nümayəndələrinin sözlərinin kəsərdən düşməsini artıq çoxları hiss edir. Hüquq müdafiəçisi bunu «Gün səhər»ə müsahibəsində bildirib.
Məsələ ondadır ki, hətta ötən 8 ildə belə hakimiyyət birdən-birə mətbuatın üzərinə bu qədər gəlməmişdi. İndi baş verən təzyiqlərin biri səngiməmiş, növbətisi baş verir. Qəzetçilər artıq hər gün neqativ xəbərlərlə rastlaşacaqlarına inanırlar. Murad Sadəddinov deyir ki, əvvəlki dövrlə indikini müqayisə etmək lazımdır: «Təbii ki, bir neçə il əvvəl hakimiyyətin indiki imkanları yox idi. Əvvəl çalışırdılar ki, başqa dövlətlərin də rəyləri nəzərə alınsın, müxtəlif manevrlər də edirdilər. Ona görə də bir çox beynəlxalq təşkilatların tövsiyələrinə əməl olunurdu. Amma hakimiyyətin maliyyə imkanları genişləndikcə, gücləndikcə bir çox beynəlxalq təşkilatların rəylərindən narahat olmamağa başladılar».
Hüquq müdafiəçisinin sözlərinə görə, bu gün neft hesabına güclü olan dövlət sabah neft bitəndə nə edəcəyini bilməlidir. Sadəddinov deyir ki, dövlətin əsas gücü insan potensialındadır ki, bu potensial da yalnız demokratik dövlətdə inkişaf edir: «Bu baxımdan, biz gələcəkdə ciddi problemlərlə rastlaşa bilərik. Çıxış yolu demokratiyanı inkişaf etdirməkdir».
«Ekspress» Azərbaycanda yaşayan qaraçılarla bağlı araşdırma dərc edib. Respublikada hazırda onların sayının 14 minə yaxınlaşdığı bildirilir.
Bakı Baş Polis İdarəsindən qəzetə verilən məlumata görə, ölkə paytaxtında dilənçiliklə məşğul olan qaraçılara qarşı mütəmadi reydlər keçirilsə də, bu aksiyaların effektiv qısamüddətli olur.
«Hər il Bakıda təxminən 2 minə yaxın dilənçi tutulur. Araşdırma aparanda bəlli olur ki, onların 90%-i Ağdaş, Yevlax, Qax və digər rayonlarda yaşayan qaraçılardır. Onları daimi yaşayış yerlərinə yollasaq da, az sonra yenidən Bakıya dönüb dilənçiliklə məşğul olurlar».
Etnoloq Mübariz Səlimovun dediyinə görə, Azərbaycandakı qaraçılar 1963-1965-ci illərdə Qazaxıstandan köçüb gələnlərdir. Onlar ilk vaxtlar Yevlax rayonunda kompakt məskunlaşsalar da, sonradan Azərbaycanın digər bölgələrinə yayılıblar. «Hazırda postsovet məkanı ölkələrinə təxminən 250 min qaraçı yaşayır. Bu etnik qrupun nümayəndələri əsasən köçəri və yarımköçəri həyat sürsə də, Sovetlər Birliyi dağılandan və sərhədlər bağlanandan sonra qaraçıların «tabor», yəni kiçik tayfa və ya böyük ailə şəklində uzaq məsafələrə sürəkli köçləri çətinləşib. Bu səbəbdən də onların bir qismi Azərbaycandakı qaraçılar kimi oturaq həyata keçmək məcburiyyətində qalıb».
Hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» Heydər Əliyevin anadan olmasının 85-ci il dönümü münasibəti ilə KİV komandaları arasında «Media Kuboku» futbol turnirinin keçiriləcəyini yazıb. Turnirin təşəbbüskarı «şərq» qəzetidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov «Üç nöqtə»yə deyib ki, Azərbaycanda hakim korpusu tam formalaşmayıb. O, bildirib ki, hələ 150-yə yaxın vakant yer mövcuddur. Bununla belə, Ə. Hüseynov hesab edir ki, bu məsələ Məhkəmə-Hüquq Şurası ilə birgə müzakirə edilməlidir.