Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:19

Norveçdə neftdən gələn gəlirin 1 kronunu da xərcləmirlər


Oslodan dəniz gəzintisinə çıxmaq qeyri-adi bir təəssüratdır...
Oslodan dəniz gəzintisinə çıxmaq qeyri-adi bir təəssüratdır...

Bilirsiz, Norveçin Azərbaycandan əsas fərqi nədir? Norveçdə neftin satışından gələn pulun bir kronunu da xərcləmirlər. Amma buna baxmayaraq əhali ildən-ildən varlanır, insanların ömrü uzanır, təhsilin, səhiyyənin səviyyəsi qalxır…


Bu cür insan inkişaf indeksinə görə, Norveç BMT-nin reytinqində dünya ölkələri arasında birincidir.


Norveç sahillərində neft tapılmasını təsadüf də adlandırmaq olar. 50-60 il bundan əvvəl çox az adam inanırdı ki, Norveçdə neft çıxa bilər. Amma Hollandiya Şimal dənizində qaz tapandan sonra norveçli alimlər də məsələyə yenidən qayıtdılar. 1971-ci ildə norveçlilər dənizdəki ilk quyularından neft çıxarmağa başladılar. İndi Norveç dünyada ən çox neft ixrac edən beş ölkədən biridir. Neftin gətirdiyi milyardlar hara getsə yaxşıdır? Axırıncı kronuna qədər xaricə…


Norveçin Maliyyə Nazirliyinin baş direktoru Martin Skanke «Azadlıq» radiosuna müsahibəsində deyir ki, neft milyardları ölkədə xərclənmir, Neft Fondunda toplanır. Fond isə həmin pulu bütünlüklə xarici ölkələrdə sərmayə kimi yatırır. Həmin sərmayələrdən qazanılan pulu dövlət büdcəsinə yığır.


Bu ona bənzəyir ki, siz aylıq qazancınızı xərcləmirsiz, qoyursuz banka, bankın verdiyi faizi xərcləyirsiz. Bu isə imkan verir ki, bankdakı pulunuz toxunulmaz qalsın, həm də aybaay artsın.


Bunun nəticəsidir ki, indi Norveçin Neft Fondunda 250 milyard dollardan çox pul toplanıb və bu məbləğ getdikcə artır.


Neft satışından gələn pulun birbaşa büdcəyə ötürülməməsi həm də imkan verir ki, ölkə iqtisadiyyatı dünya bazarlarında neft qiymətlərinin qalxıb-enməsindən asılı vəziyyətə düşməsin.


Azərbaycanda isə müqayisə üçün deyək ki, axır iki ildə neftdən gələn gəliri qəpiyinəcən xərcləyiblər. Rəsmi elan edilən uzunmüddətli strategiya isə belədir ki, neft gəlirlərinin 75 faizi xərclənsin, 25 faizi isə gələcək nəsillərə qalsın.

Norveçin Maliyyə Nazirliyinin baş direktoru Martin Skanke
Baxmayaraq ki, Neft Fondunun rəsmi saytına girsəz, görərsiz ki, keçmiş prezident Heydər Əliyevin bu sözləri yazılıb: «Mənim məqsədim...Neft Fondunu Azərbaycanın gələcək nəsilləri üçün saxlamaqdır».


…Oslonun mərkəzi küçələrində az qala hər addımbaşı dilənçiyə rast gəlmək olar; ya hansısa musiqi alətində çalırlar, ya da əllərində plastik kofe stəkanı sakitcə otururlar. Sual yarana bilər ki, bəs Norveç neft pullarını xalqın rifahı üçün xərcləyirsə, bu dilənçilər nə məsələdir?


Səbəb çox sadədir. Oslodakı küçə musiqiçilərinin çoxu ya mühacirlərdi, ya da qaraçılar. Norveçdə yerli camaatdan kiminsə yoxsulluqdan dilənməsi nadir haldır. Bu da təsadüfi deyil. Norveç işsizlərin azlığına görə də dünyada lider ölkələrdəndi – bu ölkədə işsizlik cəmi 2 faizdir. Dilənçilər kimi Oslodakı küçələrin, binaların görünüşü də ilk baxışda adamda səhv təsəvvür yarada bilər.


«Mən ikinci dəfədir Osloya gəlirəm, hər dəfə də təəccüblənirəm ki, Neft Fondunda 250 milyard dollardan artıq pulu olan ölkənin paytaxtı niyə belə cah-cəlaldır, işıltılı deyil?»


Azərbaycanlı iqtisadçı İnqilab Əhmədovla Oslodakı otellərin birinin foyesində söhbətləşirik. O, neft gəlirlərinin şəffaflığı mövzusunda keçirilən bir tədbirdə iştirak etmək üçün Norveçdədir.


«İndi Bakıda mindən çox bina tikilib və tikilməkdədir, niyə bundan burda yoxdur? Fikir verin, çox sadə, bəlkə də arxitektura baxımından kasıb bir şəhərdir. Yəqin Norveç xalqı hesab edir ki, praktik olaraq buna ehtiyac yoxdur. Bu, hamısı insanların daxili aləminin, mədəniyyətinin göstəricisidir».


Norveçin o qədər pulu var ki, bütöv şəhərlər salmağa bəs edər, amma bunu etməyə nə Norveç kralının ixtiyarı var, nə də Baş nazirin. Norveçin dövlət katibi Geyr Akselsen bizimlə söhbətində bunun səbəbini belə izah edir: «Parlamentin qoyduğu fiskal qayda var, Neft Fondunun 4 faizindən artığını xərcləmək olmaz».


Azərbaycanda isə neft pulunun nə qədərinin xərclənməsini prezident müəyyən edir. Düzdür, neft pullarının hansı sahələrə xərclənməsi hər il parlamentə təqdim edilən büdcə layihəsində qeyd edilir. Amma həmin xərclərin dəqiq təsnifatı göstərilmir. Məsələn, 20 milyon manata körpü tikilirsə, göstərilmir ki, bu pulun hansı hissəsi konkret nəyə xərclənəcək. Bu da bir çox müstəqil iqtisadçılarda şübhələr yaradır ki, həmin pullar nə dərəcədə şəffaf və təyinatı üzrə sərf edilir.


Norveç parlamentinin binası, Oslo
Yaxın 20 ildə Azərbaycana 200 milyard dollardan çox neft gəliri gələcək. Amma «Transparency International» təşkilatının son hesabatına görə, hələ ki, Azərbaycan dünyanın ən çox korrupsiyaya uğrayan 30 ölkəsi arasındadır.


Norveç isə əksinə, dünyanın korrupsiyaya ən az bulaşmış 10 ölkəsi arasındadır.


Norveç həm də başqa ölkələrdə neft gəlirlərinin mənimsənilməsinə qarşı təşəbbüsləri dəstəkləyir. Beş il qabaq Britaniyanın keçmiş Baş naziri Toni Bler «Mədən Sənayesində Şəffaflıq» təşəbbüsünü qaldıranda bunun reallaşdırılması önündə gedənlərdən biri də Norveç oldu.


Norveç öz neft pullarından başqa ölkələrə sərmayə qoyanda da etik prinsipə əsaslanmağa çalışır. Ölkənin Neft Fondunda Etika Şurası adlı qurum var. Əgər hansısa xarici şirkətlərdə insan haqları sistemli şəkildə pozulursa, onda həmin şirkətin səhmlərinin alınması, ora investisiya qoyulması dayandırıla bilər. Məsələn, bir müddət Norveç Amerikanın məşhur «Wall Mart» satış şəbəkəsinə sərmayə qoyuluşunu məhz insan haqları pozuntuları ittihamıyla dayandırıb.


…Oslodan dəniz gəzintisinə çıxmaq qeyri-adi bir təəssüratdır – kater yola düşür, amma nə qədər gedirsən, qurudan çox uzaqlaşa bilmirsən. Səbəb də odu ki, sahil saysız-hesabsız yarımadalardan və adalardan ibarətdir, başqa sözlə, dəniz qurunun içərilərinə nüfuz edib. Norveçlilər buna «fiordlar» deyirlər, adam sadəcə katerlə onların arasında fırlanır.


Fiordlar çox gözəldir, qayalıqlar, meşəliklər, balaca-balaca rəngbərəng fin evləri…Amma di gəl ki, bu gözəllik elə də çox turist cəlb etmir. Çünki Norveç dünyanın ən bahalı ölkələrindəndi, məsələn, koka-kola 5 dollar, bir bakal pivə 10 dollar, tramvaya 1 saatlıq bilet 5 dollar. Sıravi norveçlinin özündən soruşuruq ki, balam, belə ölkədə necə yaşayırsız? Onlar da gülə-gülə «bizim maaşlarımız da çox yüksəkdir...» deyirlər.


Həmsöhbətim Fernanda Nilsen Osloda qeyri-hökumət təşkilatlarından birində mühasib işləyir. Norveçdə bahalığın səbəbi verginin çox yüksək (36 faiz) olmasıdır. Fernanda da hər ay maaşının üçdə birindən çoxunu vergi verir, amma dolanışığından şikayətçi deyil. Norveçdə aşağı maaş məsələn, müəllim, fəhlə üçün təxminən 2 min dollardı, vergi çıxılandan sonra.


Mühasib Fernanda Nilsen
Amma insanların qazancı təkcə maaş deyil. Məsələn, Fernandanın bu yaxınlarda ikinci uşağı dünyaya gəlib, bir kron xərcsiz-xəsarətsiz: «Düzdü, uşağın xərci çox olur – yeməyi, paltarı, oyuncağı, amma hamiləlik dövründə müayinədən keçmək, doğum evinin xərcləri, bütün bunlar dövlətin hesabınadır. 18 yaşına qədər uşağın müalicəsi də demək olar ki, pulsuzdu».


Dövlətin səhiyyəyə bu qədər pul ayırması həm də neft gəlirləri hesabına mümkün olur. Böyüklər həkimə gedəndə xərcin təxminən 15 faizini özləri ödəyirlər, qalanı yenə də dövlətin hesabınadır. Fernanda deyir ki, dövlət klinikalarının səviyyəsi elə yüksəkdir ki, heç özəllərə getməyə ehtiyacları yoxdur.


Norveçdə orta məktəb də pulsuzdu, özü də birinci sinifdən ingilis dili öyrədir. Buna görə də Norveçdə az qala hamı pis-yaxşı ingiliscə danışır. Ali təhsil də pulsuzdu, ancaq imtahanları vermək üçün cüzi ödənişlər lazımdı.


Fernandanın hobbisi kitab oxumaqdı, bir də at sürmək, indi deyir, buna vaxt çatdırmaq olmur. Əsas hobbisi elə uşaqlarıdır: «İş günləri 6-7 saat uşaqlarımdan ayrı oluram. Onlar uşaq bağçasında olurlar, istəyərdim ki, uşaqlarımla daha çox bir yerdə olum».


İndi Norveçdə müxalifət partiyalarından biri vəd edir ki, hakimiyyətə gəlsə, neft pullarından səhiyyəyə, xalqın başqa ehtiyaclarına daha çox xərcləyəcək. Cəlbedici təklifdir, amma Fernanda deyir ki, son seçkidə həmin partiyanın əleyhinə səs verib.


Norveçlilərə bəxtəvər deyənlər çoxdur, onların özü də çox qayğısız görünür, amma təxminən 40 ilə Norveçin nefti qurtaracaq.


«Biz güman edirik ki, neft ehtiyatlarımızın üçdə birini çıxartmışıq, indi digər üçdə birini hasil edirik, qalır sonuncu üçdə biri. Amma bu hələ dəqiq deyil ki, həmin üçdə bir tapılacaq, ya yox? Tapılsa, 2050-ci ilə qədər stabil neft çıxaracağıq, ondan sonra hasilat çox az olacaq».


Norveçin Neft və Energetika Nazirliyinin baş direktoru Qunnar Gyerde deyir ki, 40 il hələ nikbin proqnozdur, neft bundan qabaq da tükənə bilər.


İndi Norveçdə müxalifətdə olan partiyalardan biri - İnkişaf Partiyası təklif edir ki, vergilər azaldılsın. Deyir ki, hökumət xəsislik edir, neft gəlirlərindən az xərcləyir. Niyə Norveçin yolları başqa Avropa ölkələrinin yollarından geri qalmalıdır?


Norveçin Neft və Energetika Nazirliyinin baş direktoru Qunnar Gyerde
Amma hakim Əmək Partiyasından olan dövlət katibi Geyr Akselsen bu təkliflə razılaşmır, bildirir ki, əvvəla, onlar indi Neft Fondundan ildə büdcəyə 10 milyard dollardan çox pul köçürürlər, bu isə az rəqəm deyil. İkinci bir tərəfdənsə: «Əgər biz bu gün lap çox xərcləsək, onda sonrakı nəsillər üçün az pul qalacaq. İndi Norveçdə demoqrafik inkişafda problemlər var. 10-20 ildən sonra bizdə yaşlı insanların sayı artacaq. Onda bizim pensiyaların ödənilməsində problemlərimiz yarana bilər».


Dövlət katibi deyir ki, neft pulu iqtisadiyyatın tələb etdiyindən çox xərclənsə, inflyasiya arta, qeyri-neft sektorunu sıradan çıxara bilər. İndi Norveçdə balıqçılıq və elektrik enerjisi istehsalı çox inkişaf edib, bu ölkə həm də alüminium və başqa metallar ixrac edir.


Geyr Akselsen deyir ki, ehtiyatsız addım illərlə yaradılan bu sektorlara zərbə vura və sonda «Holland sindromu»na gətirə bilər. Yəni iqtisadiyyatın neftdən asılılığı arta və neft tükənəndə bir vaxtlar Hollandiyada olduğu kimi iqtisadiyyat çökə bilər.


«Holland sindromu» təhlükəsindən indi Azərbaycanda da danışılır. Norveçdə görüşdüyüm iqtisadçı İnqilab Əhmədov deyir ki, Azərbaycanda iqtisadiyyat həm neftdən çox asılıdır, həm də neft gəlirləri balanssız xərclənir. Buna görə də əhali neft gəlirlərindən çox bəhrələnə bilmir: «Büdcədən maliyyələşmə hədsiz dərəcədə artanda bir tərəfdən insanlar sevinirlər ki, əmək haqları, müavinətləri artır, amma bazara gedəndə görür ki, keçən il aldığından artıq ala bilmir. Hətta iqtisadiyyatdan başı çıxmayan adam da görür ki, bunun ona heç də xeyri olmadı. Bu, teatral formada insanları aldatmaq oldu».


Amma onu da deyək ki, neftin pulundan çox xərcləmək sıravi insanlara cəlbedici görünür, elə Norveçdə də. İnkişaf Partiyası hakimiyyətə gəlməyib, amma seçkidən-seçkiyə onun topladığı səslər artır.


Həmsöhbətim oslolu mühasib Fernanda Nilsen isə onlara səs verməyib: «Mən onlara səs vermədim. Tutalım indi mən az vergi verdim, cibimdə çox pul oldu, bəs neft qurtarmağa başlayanda, necə olacaq? Mən həm uşaqlarımın gələcəyi, həm də elə özüm haqda düşünürəm».


Proqnozlara görə, Norveç kimi Azərbaycanda da neft təxminən 30-40 ilə tükənə bilər.


Bəs norveçlilərin ən böyük arzuları nədir? İnanmazsız…


Sahil saysız-hesabsız yarımadalardan və adalardan ibarətdir...
- Ətraf mühiti qorumaq. Qlobal istiləşməyə qarşı mübarizə, karbon-dioksidin atmosferə buraxılmasının azaldılması;


- Mənim ölkəmlə bağlı konkret arzum yoxdu, adamın ağlına gələn odu ki, bütün ölkələr arasında sərhədlər götürülsün, o cümlədən məsələn, Norveçlə İsveç arasında. Sərhədlər olmasa, heç zaman bir çox narazılıqlar və davalar da olmaz;


- Arzu edirəm ki, ölkəm azad və demokratik olaraq qalsın. Ailəm üçün isə sağlam və təhlükəsiz mühit davamlı olsun;


- Başqa xalqlara kömək etmək ki, onlar da azad olsunlar. Bizim belə bir ölkəmiz var artıq;


- Biz nə istəyiriksə ona nail olmuşuq.


Norveç əhalisinin sayına görə, Azərbaycandan kiçikdir – təxminən 5 milyon. Əgər Norveçin Neft Fondundakı pulları əhali arasında bölsək, adama 50 min dollar düşər.


Azərbaycan hökuməti isə deyir ki, Neft Fondunu yaradanda Norveç modelini əsas götürüb. Bu sonda Norveç bəxtəvərliyinə gətirib çıxaracaqmı?


İqtisadçı İnqilab Əhmədov deyir ki, əslində, Norveç modelinin uğuru nə qədər qəribə səslənsə də, qeyri-iqtisadi amillərlə bağlıdır: «15 il qabaq Neft Fondu yaradılanda Norveç artıq bir cəmiyyət kimi oturuşmuşdu, demokratiya kimi böyük bir dəyərlər sisteminə malik idi. Faktiki söhbət ondan gedirdi ki, bu oturuşmuş cəmiyyətdə Neft Fondundan bir texniki instrument kimi istifadə etsinlər. Başqa bir səbəb isə hər norveçlinin içində olan anti-korrupsion mentalitetdir. Bu, çox az cəmiyyətlərdə var».

2007
Oslo-Praqa

Norveçdən bu xüsusi reportajın audiosunu dinlə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG