Ermənistan Respublikasının ombudsmeni Arman Tatoyan, onun sözlərinə görə Azərbaycan prezidenti İlham Əliyevin “ermənifobiya və düşmənçilik siyasətindən xəbər verən çıxışlarını” BMT-yə göndərib.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Azərbaycan prezidentinin bir sıra çıxışları BMT-nin irqi diskriminasiyanın ləğvi komissiyasına, Avropa Şurasının irqçilik və dözümsüzlüklə mübarizə üzrə komissarına və insan haqlarına cavabdeh başqa beynəlxalq qurumlara göndərilib.
Ombudsmen mayın 11-də deyib ki, söhbət Azərbaycan prezidentinin 2021-ci ilin aprelində etdiyi çıxışlardan və verdiyi bəyanatlardan gedir:
“Göndərilmiş çıxışlarda Azərbaycan lideri zor və təhdid dili ilə danışır, Erməni xalqının şərəf və ləyaqəni alçaldan sözlərdən istifadə edir. Onun çıxışları hədə-qorxu səciyyəsi daşıyır, erməni cəmiyyətində gərginlik yaradır və o bu çıxışlarında Azərbaycan xalqının üstünlüyünü vurğulayır”.
Ombudsmen bunu da bildirib ki, bu proses davam etdiriləcək, Azərbaycan prezidentinin çıxış və bəyanatları bundan sonra da xüsusi monitorinq ediləcək.
“Ermənistan insanının hüquqlarının müdafiəçisinin məqsədi Azərbaycan hakimiyyətinin soyqırım siyasətini, onun insan haqlarının kobud pozulmasına səbəb olduğunu, yeni qəddarlıq hədəsi ehtiva etdiyini, sülh və təhlükəsizliyi təhdid altında qoyduğunu göstərməkdir”.
Tatoyan bunu etmişdi
Azaztutyun xatırladır ki, Tatoyan hələ aprelin 14-də İlham Əliyevin çıxışlarından iqtibasları beynəlxalq insan haqları qurumlarına göndərəcəyini bildimişdi.
Arman Tatoyan habelə Bakıda açılmış “Qənimətlət parkı” ilə bağlı beynəlxalq qurumlara müraciət edəcəyini demişdi.
O bildirmişdi ki, bu sərgi Azərbaycanın apardığı “erməniyə nifrət və soyqırımı” siyasətinin sübutudur.
Tatoyan demişdi ki, sərgi Ermənistan və Artsax (Dağlıq Qarabağ - red) ermənilərinə qarşı nifrəti qızışdırmaq üçün təşkil edilib.
O vaxt Ermənistan XİN-in verdiyi bəyanatda deyilirdi ki, “Azərbaycan rəhbərliyi bir yandan Ermənistan tərəfindən mümkün revanşızmdən danışır, digər tərəfdən isə belə bir sərgi ilə revanşizmi, insana nifrəti və millətlərarası nifrəti əbədiləşdirmiş olur”.
Azərbaycanın mövqeyi
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan Xarici İşlər Nazirliyinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına münasibət bildirmişdi.
Qurum qeyd etmişdi ki, Hərbi Qənimətlər Parkının açılışı və 44 günlük vətən müharibəsi zamanı qənimət götürülən texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası “bu ölkənin Azərbaycana qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir”.
Bəyanatda habelə vurğulanırdı ki, Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib:
“...Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır...”
Xatırlatma
2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.