Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:35

«Xocalıya gedənə qədər yaşamaq lazımdı axı…»


Xocalı sakini Əntiqə ana: «Bizə baxan yoxdur»
Xocalı sakini Əntiqə ana: «Bizə baxan yoxdur»

«Qızımı, kürəkənimi gözümün qabağında öldürdülər»


«Yeznəmi vurmaq istəyəndə 8 yaşlı nəvəm ermənilərin ayağını qucaqladı ki, ay erməni, qadan alım, başına dönüm, anamı, bacımı öldürmüsən, atama dəymə, bəs bizi kim saxlayacaq? Dedi ki, atan desin torpaq ermənindir, buraxım. Kürəkənim də dedi ki, adam ölümdən ötrü vətənini satmaz…»-bu Əntiqə ananın dedikləridir. Qızını, kürəkənini gözünün qabağında öldürüblər. Deyir ki, onları itirəndə ağlayıb-oxşamağa da macal tapmayıb. Əsirlikdən çıxar-çıxmaz onların üç balasını başına yığıb Pirşağıdakı sanatoriyaya üz tutub. Deyir ki, bu soyuq otaqlarda, hər tərəfi qumsallıq olan sanatoriyada bir qarnı ac, bir qarnı tox nəvələrini böyüdüb bir yana çıxartmaq istəyib. O zaman böyüyünün 8 yaşı varmış, lap kiçiyi isə 8 aylıq imiş.


«İndi gəlmişəm, 15 ildir burdayam. Bizə baxan yoxdur. Nə öz icra hakimiyyətimiz, nə başqası. Qalmışıq sanatoriyaların küncündə. Təqaüdlə o üç uşağı necə saxlayım?» Altı il əvvəl Əntiqə ananın qapısını döyəndə demişdi ki, tanrıdan möhlət istəyirəm bu uşaqları böyüdüb bir yana çıxardım, onların xala-dayı əlinə möhtac olmasına dözmərəm.


«Nə torpağımızı alırlar, nə də bizə baxırlar…»


Əntiqə Qəhrəmanovanın qapısını bu dəfə döyəndə gördüm ki, həmin balaca otaqda çox şey dəyişməyib. Dəyişən nəvələrin böyüməsidir. İndiyə kimi nənə-bala təqaüdlə dolanıblar. Ancaq, böyük qız nəvəsi məktəbi bitirib deyə daha təqaüd vermirlər, saç bərbəri olan bu qız iş də tapmır. Kiçiyi dərziliyi öyrənir. Əntiqə ana özü 32 manat, kiçik nəvələri isə 50 manat təqaüd alır. Onu da qəndə-çaya, ətə-yağa, bir də uşaqların əyin-başına verəndə dava-dərmanına heç nə qalmır. Əntiqə ananın istədiyi bu uşaqları sanatoriyadan çıxartmaq, bir evə yığmaqdır. Amma, bundan əvvəl də uşaqları işə düzəltmək gərəkdir. Hərçənd bu təkcə, onun yox, Pirşağı sanatoriyasında çoxlarının arzusudur


Üç metr uzunu, üç metr eni olan beton otaqlarda…


«Mən də yaşlı adamam. Ayağım köçdən qalıb, əlim işdən. 16 ildir danışırıq. Nə torpağımızı alırlar, nə də bizə baxırlar…» Qan təzyiqinin yuxarı olması, şəkər, ürək ağrıları Əntiqə ananı əldən salıb. Gecə səhərə kimi yata bilmədiyini deyir: «Çox vaxtı dava-dərman almağa pul çatdırmıram. Həkimə gedəndə deyir ki, altı-yeddi «şirvan» verməlisən».


Əntiqə ananın öz evinə yığışmaq istəyi yəqin ki, başa düşüləndir. On beş ildir şəraitsiz sanatoriya ona evi əvəz edə bilməyib, sadəcə, daldalanmaq üçün bir yer olub. Pirşağıdakı «Qızılqum» sanatoriyasının ensiz dəhlizlərində gündüzün günorta çağı da qaranlıq hökm sürür. Dəlmə-deşik divarlara baxanda isə burda bir az əvvəl müharibə getdiyini düşünmək olar. Soyumasın deyə yaşlı sakinlərin günlərlə havasını dəyişdirmədiyi otaqların, kasıb süfrəsindən əskik olmayan şorbanın, üstəlik yaxşı işləməyən kanalizasiyanın qoxusu bu dəhlizlərdə bir-birinə qarışır. Sonuncu dəfə ötən əsrin 70-80-ci illərində təmir olunmuş, tökülüb-dağılan, üç metr uzunu, üç metr eni olan beton otaqlarda, özü də qazsız, mətbəxsiz otaqlarda yaşamaq hünər istəyir. Düzdü, bəziləri otağın divar kağızını dəyişib, hamama əl gəzdirib səliqə-sahman yaratmaq istəyib. Amma, bu tək-tük adamlardı. Ümumilikdə isə ötəri baxış da bəs edir ki, biləsən burda adamlar müvəqqəti, qaçqın kimi yaşayırlar, bura onların evi deyil, bura isti yay aylarında istirahətə gələnlərin 15-20 gün yaşaması üçün nəzərdə tutulmuş sanatoriya otağıdır.


50-dək qohumunu itirəndə həyəcanından ayaqları tutulub


«Meyitimiz çıxsa məni harda yusunlar, harda götürsünlər?»-bunu isə Tamam xala deyir. Yaşı 80-ni haqlamış Köçəri əmi ilə yaşadığı 9 kvadratmetrlik otağın yarısını köhnə şifoner, nimdaş yorğan-döşəyin yığıldığı çarpayı və cırıltılı taxt, bir də masa tutur. Köçəri əmisiz addım ata bilməyən Tamam xala da bu darısqallıqdan bezardır.


Xocalı qaçqınlarının yaşadığı Pirşağı sanatoriyasındakı otaqlardan biri
Dediyinə görə, Xocalıda 50-dək qohumunu itirəndə keçirdiyi həyəcandan ayaqları tutulub, soyuq otaqlarda yaşamaqdan böyrəyinin birindən məhrum olunub. Tamam xala nədən danışırsa, sözünün bir ucu Xocalıya bağlanır. Danışır ki, orda geniş otaqları olan, hər cür şərait yaratdığı evi olub. Özü də bir yox, bir neçə evi olub. Amma, çıxanda bir çöp də götürə bilməyib. İndi isə darısqal otağa yığışıb. Köçəri əmisə bu dar otaqda özünü həbsxanadakı kimi hiss etdiyini deyir. Bir də onu deyirlər ki, məhrumiyyətlər onları yorub, bəzi nemətlərə tamarzı qalıblar: «Ayağım tutulub, ağacla gedirəm. Xocalının adı çəkiləndə uçunuram. Həmişə yaxşı yaşamışıq. İndi çörək üzünə, ət üzünə həsrət qalmışam. Ayağım tutulmasaydı pulu dərmana yox, yeməyə verərdim…»


Torpaq adamı olan xocalılar sanatoriyanın qarşısındakı kiçik torpaq sahələrini paslı dəmirlərlə hasarlayıblar. Bəziləri indidən onu şumlayıb, yaza tədarük görür. Firuzə xala deyir ki, bu torpaqda, bu qumsallıqda nə əkəsən, nə becərəsən? Əkdiyin ağacı Abşeron küləyi yerə yapışdırır, bitirdiyinin də dadı-tamı yox.


«Nə qədər əziyyət çəkmək olar?..»


Xanım-xatın qadın olan, çətinliklərin sındırmadığı Sevda xanım isə iki otaqda doqquz uşaq böyüdüb. Dördü öz uşaqları, beşi də Xocalıda itirdiyi qardaşının övladlarıdır: «15 ildir burdayıq. Nə olar biz də insanıq. Bizim də hüquqlarımız var. Evdə yer yox, qaz yox. Təkcə işıqdan istifadə edirik. Ölən ölüb, qalan yaşamalıdır axı? Nə qədər əziyyət çəkmək olar?..»


Sevda xanım deyir ki, uşaqlar böyüdükcə qayğılar da artıb. Artıq bir oğlunu evləndirib, onlara da ayrıca otaq lazımdır. Amma, otaq bir kənara iş tapılmır. Deyir ki, sosial müavinət vermirlər ki, iş qabiliyyətlidirlər. Az maaşlı iş də sərf etmir. Hər gün Pirşağıdan Əzizbəyov metrosuna, oradan da şəhərin başqa yerinə getməyə pul lazımdı: «Hökumətimiz bizə kömək etsin. Sağlıq olsun ümid var ki, Xocalıya qayıdarıq. Amma qayıdana kimi yaşamaq lazımdı axı…»


Firuzə xala isə hər gecə yuxuda Xocalıdakı evini və bir də orda itirdiyi oğlunu görür: «Ayılıram ki, yox imiş…»


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG