Tramp: 'Putin məni məyus etdi'
"Putin həqiqətən məni məyus etdi". Bunu ABŞ prezidenti Donald Tramp Londonda Britaniya baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında bildirib.
Tramp Ağ evə qayıtdıqdan sonra yeddi müharibəni həll etməyi bacardığını bir daha vurğulayıb. Bununla belə, etiraf edib ki, Putinlə münasibətlərinə görə həllinin ən asan olacağını düşündüyü Ukrayna münaqişəsi gözləniləndən daha mürəkkəb çıxıb.
Tramp münaqişənin həll olunmamasını "ən böyük məyusluğu" adlandırıb. "Ancaq ümid edirəm ki, sizin üçün yaxşı xəbərlərimiz olacaq", -o əlavə edib.
ABŞ prezidenti bəzi ölkələrin Rusiyanın Ukraynaya qarşı təcavüzünü faktiki olaraq maliyyələşdirərək Rusiya neftini almaqda davam etməsindən də narazılığını bildirib. "Neftin qiyməti düşərsə, Putinin müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq", - Tramp vurğulayıb.
Tramp dəfələrlə Putindən məyusluğunu ifadə edib. O, "səbri tükəndiyi üçün" "Rusiyanı sanksiyalarla çox sərt vuracağı ilə hədələyib. "Putin bunu (nizamlamaya nail olmaq) istəyəndə Zelenski istəmədi. Zelenski istəyəndə Putin istəmədi. İndi Zelenski bunu etmək istəyir, Putin - sual işarəsidir", - ABŞ prezidenti izah edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın nizamlama tempindən məyusluğunu qismən onun "sürətli qərarlar istəməsi" ilə əlaqələndirib.
Makron Ukraynaya qoşun göndərməyə hazır ölkələrin sayını açıqlayıb
4 sentyabr
Birləşmiş Ştatların Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı dəstəyinin yekun forması yaxın günlərdə müəyyənləşəcək. Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə "istəklilər koalisiyası"nın iclasından sonra deyib.
Sammit zamanı iştirakçılar ABŞ prezidenti Donald Trampa zəng ediblər.
"Bu söhbətin nəticələri sadədir: yaxın günlərdə biz Birləşmiş Ştatların dəstəyini və təhlükəsizlik zəmanətlərini qəti şəkildə müəyyənləşdirəcəyik. ABŞ, dediyim kimi, bu prosesin hər mərhələsində iştirak edib", - Makron mətbuat konfransında vurğulayıb.
Müharibə bitdikdən sonra Ukraynaya mümkün qoşun göndərilməsini şərh edən Makron bildirib ki, "istəklilər koalisiyası"nın 26 ölkəsi belə addımlara hazırdır.
Növbəti mərhələ Amerika və Rusiya nümayəndələri arasında təmaslar olacaq, - Fransa prezidenti əlavə edib.
Makronun sözlərinə görə, Ukrayna ordusunun sayı və ya gücü ilə bağlı heç bir məhdudiyyət olmamalıdır. "Biz Ukraynaya öz ordusunu bərpa etmək imkanı vermək istəyirik ki, o, istənilən potensial aqressiyanı strateji olaraq dəf edə bilsin", – o, görüşdən sonra bildirib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmer demişdi ki, koalisiya üzvləri Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməklə bağlı "sarsılmaz vəd veriblər".
Tramp Ukraynaya da sanksiyaları mümkün sayır
27 avqust
ABŞ təkcə Rusiyaya deyil, Ukraynaya da sanksiyalar və gömrük rüsumları tətbiq edə bilər. Bunu ABŞ lideri Donald Tramp Ağ evdə prezident kabinetinin iclası zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rusiya ilə Ukrayna arasında sülh razılaşması olmasa, "ciddi tədbirlər görüləcək" deyən Tramp söhbətin iqtisadiyyatdan getdiyini və Birləşmiş Ştatların dünya müharibəsinə girmək istəmədiyini vurğulayıb. Bununla belə, o, sanksiyaları "iqtisadi müharibə" kimi xarakterizə edib.
"Zelenski də tamamilə günahsız deyil", - Tramp əlavə edib.
Tramp Putinin Zelenskiyə münasibətindən danışıb
25 avqust
Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskidən xoşu gəlmir. Bunu Amerika lideri Donald Tramp Ağ evdə fərmanlar imzaladıqdan sonra jurnalistin sualını cavablandırarkən deyib.
"Putin niyə Zelenski ilə görüşmək istəmir?", - jurnalist soruşub.
"O onun xoşuna gəlmir. Onu sevmir", - Tramp cavab verib.
Avqustun 19-da Tramp Putinin Zelenski ilə görüşünün razılaşdırıldığını və sammitə hazırlıqlara başlandığını açıqlayıb. Kreml görüşlə bağlı razılığı təsdiqləmir.