Avqustun 19-da səhər saatlarında rus qoşunları Ukraynanın Çerniqov vilayətinin mərkəzinə raket zərbəsi endirib, nəticədə azı 5 nəfər həlak olub, 11-i uşaq olmaqla, daha 37 nəfər yaralanıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko yazır.
Hücum barədə daha əvvəl Çerniqov vilayəti administrasiyasının rəhbəri Vyaçeslav Çaus da məlumat verib. Onun sözlərinə görə, ehtimal ki, şəhərə ballistik raket atılıb.
Hücum anının videoları sosial şəbəkələrdə yayılıb, kadrlara görə raket yerli dram teatrının binasına düşüb. Ukrayna mətbuatının məlumatına görə, raket zərbəsi endirilən vaxt Çerniqovun mərkəzində dron istehsalçılarının sərgisi keçirilirdi. Tədbir bir neçə gün əvvəl elan edilib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Çerniqova hücumunu belə şərh edib: "Rus raketi şəhərin düz mərkəzinə, bizim Çerniqova düşüb. Meydan, Politexnik Universiteti, teatr. Rusiyanın ağrı və itkiyə çevirdiyi adi bir şənbə günü”.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Çerniqov, Poltava və Sumı vilayətlərinə raket təhlükəsi barədə məlumat verib. Daha sonra Çerniqov vilayətində dron hücumu təhlükəsi ilə bağlı mesaj yayılıb.