Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 21:43

Prezident oğlu ərzaq növbələrini qadağan edir


Türkmənistan baş nazirinin müavini Serdar Berdımuxammedov bəyan edib ki, ərzaq mağazalarının qarşısındakı növbələr onun atasını, yəni prezident Qurbanqulı Berdımuxammedovu gözdən salır

Türkmənistanda yerli icra hakimiyyətləri ərzağın dotasiya qiymətlərilə satıldığı dövlət mağazalarının qarşısındakı növbələri qadağan edib.

AzadlıqRadiosunun Türkmən xidməti xəbər verir ki, bu barədə göstərişi baş nazirin müavini Serdar Berdımuxammedov verib.

O bəyan edib ki, ərzaq mağazalarının qarşısındakı növbələr onun atasını, yəni prezident Qurbanqulı Berdımuxammedovu gözdən salır.

AzadlıqRadiosu müxbirlərinin verdikləri məlumata görə Türkmənabad şəhərində ərzaq növbəsinin dörd nəfərdən çox olmamasına göstəriş verilib.

Xəbərdarlıq edilib ki, bu qaydanı pozanlar növbədən çıxarılacaq və dərhal həbs ediləcəklər.

Bəzən toyuq budu da olur

Türkmənistan hökumətinin tənqidçiləri və insan haqları qrupları deyirlər ki, avtokrat Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş Berdımuxammedov ölkədə fərqli düşüncəni və siyasi fəallığı boğur.

Özünü Türkmənbaşı adlandıran Niyazov kimi Berdımuxammedov da hakimiyyətini möhkəmlətmək məqsədilə əsas ərzaq mallarının və kommunal ödənişlərin dotasiyalı qiymətlərinə güvənir.

Dövlət ərzaq mağazaları dotasiyalı malları yalnız səhər saat 6-dan 8-dək satır.

Adambaşına bir ayda 1 litr pambıq və ya günəbaxan yağı, 1 kilo qənd, və 1 kilo da düyü almaq icazəsi verilir. Bu mağazalarda bəzən yumurta və toyuq budu da satılır.

İki kilo ət və prezidentin portreti

Aprelin 13-də ölkənin cənubundakı Marı şəhərində minədək insan adambaşına 2 kiloqram donmuş ət almaq üçün saatlarla növbəyə dayanıb.

Burada ətin kilosu 36 manatdır. Dövlətin qoyduğu məzənnə ilə 36 manat 10 dollar edir, amma bu pulun qara bazardakı qiyməti 1 dollardır.

Keçmiş sovet respublikası Türkmənistanda aylarla davam edən ərzaq qıtlığı adi hala çevrilib.

Aşqabadda ərzaq növbəsi
Aşqabadda ərzaq növbəsi

Ərzaq mağazalrında alıcılar başqa şeylər, məsələn prezidentin portretlərini də almağa məcbur edilə bilər.

Türkimənistan qaz ehtiyatlarına görə dünyanın dördüncü ölkəsi olsa da, əhali əsasən yoxsulluq içində yaşayır.

Koronavirus pandemiyası vəziyyəti daha da gərginləşdirib. Hökumət isə həm koronavirus yoluxmalarını, həm də ölkədəki iqtisadi böhranı inkar edir.

Human Rights Watch insan haqları təşkilatı bildirir ki, Berdımuxammedov və onun ailəsi, habelə yaxın çevrəsi ölkədə həyatın bütün sferaları üzərində nəzarətə malikdirlər.

Şərhlər

XS
SM
MD
LG