Türkmənistanda 9 may günü ərəfəsində II Dünya Müharibəsi veteranlarından “hədiyyə pullarının” yığılması tələb edilib.
AzadlıqRadiosunun Türkmən xidməti bildirir ki, bu hədiyyələr onlara bayram münasibətilə prezident Qurbanqulı Berdımuxammedovun adından veriləcək.
Xəbər verilir ki, “arxa cəbhə” veteranlarından, məsələn Lebap vilayətinin Fərab rayonunda “bayrampulu” yığılıb.
Ödənən pulların məbləği və alınan hədiyyələrin dəyəri açıqlanmır. Bundan əvvəlki illərdə veteranlara mayın 9-da 200 manat (57 dollar) ödənmişdi.
Amma bu da bildirilir ki, bəzi mənbələr hədiyyələrin qiymətinin yığılan pullardan az olduğunu xəbər verirlər. Artıq qalan pulun başqa sahələrə yönəldildiyi bildirilir.
AzadlıqRadisounun müxbirləri bildirirlər ki, belə bir praktikadan ölkədə ikinci ildir istifadə olunur.
Əhalidən habelə prezidentin portret və kitablarının, koronavirusla mübarizə üçün dezinfektantların alınması, habelə itlər üçün sığınacaqların tikilməsi üçün pul yığılır.
Hökumət rəsmiləri bütün bunları inkar edirlər.
700 dollarlıq “vətən televizorları”
Ötən il verilən xəbərlərdə deyilir ki, hökumət büdcə təşkilatlarında işləyənlərdən yerli istehsaldan olan smart televizorların alınmasını tələb edir.
“Tolkun” adlı türkmən televizorlarının bir ədədi 2400 manatadır (686 dollar).
Türkmənsitanda hazırda neçə müharibə veteranının olduğuna dair statistika yoxdur.
Ölkə qanunlarında veteran statusu təsbit olunub.
Türkmənistanda belə bir limit də qoyulub ki, arxa cəbhə veteranının yaşı 90-dan, II Dünya Müharibəsi veteranının yaşı isə 94-dən az olmamalıdır.
2020-ci ildə veteranlar dövlət təltifləri üçün də ciblərindən pul ödəyiblər.
Müxbirlər bildirirlər ki, Berdımuxammedov hər ilin 8 martında qadınları da onların öz puluna alınmış hədiyyələrlə təbrik edir.