Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:55

Dövlət layihələri icra edən şirkətlə bağlı qalmaqal: 'Ürəyim belə istəyib...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

"Azimport" şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov iddia edir ki, onun özünə, ailəsinə müxtəlif formada zərər yetirməklə hədələyib 500 min dollarını alıblar. Onun iddiasına görə, öncə 2 milyon dollar tələb edilib, son nəticədə 800 min dollarla razılaşıblar. Bunun da 500 mini alınıb. Əsgərovun şikayəti əsasında işadamı Kamal Akimov cinayət məsuliyyətinə cəlb edilib və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

"Əmlakım əlimdən alınıb"

Amma Akimov özünü qətiyyən təqsirli bilmir. Əksinə, şirkət rəhbərinin onu şərlədiyini bildirir. Deyir ki, hələ 10 il öncə - 2012-ci ildə Əsgərovun rəhbərlik etdiyi "Azimport" şirkəti ona məxsus qeyri-yaşayış sahəsini söküb. Söhbət Səbail rayonu, Ziya Yusifzadə küçəsi-8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən, 146 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.

Bir neçə il tərəflər arasında məhkəmə çəkişməsi gedib, Akimov mülkiyyətinə görə tələb etdiyi kompensasiyanı almaqdan ötrü dövlət orqanlarına şikayətlər yazıb. Onun sözlərinə görə, xeyli mübarizədən sonra şirkət rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb: "Bu pulun da 500 minini iki il ərzində hissə-hissə ödədi. Qalanını ödəməkdən imtina etdi. Bu gün haqlı olduğum halda, haqsız vəziyyətə düşmüşəm. Azər Əsgərov mənim halal pulumu verməyib. Əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə vaxtdan cinayət olub?".

Akimovun vəkili deyir ki, müvəkkili əmlakına görə qalan pulunu ala bilmədiyindən icra hakimiyyətinə şikayət edib. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini onun müraciətini rayon prokurorluğuna göndərib. Prokuror isə şikayətçinin özü haqqında cinayət işi başlayıb.

"Nəinki Azərbaycan, dünya hüquq tarixində belə şey olmayıb ki, vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaş haqqında cinayət işi başlayır...", – vəkil bildirib.

"Mən tikintini aparan şirkət olmuşam"

Zərərçəkmiş qismində tanınan Əsgərov isə deyir ki, ondan tələb edilən və alınan 500 min dolların sökülən əmlaka aidiyyəti yoxdur. Hərçənd, o da Akimovun əmlakının söküldüyünü, buna görə mübahisə olduğunu təsdiqləyir: "2014-cü ildə şirkətin hüquqşünası dedi ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat tələb edir. Şirkətin hüquqşünasları məhkəmədə şirkətin hüquqlarını müdafiə etməyə başladılar. Mən inşaatçıyam, bir neçə dövlət layihəsi həyata keçirmişəm. Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət olmamışam".

Əsgərov iddia edir ki, Akimov bir neçə ildir onu hədələyir. Onun sözlərinə görə, 500 min də ondan bir neçə il ərzində alınıb.

Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişdən soruşub ki, əgər beləydisə, o zaman niyə bu illər ərzində Akimovdan hüquq-mühafizə orqanlarına şikayət etmirdi?

"Ürəyim belə istəyib, belə də eləmişəm...", – "Azimport" rəhbəri belə deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG