Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:14

«Pasientlərin hüquqları hər addımbaşı pozulur»


«Yalan olmasın 45-50 «şirvan» xərcim çıxıb»
«Yalan olmasın 45-50 «şirvan» xərcim çıxıb»

«Xəstələrlə görüşə körpə uşaqları gətirmək qəti qadağandır. Xəstələrlə görüş vaxtı saat 17-20-i arasıdır». Kliniki Tibbi Mərkəzdə palataların girişində vurulan elanda belə deyilir. Amma bu elanın reallığa deyəsən bir o qədər də dəxli yoxdur. Çünki xəstələrin ziyarətçiləri istənilən vaxt palatanın qapısını açıb içəri daxil ola bilir. Mən də belə ziyarətçilərdən biri oldum. Giriş qapısını açar-açmaz dərman iyi duyacağımı gözləsəm də, məni ayaqyolundan gələn natəmiz qoxu qarşıladı.


Palatadakı xəstə qadınların əksəriyyəti bir ağızdan həkimlərini təriflədi, xəstəxananın yeməklərindən bəh-bəhlə danışdılar. Bəziləri isə şikayətlərini də dedilər:


- Dava-dərmanımı verirəm müalicə edirlər məni. Özüm alıb vermişəm. Yalan olmasın 45-50 «şirvan».


- Ağrıkəsiciləri özümüz almışıq, qalanları xəstəxana verib, sağ olsunlar.


Xəstələr şəraitlərinin pis olmadığını dedilər, palatada yatdıqları müddətdə onlara münasibətdən və ya müalicədən narazılıq etmək istəmədilər.



«Himayədar» Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət Rizvanqızı isə deyir ki, tibb müəssisələrinin monitorinqi zamanı onlar həkimin əlcəkdən istifadə etmədiyinin, antisanitariya şəraitinin baş alıb getdiyinin və s. şahidi olublar: «Tovuzda ana ölümü ilə bağlı bir fakt olmuşdu. Rayonun baş ginekoloqu digər həkimlərə doğuşu qəbul etməyə icazə verməmişdi. Hamilə qadın xəstəxanaya gətiriləndən sonra baş həkim deyib ki, özüm gəlirəm, doğuşu qəbul etməyin. Amma o çatana qədər ana da, uşaq da ölmüşdü. Bu, əlbəttə ki, tarixçəni danışanın dedikləri idi, amma qarşı tərəf də bizə heç bir izahat vermədi».


Himayət Rizvanqızı danışır ki, indi pasientlərin hüquqları hər addımbaşı pozulur. Hətta iş o səviyyəyə çatır ki, pasient ya şikəst olur, ya da həyatdan köçür.


Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli isə deyir ki, bəzi həkimlərin məsuliyyətsizliyi danılmazdır. Əgər xəstə hüququnun pozulduğunu düşünürsə, yuxarı instansiyalara, məhkəməyə müraciət edə bilər. Onda həkim cərimələnə və ya cəzalandırıla bilər. Amma nazirliyin rəsmisi belə faktların az olduğunu deyir: «Keçən il 15 qadın doğum vaxtı həyatını itirmişdi. Həkimlərin cinayət əməlini sübuta yetirmək üçün ekspertiza keçirilməli idi. Amma qadınların yaxınları buna icazə vermədilər. Buna baxmayaraq, 12 baş həkim işdən çıxarılıb, cəzalandırıldı».



Pasientlərin antisanitariyadan yeni yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması, ya da sadəcə istiliklə təmin olunması xəstələrin ən adi hüquqlarıdır. Amma indiyə kimi, pasientlərin hüquqları haqqında qanun qəbul olunmayıb. Milli Məclisin Sosial Siyasət Məsələləri Daimi Komissiyasının üzvü Musa Quliyev deyir ki, bu qanun 2001-ci ildə parlamentə daxil olsa da, həmin vaxt qəbuluna imkan verilməyib. İndi isə vəziyyət düzəlib, layihəni yaz sessiyasında olmasa da, payızda müzakirə etməyi düşünürlər. Hazırda isə, pasientlərin hüquqları «Sağlamlıq haqqında» qanunun bir neçə müddəası ilə tənzimlənir. Musa Quliyev isə deyir ki, heç bu müddəalar da doğru-düzgün işləmir: «Bir xəstəxanada lazımı dərman olmur, digərinin yaxşı ərzağı yoxdur, birinin istiliyi çatışmır, digərinin daimi suyu yoxdur. Hələ mən tibbi personalın səviyyəsini demirəm».


Bu il dövlət büdcəsindən səhiyyə sisteminə 330 milyon manat ayrılıb. Bu isə ötən illə müqayisədə təxminən 35 faiz çoxdur. Prezident İlham Əliyev fevralın 11-də deyib ki, səhiyyəyə ayrılan vəsait bir az da artırılacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG