Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:37

Prezident qaytarılması müzakirə edilən rayonları adbaad saydı


İlham Əliyev: «Ermənistan rəhbərliyi qeyri-ciddi və yalan məlumatlar verir»
İlham Əliyev: «Ermənistan rəhbərliyi qeyri-ciddi və yalan məlumatlar verir»

Prezident İlham Əliyev deyir ki, 2008-ci il Dağlıq Qarabağ münaqişəsi üçün həlledici olacaq.


«Bu il açıq görəcəyik ki, biz haradayıq, məsələnin həlli sülh yolu ilə mümkündür, yoxsa yox. Ondan sonra öz qərarlarımızı verəcəyik».


Bunu İlham Əliyev yanvarın 11-də hökumətin 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirəsində söyləyib.


Prezident bir daha bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə etməyib və etməyəcək:


«Dağlıq Qarabağın müstəqilliyi, ya hansısa formada gələcək müstəqilliyi, 10 ildən, 15 ildən, 100 ildən sonra müstəqilliyi müzakirə predmeti deyil və olmayıb».


İlham Əliyev bəzi hallarda Ermənistan rəhbərliyinin daxili auditoriyaya hesablanmış qeyri-ciddi və yalan məlumatlar verdiyini deyib:


«Onların heç bir əsası yoxdur. Danışıqların mahiyyəti Azərbaycanın bütün işğal olunmuş torpaqlarının boşaldılmasıdır, o cümlədən Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının qayıtmasıdır. Danışıqların mahiyyəti Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının boşaldılmasıdır.


Mən bütün rayonların adlarını xüsusilə sadaladım ki, sabah Ermənistanda öz siyasi məqsədləri üçün hesablanmış yanlış bəyanatlar verməsinlər. Bütün bu rayonlardan erməni işğalçı qüvvələrinin çıxarılması, o cümlədən Dağlıq Qarabağa, Şuşaya azərbaycanlı köçkünlərin qayıtması danışıqların əsas mahiyyətidir. Bu, reallıqdır».


Dövlət başçısı Dağlıq Qarabağda «hərbi kriminal rejimin hökm sürdüyünü» söyləyib:


«Ora heç bir beynəlxalq monitorinqə məruz qalmayan bölgədir və heç kim orda nələr baş verdiyini, hansı silahlar, terrorçu qüvvələr saxlanıldığını, necə narkotiklər yetişdirildiyini bilmir. Bu, Avropanın içində bir qara ləkədir».


Bu arada, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza «Exo Moskvı» radiosuna müsahibəsində danışıqlardakı son vəziyyəti belə şərh edib:


«İl yarım əvvəl danışıqlar dayanmış kimi görünürdü. Biz Ermənistan və Azərbaycan prezidentlərindən xahiş etdik ki, həmsədrlərin müəyyənləşdirdiyi əsas prinsipləri gözdən keçirsinlər və bu əsas prinsipləri yaxşılaşdırsınlar. Bu, edildi. Prezidentlər bu prinsiplər üzrə centlmen, şifahi razılaşmaya çox yaxınlaşdılar, o prinsiplər üzrə ki, sülh razılaşmasının çərçivələrini müəyyənləşdirə bilər. Nailiyyət də budur ki, biz tərəfləri nizamlamanın əsas prinsipləri üzrə kompromisə çox yaxınlaşdırmışıq... Biz məcburi köçkünlər, həmçinin, erməni tərəfi üçün çox mühüm olan təhlükəsizlik təminatına dair ciddi məsələlərə yaxınlaşırıq...»


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG