Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:17

Bu gün Türkiyəyə qarşı etirazlar gözlənir


İstanbulda qadınların aksiyası, 2 aprel, 2021-ci il il
İstanbulda qadınların aksiyası, 2 aprel, 2021-ci il il

Kampaniyaçılar Türkiyə hakimiyyətindən tələb edirlər ki, konvensiyadan çıxmaqla bağlı iyulun 1-də qüvvəyə minəcək qərarına yenidən baxsın

Mayın 11-də dünyanın bəzi ölkələrində Türkiyənin İstanbul Konvensiyasından çıxmasına etiraz aksiyaları planlaşdırılır. Avropa Şurasının sözügedən konvensiyası qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizəni nəzərdə tutur.

İstanbul Konvensiyasının 10 illiyində qadın və insan haqları qrupları həm onlayn, həm də birbaşa aksiyalar təşkil edəcəklər. Məlumatı “Amnesty International” insan haqları təşkilatı yayıb.

“Sənəd imzalanandan düz 10 il sonra qadınlar bir səslə Türkiyə hakimiyyətindən milyonlarla qadının və qızın təhlükəsizliyinə, hətta həyatına risk yaradacaq qərarının ləğvini tələb edirlər”, – qurumun baş katibi Aqnes Kallamar deyib.

Kallamarın sözlərinə görə, Prezident Recep Tayyip Erdoğan martın 20-də Türkiyənin İstanbul Konvensiyasını ratifikasiyasını ləğv edəndən bəri həm bu ölkədə, həm də dünyada qadınlar bu addıma etiraz edirlər.

“Daha çox adam konvensiya haqda danışır”

“Qadınlar qorxmaqdansa küçələrə çıxıblar. Onlar ruhdan düşməkdənsə oyanıblar. İndi həmişəkindən daha çox adam konvensiya haqda danışır, onun əhəmiyyətini anlayır”, – o deyib.

“Amnesty International” bildirir ki, mayın 11-də Britaniya, Niderland, Avstriya, İtaliya və Belçika daxil olmaqla bir sıra ölkələrdəki Türkiyə səfirliklərinin qarşısında etirazlar keçiriləcək.

Koronavirusla bağlı məhdudiyyətlərə baxmayaraq, bəzi paytaxtlarda tədbirlər planlaşdırılır. Sosial mediada isə #IstanbulConventionSavesLives (#İstanbulKonvensiyasıHəyatlarıXilasEdir) həştəqi ilə virtual etirazlar gözlənir. Etirazçılar Türkiyədə qadınlara və qızlara həmrəylik əlaməti olaraq bənövşəyi geyinəcəklər.

Sözügedən sənədin tam adı Avropa Şurasının Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və ona qarşı Mübarizə haqqında Konvensiyasıdır. Konvensiya qadın və kişi hüquqlarının bərabər olduğunu vurğulayır, dövlətin üzərində qadınlara qarşı gender əsaslı zorakılığı önləmək, qurbanları qorumaq və cinayətkarları təqib etmək üçün tədbirlər görmək öhdəliyi qoyur.

Tənqidçilər nə deyirlər

Erdoğanın islamçı meylli partiyasının bəzi rəsmilərinin iddiasına görə, konvensiya boşanmalara həvəsləndirir, ənənəvi ailəyə zərbə vurur və bu da ölkənin mühafizəkar dəyərlərinə ziddir.

Tənqidçilər həmçinin sənədin seksual oriyentasiya və gender mənsubiyyəti kateqoriyaları vasitəsilə homoseksuallığı təbliğ etdiyini iddia edirlər. Onlar konvensiyanı türk ailələrinə təhdid kimi görürlər.

Kampaniyaçılar Türkiyə hakimiyyətindən tələb edirlər ki, konvensiyadan çıxmaqla bağlı iyulun 1-də qüvvəyə minəcək qərarına yenidən baxsın.

Bir çox ölkələr Türkiyənin qərarını qadın hüquqları üzrə geriləmə adlandırıblar.

ABŞ Prezidenti Co Baydenin fikrincə, bu, “qadınlara qarşı qlobal zorakılığa son qoymağı hədəfləyən beynəlxalq hərəkatda ruhdan salıcı addımdır”. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də qərarı tənqid edib, sənədi imzalayanları onu ratifikasiya etməyə çağırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG