Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:56

Məsciddən ayaqqabı, marketlərdən ərzaq oğurluğu artır


Aşqabadda qar
Aşqabadda qar

Türkmənistanda oğurluq hallarının artmasını bir çox sakinlər yoxsulluğun dərinləşməsi ilə izah edirlər. Uşaqların supermarketlərdən ərzaq, məscidlərdən ayaqqabı, pul kisələri oğurluğu xəbərləri yayılıb.

Türkmənbaşı sahil şəhərində cümə moizəsi vaxtı məscidlərdən ayaqqabı, pul kisələri, mobil telefonların oğurlandığı deyilir. Bir yaşlı sakinin AzadlıqRadiosunun türkmən xidmətinə dediyinə görə, yanvarın 6-da paltosunun cibindən nağd pul götürülüb.

Məscidə gedən başqa bir şəxs isə ayaqqabısının oğurlandığını söyləyib. “Bircə cüt ayaqqabım vardı”, – o, sözlərinə əlavə edib.

Bu insident üzrə şübhəli tapılmayıb. Ancaq türkmənistanlıların çoxu danışır ki, qapalı və avtoritar ölkədə son aylar oğurluq halları artır. Onlar bunu yaşam xərclərinin yüksəlməsi, bahalıqla əlaqələndirirlər.

AzadlıqRadiosu Türkmənbaşı şəhərinin yerləşdiyi Balkan vilayətində regional polis departamentindən açıqlama ala bilməyib. Ancaq adının çəkilməsini istəməyən polis əməkdaşı radioya deyib ki, hüquq-mühafizə orqanları bir neçə məsciddə oxşar cinayətləri qeydə alıblar.

Polis əməkdaşının dedikləri

Türkmənistanda hakimiyyət cinayətkarlıqla bağlı hər hansı informasiya açıqlamır. AzadlıqRadiosunun rəsmi mənbələrə çıxışı yoxdur. Bu ölkədə müstəqil media qadağan olunub, böyük sosial platformalar bloklanıb.

Vilayət paytaxtı Balkanabadda işləyən polis əməkdaşı oğurluq insidentlərinin yanvarın birinci həftəsində baş verdiyini deyərək ümumilikdə bir çox vətəndaşların oğurluq hallarının artmasından gileyləndiyinit təsdiqləyib.

Anonim danışan polis əməkdaşının dediyinə görə, Balkanabadda “küçədə gedən qadınların çanta və mobil telefonlarının oğurlanması” hallarında “nəzərəçarpacaq artım” var. Hücumların çoxu günorta vaxtı baş verib.

Qarət, soyğunçuluq

Evlərdən qarət, küçədə soyğunçuluq, supermarketlərdən oğurluq hallarının da çoxaldığı deyilir. Bu haqda AzadlıqRadiosuna sakinlər, şahidlər, qurbanlar danışıblar. Ən çox yayılmış hal uşaqların mağaza və bazarlarda ərzaq oğurlamasıdır. Kənd yerlərində yaşayanlar mal-qara oğurluğunun artdığını deyirlər.

Türkmənistan sakinlərinin çoxu baş verənləri ölkədə dərinləşən yoxsulluq, yaşam xərclərinin yüksəlməsi ilə bağlayırlar. Bəzilərinin fikrincə, polisdə yayılmış korrupsiya cinayətkarlığın artmasına səbəb olur.

Təxminən on ildir Türkmənistanda iqtisadi şərait ağırlaşıb. Maaşların azlığı, işsizliyin artması, qıtlıq, ərzağın bahalanması bir çoxlarını ağır iqtisadi duruma salıb.

Supermarketdən peçenye oğurlayan oğlan

Marı vilayətinin Bayramalı şəhərində bir supermarket sahibi deyir ki, mağazasından ərzaq oğurlamağa çalışan kasıb uşaqların durumundan agahdır.

Adının çəkilməsini istəməyən biznesmen 2022-ci ilin oktyabrında baş vermiş bir insidenti yada salır. O zaman “sürtülmüş, köhnə geyimli bir gənc oğlan” mağaza bağlanana yaxın oraya girib, bir qutu peçenye götürərək qaçıb.

Kişi oğlanın dalınca qaçaraq onu tutub, niyə oğurluq etdiyini soruşub. “Oğlan danışırdı ki, evdə özündən kiçik iki bacı-qardaşı var, yeməyə heç nə yoxdur. Peçenyeləri onlara aparırdı”, – mağaza sahibi söyləyib.

O sonradan öyrənib ki, uşaqların atası miqrant kimi işləməyə xaricə gedib, illərlə ailəsilə əlaqə saxlamayıb. Anası gecə növbəsində işləsə də, ailəsini dolandıra bilməyib. Rəsmi statistika əlçatan olmasa da, yüzminlərlə türkmənin xaricdə, əsasən Türkiyədə işlədiyi bildirilir.

Mağaza sahibi insidenti polisə bildirməyib. Köməkçisinə tapşırıb ki, oğlanı anasının yanına aparsın, ailəyə ərzaq da yollayıb.

Türkmənistanda çoxları hökumətin həssas qruplara kömək üçün adekvat sosial müdafiə sistemi olmadığını deyir, hakimiyyəti yoxsulluq, xroniki işsizliklə yetərincə mübarizə aparmamaqda ittiham edilər. Məhz bu problemlər milyonlarla vətəndaşı ölkədən didərgin salıb.
Lebap vilayətinin administrativ mərkəzi olan Türkmənabad şəhərində isə sakinlər mal-qara və ev əşyalarının oğurlanmasından şikayətlənirlər.

Mal-qara oğurluğu

Təkcə yanvarın 1-də Türkmənabadda üç ev təsərrüfatından mal-qara oğurlanıb. Naməlum şəxslər Amudərya çayının sahilində yerləşən evlərə girib, inək, qoyun, keçi oğurlayıblar.

Heyvanı oğurlanan bir kişinin radioya dediyinə görə, polis tədbir görməkdən imtina edib, belə şikayətlərlə məşğul olmağa vaxtları olmadığını bildirib.

“Bizə dedilər ki, ‘Bu cür problemləri yoluna qoymağa vaxt yoxdur. Onsuz da görüləsi işimiz çoxdur’”, – deyən Türkmənabad sakini əlavə edir ki, polis rüşvət verilməyincə təhqiqat başlatmaqdan imtina edib.

AzadlıqRadiosu Türkmənabad polis departamenti ilə əlaqə saxlasa da, cavab ala bilməyib.

Türkmənistan hakimiyyəti ölkədə hər hansı böyük problemin mövcudluğunu rəsmən etiraf etmir. Dövlət mediası isə elə hey hökumətin dediyini təkrarlayır, bolluq, rifah, xoşbəxtlikdən, Türkmənistan xalqının gündəlik həyatını zövqlə yaşamasından dəm vurur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG