Dekabrın 16-da, səhər saat 5 radələrində Gəncənin «N» saylı hərbi hissəsində xidmətdə olan Fuad Həsənov əsgər yoldaşlarına atəş açıb. Şəhər hüquq-mühafizə orqanlarından aldığımız məlumata görə, əsgərlərdən biri, Sumqayıtdan hərbi xidmətə çağırılan Ceyhun Mikayılov aldığı yaralardan dünyasını dəyişib, digər üç nəfər isə ağır vəziyyətdə Gəncə hospitalına yerləşdirilib.
Hadisəni törədəndən sonra Fuad Həsənovun hərbi hissədən qaçdığı və iki saatdan sonra yaxalandığı bildirilir. Gəncə şəhər Hərbi Prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Fuad Həsənov üç aydır ki, hərbi xidmətə çağırılıb. Onun güllələdiyi əsgərlər isə xidməti başa vurmaq ərəfəsindədirlər.