«Mənim pianino ilə dolu evim, xalım-xalçalarım vardı. İndi satmışam qurtarıb, heç nəyim yoxdur. Axırda bir otaqlı evimi də satdım. Dedim ki, uşaqlarım ac-susuz qalmasınlar».
Bunu danışan 73 yaşlı Şövkət nənədir. Deyir ki, evini satandan sonra indi oğlu ilə yaşamağa məcbur olub. Əlavə edir ki, heç aldığı pensiya da ona kifayət etmir. 32 «şirvan» pensiya elə işığa, qaza gedir.
Şövkət nənə kimi, indi bəzi adamlar pensiyasından, məvacibindən, bütövlükdə yaşayışından narazıdır.
Rəsmi məlumatlara görə, Azərbaycanda əhalinin 20 faizi, təxminən 1 milyon 600 min adam yoxsulluq həddində yaşayır.
Digər bir rəsmi fakt da odur ki, Azərbaycanda əhali gəlirlərinin 53 faizini məhz ərzağa xərcləyir. Beynəlxalq aləmdə isə belə qəbul olunub ki, əgər ərzaq xərci 35 faizi ötürsə, bu, yoxsulluq deməkdir.
Rəsmi rəqəmlərə görə, son illər Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli azalıb. Əgər 2004-cü ildə yoxsul təbəqəsi meyarı əhalinin 49 faizinə şamil edilirdisə, artıq 3 ildən sonra əhalinin cəmi 20 faizi yoxsuldur.
Amma iqtisadçı-ekspert Qubad İbadoğlu bildirir ki, rəqəmlərə əsaslanmaq düzgün deyil. Ən azından ona görə ki, əgər dünyada yoxsul deyəndə, gün ərzində gəliri 1 dollardan az olan adam nəzərdə tutulursa, bu təsnifat Azərbaycan üçün keçərli deyil. Onun fikrincə, hər şeydən əvvəl Azərbaycanda yoxsulluq həddi düzgün müəyyən olunmur. Bu da nəticədə şişirdilmiş rəqəmlərə gətirib çıxarır:
«Azərbaycanda yoxsulluğun metodologiyasının hesablanması qüsurludur, nöqsanlıdır. Rəsmi göstəricilərlə real vəziyyət arasında böyük təzadlar var. Demək olmaz ki, əhalinin 20 faizi yoxsuldur. Burada heç bir inflyasiya səviyyəsi nəzərə alınmır. Məsələn, ötən il rəsmi 8.3 faiz inflyasiya var idisə, bu ilin 9 ayı ərzində inflyasiya 16 faizi keçib. Bunlar heç vaxt nəzərə alınmır».
İbadoğlu bidirir ki, yaşayış minimumunun hesablanmasında böyük qüsurlar var. Ən azından ona görə ki, yaşayışın səviyyəsi Lerikdə və Bakıda eyni ola bilməz: «Onlar ayrı-ayrı hesablanmalıdır. Ondan sonra yaş qrupu üzrə, əmək qabiliyyətli əhali üçün hesablanmalıdır».
Yeni Azərbaycan Partiyasının iqtisadi komissiyasından Əli Əlirzayev isə bildirir ki, Azərbaycanda yoxsulluq həddi ehtiyac meyarı ilə müəyyən olunur. Ünvanli social yardım alan zaman bu ehtiyac meyarı istifadə olunur: «Ehtiyac meyarı indi 40 manatdır. Bundan aşağı yoxsul sayılır. Digər bir meyar isə odur ki, istehlak səbətində xərclərin 60-70 faizi ərzağa yönəlibsə, onda bu da yoxsulluq hesab olunur».
Azərbaycanda yoxsulluğun azaldılması məqsədilə prezident fərman vermişdi ki, 2006 -2011-ci illəri əhatə edən xüsusi proqram hazrılanmalıdı. Prezident proqramın hazırlanması üçün bir neçə ay möhlət versə də, az qala iki il keçir ki, yoxsulluğun azaldılması və sabit inkişafına dair proqram hələ də qəbul edilməyib.