Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə qarşı terror cəhdinin qarşısının alınması barədə xəbərlər ölkə mediasının diqqət mərkəzindədir.
«Ayna» yazır ki, baş verənlər rəsmi Bakının ölkədə vəhhabi təhlükəsinin artmasından ciddi narahatlığını təsdiqləməkdədir. «Lakin olayların miqyası və qətiyyətli addımlar bu amildən, sadəcə, rəsmi Bakının narahatlıq keçirmədiyini vurğulamaqdadır. Elə isə nə baş verir? Əminik ki, bu sualın açarı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Heydenin sentyabrın 27-də Bakıya gələrək prezident İlham Əliyev və MTN şefi Eldar Mahmudovla gizli görüşlər keçirməsindədir. Görüşlərdə ikitərəfli faydalı məsləhətlər aparılmış, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və kəşfiyyat məlumatlarının mübadiləsi məsələləri müzakirə olunmuşdu. Diqqətəlayiq digər məqam məhz bu görüşlərdən sonra oktyabrın 16-17-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclasının keçirilməsidir. Xatırladaq ki, konfransın əsas mövzusu məhz terrorçuluğa və dini-etnik ekstremizmə qarşı birgə mübarizə yolları ilə bağlı müzakirələr idi».
Məsələyə şərh verən «Ayna» bu qənaətə gəlir ki, «vəhhabi amilinə qarşı sərt və qətiyyətli addımların mahiyyətində mühüm geosiyasi maraqlar dayanır».
«Üç nöqtə» yazır ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Binə qəsəbəsindəki 3 saylı vərəmli məhkumlar üçün nəzərdə tutulan təcridxanada və 2 saylı cəzaçəkmə müəssisəsində olan məhbuslarla görüş keçirib. Komitə sədri bildirib ki, görüş zamanı həbsxanalarda bir sıra çatışmazlıq aşkar edilib.
«Əsas problem ömürlük məhbuslarla müddətli məhbusların eyni müalicə müəssisəsinə müraciət etməsi ilə bağlı olub. Məhkumlar ömürlük cəzaya məhkum olan məhbuslar üçün ayrıca müalicə şöbəsinin yaradılmasını tələb ediblər. E.Behbudov məsələ ilə bağlı müvafiq qurumlara müraciət edərək məhbusların istəyini çatdıracağını bildirib.
Monitorinq çərçivəsində qurum səlahiyyətlisi həmçinin 3 saylı cəzaçəkmə müəssisəsində saxlanılan və ömürlük azadlıqdan məhrum edilən Elçin Ağayevin səhhətinin ağırlaşdığını deyib: «Məhkum vərəmin ağır formasına yoluxub. O, artıq 14 ildir ki, həbsxanadadır. Azadlığa buraxılsa da, cəmiyyət üçün heç bir təhlükə ola bilməz. Ona görə də bununla bağlı Prezidentə müraciət ünvanlamağı düşünürəm».
«Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək yeni hakim namizədləri müəyyənləşdirilir»- bu barədə «Ekspress» yazır. Təqdim olunmuş namizədlər siyahısında Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki hakimimi Xanlar Hacıyev, Ali Məhkəmənin hakimi Zakir Quliyev və Prezidentin İcra Aparatının əməkdaşı Səadət Novruzovanın adları olub.
Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, namizədlərin müəyyənləşdirilməsi üçün elan verilib. Ayrı-ayrı dövlət təşkilatları Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək namizədlərlə bağlı öz təkliflərini Şuraya təqdim edəcəklər.
«Azadlıq» qəzeti Bakının Yasamal rayonu seçicilərinin prezident İlham Əliyevə müraciət etdiklərini yazır. Bu barədə qəzetə Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli məlumat verib. Onun sözlərinə görə, Yasamal seçiciləri dövlət başçısına ünvanladıqları müraciətlərində yaşadıqları dairədə iki ilə yaxındır ki, deputat seçkisinin keçirilməməsini diqqətə çatdırıblar: «Müraciətdə qeyd olunur ki, 2005-ci ilin parlament seçkilərində bu dairədən deputat seçilən Lalə Şövkət Hacıyeva öz mandatından imtina edəndən sonra orada əlavə seçkilər keçirilməyib. Seçicilər bunu özlərinə qarşı dövlətin diqqətsizliyi kimi dəyərləndirməklə yanaşı bildirir ki, deputatlarının olmaması onlar üçün müəyyən çətinliklər yaradır». P.Həşimli seçicilərin bu müraciətindən sonra dövlət başçısının 17 Saylı Yasamal Seçki Dairəsində parlamentə əlavə seçkilərin keçirilməsi ilə bağlı qərar verəcəyinə ümid etdiyini deyib.
«525» yazır ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin heykəli üçün nəzərdə tutulmuş yerdə fəvvarə qurulur. «Səbayil rayonu ərazisində, Dövlət Kukla Teatrı ilə üzbəüz parkda aparılan yenidənqurma işləri sürətləndirilib. «Burada Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaqdır» sözləri yazılmış daş lövhə ərazidən çıxarılıb. İndi həmin lövhənin yerində fəvvarə üçün hovuz qurulur. Tikinti işlərinə nəzarət edən şəxs lövhənin harada olduğunu bilmədiyini, onun yerində çox «möhtəşəm» bir fəvvarənin quraşdırılacağını deyib. Onun sözlərinə görə, parkda görülən işlərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsən rəhbərlik edir, fəvvarə quraşdırmaq ideyası da ona məxsusdur.
Hakim Yeni Azərbaycan Partiyasının orqanı olan «Yeni Azərbaycan» Kristina Fernandes de Kirşnerin Argentina prezidenti seçilməsi barədə məlumat verərək, birinci səhifəsindən başlayaraq böyük məqalə çap edib. Qəzet yeni prezidenti «Argentinanın ikinci Evita Peronu» adlandırıb.
Qəzet yazır: «Birinci ledi tez-tez siyasi görüşlərdə öz ərini əvəz edib. Hər görüşdən sonra isə pul xərcləmək üçün məzuniyyətə çıxır - mağazaları gəzmək üçün. Bu Kristinanın hobbisidir. Halbuki, bu hobbi sosialist baxışlı xanımın imici ilə mütənasib deyil».