Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:46

«Dedovşina»


Müdafiə Nazirliyinin rəsmisi orduda «dedovşina» probleminin olmadığını deyir
Müdafiə Nazirliyinin rəsmisi orduda «dedovşina» probleminin olmadığını deyir
Dekabrın 16-da Gəncədəki «N» saylı hərbi hissədə baş verən hadisə ordudakı «dedovşina» problemini yenidən gündəmə gətirib. Düzdü, faktı araşdıran Respublika Hərbi Prokurorluğunun müstəntiqləri istintaq getdiyindən cinayətin motivi barədə açıqlama vermək istəmirlər. Ancaq hadisəni izləyən ekspertlər hesab edirlər ki, hərbi xidmətə yeni çağırılan Fuad Həsənovun əsgəri borcunu bitirməyə az müddət qalan yoldaşlarına atəş açması bir çox mətləblərdən xəbər verir. Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov hesab edir ki, onlar orduda yeni çağırışçıların incidilməsi, təhqir olunmasıyla bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Onun fikrincə, problem haqda danışmaqdansa, onu ört-basdır etmək yolunun seçilməsi bir çox faciələrə yol açır.

Hərbi xidməti yenicə başa vurmuş bir neçə keçmiş əsgər də Azərbaycanın bir çox hərbi hissələrində «dedovşina» probleminin olduğunu söyləyirlər.

Hərbi həyata öyrənmiş əsgərlər yenilərdən onların telefonuna danışıq konturunun yüklənməsini tələb edirlər
Onlar deyirlər ki, hərbi hissəyə yeni gələnlər 5-6 aylıq, 1illik əsgərlik stajı olanların tələblərini yerinə yetirməyə məcbur edilirlər. Bakının hərbi hissələrinin birində əsgərlik çəkmiş Rəşad da «dedovşina»ların tələbləriylə üzləşib. O, deyir ki, qanunsuz göstərişlərdən şikayət edən əsgərin cəzası xüsusilə ağır olur.


«Əsgər Anaları» Komitəsinin rəhbəri Roza Əliqızı isə deyir ki, bir çox valideyn «dedovşina»yla bağlı onlara şikayət edib. Onun sözlərinə görə, indi bir çox hərbi hissələrdə yeni çağırışçılar təkcə mənəvi-fiziki istismara – yəni alçaldılmaq, başqasının işini görməyə məcbur edilmək kimi hallara məruz qalmırlar, həm də maddi tələbləri yerinə yetirməlidirlər. Məsələn, artıq hərbi həyata öyrənmiş əsgərlər yenilərdən onların telefonuna danışıq konturunun yüklənməsini tələb edirlər.


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ramiz Məlikov bildirir ki, Gəncənin «N» saylı hərbi hissəsində baş vermiş hadisə təsadüfdür, orduda «dedovşina» problemi mövcud deyil, belə hadisələr epizodik xarakter daşıyır.


Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov hesab edir ki, orduda bu kimi halların qarşısını almaq üçün güclü maarifləndirmə işinin aparılması vacibdir. Onun fikrincə, problemin həlli üçün səlahiyyətli şəxslər əvvəlcə məsələnin özünü etiraf etməli və qanunların işləməsinə çalışmalıdırlar. Cənab Məmmədov deyir ki, ordudan «dedovşina» məsələsinin birdəfəlik yığışdırılması üçün zabitlər, hərbi hissəyə rəhbərlik edən şəxslər yeni çağırışçılar təhqirlə və ya qanundankənar hallarla üzləşdikləri təqdirdə, onların şikayət etmələrinə şərait yaratmalı və günahkarları elə cəzalandırmalıdırlar ki, bu cür neqativ hallar bir daha təkrarlanmasın.


XS
SM
MD
LG