Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:52

Adsız qəsəbədə qeydiyyatsız və işsiz yaşayanlar


Bu qəsəbənin ilk sakinləri Sumqayıtdakı sənaye müəssisələrinə işləməyə gələn insanlardır
Bu qəsəbənin ilk sakinləri Sumqayıtdakı sənaye müəssisələrinə işləməyə gələn insanlardır

Doğdu günəş qırmızı, can gülüm can-can,


Topladı oğlan qızı, can gülüm can-can,


Orta məktəb dərsliyindən bizə tanış olan bu şeiri, Sumqayıtdan təqribən 5-6 kilometr aralı «gecəqondu»lardan ibarət qəsəbədə yaşayan 8 yaşlı Tural deyir. Turalın doğulduğu qəsəbənin adı yoxdur, üstəlik orada yaşayanlar rəsmi qeydiyyata alınmayıb. Ancaq, bir ucu Polumer-120 zavodunun həyətindən başlayan bu qəsəbə ta Ceyranbatan qəsəbəsinə qədər uzanıb gedir. Qəsəbədəki evlərin sayı da heç kimə bəlli deyil. Çünki dəmir lövhələrlə çəpərə alınmış minlərlə həyətin hər birində 4-5 gecəqondu tikilib. Ötən əsrin 80-ci illərində əsası qoyulan bu qəsəbənin ilk sakinləri Azərbaycanın dörd bir tərəfindən Sumqayıtdakı sənaye müəssisələrinə işləməyə gələn insanlardır. Sonradan həm qaçqınlar, həm də əyalətlərdən gəlib iş axtaranların hesabına qəsəbə ildən-ilə böyüməyə başlayıb. Bu qəsəbənin illərlə növbəyə dayanıb, ev alacaqlarını gözləyən köklü sakinləri son vaxtlar Sumqayıtdakı müəssisələrin bir-birinin ardınca fəaliyyətlərini dayandırmaları ilə öz hesablarına məzuniyyətə göndəriliblər. İndi onların çoxu bu adsız qəsəbədə təkcə qeydiyyatsız yox, həm də işsiz yaşayırlar: «İşləməsək, kişi evə pul gətirməsə dolanmaq olmur. İki uşaq öhdəmdədir. Bir «konster» xlor satıb dolanırdıq. İndi bunu da edə bilmirəm. 3 aydır yerdəyəm…» Bunu həyat yoldaşından ayrıldıqdan sonra xlor satmaqla iki uşağını böyüdən İradə Güləliyeva deyir. Qəsəbədə tək İradə Güləliyeva yox, çoxları uzun müddət xlor satmaqla ailəsini dolandırıb.


Kimya müəssisələri tədricən fəaliyyətini dayandırdığından bu şəhərcikdəki insanların da əsas məşğuliyyəti olan xlor satmaq artıq əllərindən çıxmaqdadır

Ancaq, Sumqayıtdakı kimya müəssisələri tədricən fəaliyyətini dayandırdığından bu şəhərcikdəki insanların da əsas məşğuliyyəti artıq əllərindən çıxmaqdadır. İradə Güləliyeva deyir ki, uzun müddət Sumqayıtdakı müəssisələrdən xlorun bir litrini 15 qəpiyə alıb, Bakıda həyət-həyət, ev-ev gəzib 30 qəpiyə satıb.


Bununla da bir təhər uşaqlarını böyüdüb. Ancaq, necə deyərlər dərd-bəla onu başqalarından daha tez tapıb. Təqribən 3 ay əvvəl avtomobil qəzasına düşən İradə Güləliyevanın indi səhhəti də xlor alverinə imkan vermir.
Qəsəbədə qaz yoxdur. Evləri ancaq elektrik qızdırıcıları ilə isidirlər. İşıqlar sönəndə isə nəinki evləri qızdıra, hətta yemək də bişirə bilmirlər. İradə Güləliyevanın sözlərinə görə, qəsəbədə sayğaclar quraşdırılmadığından kommunal xərcləri artana qədər hər bir ev ayda 2 manat elektrik haqqı ödəyirmiş. İndi isə bu məbləğ 6 manata qaldırılıb. Ancaq, son 3 ayda işləmədiyindən heç elektrikin haqqını da ödəyə bilmir. Üstəlik qəsəbəyə kanalizasiya da çəkilməyib. İradə Güləliyeva deyir ki, bura yaxşı ki, qışda gəlibsiniz. Sən demə qəsəbədə yayda bürküdən, qoxudan baş çatlayır.


Bu qəsəbənin sakinlərinin başqa bir əsas məşğuliyyəti isə günəmuzd işlərə getməkdir: «Günəmuzd işlərə gedirik. Belə iş olanda gün ərzində 6-8 manat qazanmaq olur. Ancaq, bu da yaxşı dolanmağa azlıq edir». Qəsəbənin girişində bir çayxana var. İş axtaran insanlar əsasən bu çayxanaya toplaşırlar. Ona görə də ətraf yaşayış məskənlərindən gəlib buradan ucuz işçi qüvvəsi aparırlar. Qəsəbədəki mağazalar isə əsasən borc dəftərləri ilə işləyir.
Bu adsız qəsəbənin dolaşdıqca tez-tez gözə həyətlərin qarşısına toplanmış metal qırıntıları dəyir. Qəsəbədə danışırlar ki, fəaliyyətlərini dayandıran müəssisələrin həyətlərindən metal qırıntıları toplayıb satırlar. Bu işlə də əsasən məktəbli uşaqlar məşğul olur. Hələ körpə yaşlarından ağır zəhmətə öyrəşmiş bu uşaqlardan biri da balaca Turaldır:


«Doğdu günəş qırmızı, can gülüm can-can…»


XS
SM
MD
LG