Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:45

Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalır


Gürcüstanda bəzi məktəblərin bağlanmasını təhsildəki islahatlarla bağlayırlar
Gürcüstanda bəzi məktəblərin bağlanmasını təhsildəki islahatlarla bağlayırlar

Gürcüstan hökumətinin təhsildə apardığı islahat, bəzi məktəblərin ləğvi və ya birləşdirilməsi bu ölkədə yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Gürcüstan hökuməti bu ildən orta təhsildə Vauçer sisteminə keçməsi bir çox Azərbaycan məktəblərinin bağlanması ilə nəticələnib. Yeni sistemə görə, hər bir şagird üçün büdcədən konkret məbləğ ayrılır. Şəhər məktəblərində bu məbləğ 230 lari, kənd məktəblərində 350 lari, dağ kəndlərindəsə 450 laridir. Məktəblərin təmirindən tutmuş müəllimin maaşınadək bütün xərclər bu hesabdan ödənir. Əlavə xərc çıxmasın deyə hökumət şagirdi az olan və ya yararsız halda olan məktəbləri ləğv edir və ya birləşdir.


Gürcüstanda yaşayan azərbaycanlılar isə bu islahatdan əziyyət çəkdiklərini deyirlər, hətta bunun azərbaycanlıları sıxışdırmaq üçün bir vasitə olduğunu düşünənlər də var.


Bolnisi rayonunun Naxudiri kənd orta məktəbinin direktoru Şükür İsmayılov deyir ki, əvvəllər Bolnisidə 56 məktəb vardı, onun 42-i Azərbaycandilli idi. Amma, nazirlik islahatlara başladıqdan sonra Azərbaycan məktəblərin sayı 56-dan 17-ə endirilib. Şükür müəllimin sözlərinə görə, bu gedişlə beş-altı ildən sonra həmin məktəblər də bağlanacaq.


Gürcüstandakı azərbaycanlılar Azərbaycandan dəstək gözlədiklərini deyirlər. Onlardan biri - İlya Çavçavadze adına Dövlət Universitetinin Marneuli filialının rektoru Novruz Bayramov bununla bağlı bir neçə dəfə Azərbaycanın Təhsil Nazirliyinə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə və Milli Məclisə müraciət edib. «Azərbaycandan deyirlər ki, xüsusi proqram hazırlanıb və bu proqram çərçivəsində məktəblərə də yardım ediləcək».


«Bir azərbaycanlının dağ kəndində doğulması təhsil hüququndan məhrum edilməsinə səbəb olmamalıdır»
Gürcüstanda yaşayan azərbaycanlılar arasında isə belə bir fikir formalaşmaqdadır ki, Azərbaycan məktəblərdə islahatdan istifadə edib başqa siyasət yürüdülür. Şükür İsmayılovun sözlərinə görə, məqsəd azərbaycanlı uşaqları təhsildən uzaq salmaq və azərbaycanlı müəllimləri işsiz qoymaqdır. O, deyir ki, bu son illər azərbaycanlılara qarşı aparılan siyasətin davamdır. Bunadək azərbaycanlılar sıxışdırılır, gürcü dilini bilməyənlər hökumət qurumlarından çıxarılır və s.


Direktorun sözlərinə görə, son illər bu siyasətin nəticəsi olaraq azərbaycanlıların sıx yaşadığı kəndlərdən miqrasiya sürətlənib və nəticədə onun işlədiyi Naxudiri kənd orta məktəbində şagirdlərin sayı yarıbayarı azalıb. Əvvəllər burda 1200 şagird oxuyurdusa, indi onların sayı 641-ə enib. Son yeddi ayda 41 şagird ailəsi ilə birgə Azərbaycana köçüb: «Belə getsə məktəbdə 200-300 uşaq qalacaq. Yuxarı dağ kəndlərinin aqibəti bizi də gözləyir. Doqquz illik məktəblər var ki, iki-üç şagird oxuyur. Bu məktəbi saxlamaq hökumətə sərf etmir. Ona görə də nazirlik onları birləşdirir».


Azərbaycandilli məktəblərin saxlanması ümidiylə Gürcüstana yaşayan azərbaycanlılar Bakıdan yardım istəyirlər. Novruz Bayramovun sözlərinə görə, iqtisadi baxımdan güclü olmayan Gürcüstanın yeni məktəblər tikməyə, onları təmir etdirməyə, az şagirdi olan məktəblərə dayaq durmağa imkanı çatmır.


Azərbaycanın Təhsil Nazirliyindənsə bildirirlər ki, bu problem həm onların, həm də səfirliyin diqqətindədir. Amma, nazirliyin sözçüsü Bayram Hüseynzadənin sözlərinə görə, Tbilisi azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yox, təhsildə islahat aparır: «Əgər bu təkcə Azərbaycan məktəblərinə qarşı tətbiq olunsaydı, biz onların müdafiəsinə qalxardıq. Amma, biz maraqlanmışıq, yüksək səviyyədə danışıqlar aparılıb. Deyirlər ki, şagird az olanda gürcü məktəbləri də bağlanır. Məsələ bu şəkildə qoyulduğundan biz prosesə müdaxilə edə bilmərik».


Azərbaycan-Gürcüstan Dostluq Hərəkatının rəhbəri Zəlimxan Məmmədli isə hesab edir ki, Azərbaycan hökuməti indiki halda seyrçi mövqedə qalmamalıdır: «Gürcüstandakı islahatları hər zaman təqdir etmişəm, dəstəkləmişəm. Amma bu azərbaycanlıların, Borçalı türklərinin mənafelərinin pozulması hesabına olmamalıdır. Bir azərbaycanlının dağ kəndində doğulması təhsil hüququndan məhrum edilməsinə səbəb olmamalıdır».


Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze isə APA-ya bildirib ki, indi bu ölkədə bütün məktəbləri əhatə edən geniş islahat aparılır. Onun sözlərinə görə, iki ölkənin Təhsil nazirlikləri arasında uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan məktəbləri üçün Gürcüstana çoxlu sayda kitab aparılıb, Gürcüstandan isə Azərbaycandakı gürcü məktəblərinə kitablar göndərilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG