Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Bayden Konqresdə trilyonluq planlarından danışdı


Co Bayden Konqresdə çıxış edir
Co Bayden Konqresdə çıxış edir

Təhlilçilərin fikrincə, Bayden məhz respublikaçıların dəstəyini qazanmaqdan ötrü xərcləmə siyasətini Çinlə əlaqələndirib

ABŞ Prezidenti Co Bayden Konqres qarşısında ilk böyük çıxışında amerikalılara ümid və iqtisadi dirçəliş mesajı ötürüb.

Aprelin 28-də çıxış edən Bayden administrasiyasının vaksinlərin çatdırılmasından fəaliyyətini vurğulayıb. Koronavirus yarım milyondan çox amerikalının həyatına son qoyub və ölkə koronavirus pandemiyasından tədricən çıxmağa çalışır.

“İndi dayana bilmərik”

Ancaq prezident qeyd edib ki, ölkəni ayağa qaldırmaq, gələn onilliklərdə onun dünyada öndə getməsini təmin etməkdən ötrü hökumət daha çox iş görməlidir. Bu kontekstdə infrastruktura və ailələrə 4 trilyon dollarlıq planının əhəmiyyətindən danışıb.

“Amerika hərəkət edir. İrəli gedir. İndi dayana bilmərik. 21-ci əsri qazanmaqdan ötrü Çin və digər ölkələrlə rəqabət halındayıq”, – Bayden prezidentliyinin 100-cü günü ərəfəsində deyib.

O, 2.3 trilyon dollarlıq Amerika İş yerləri Planının detallarını açıqlayıb. Planın məqsədi təmiz enerji texnologiyası, su və nəqliyyat daxil olmaqla ölkə infrastrukturunu yenidən qurmaqdır. Digər 1.8 trilyon dollarlıq Amerika Ailələr Planı isə aşağı və orta sinif amerikalılar üçün imkanları və insan kapitalını genişləndirməyi hədəfləyir.

Prezident deyib ki, xərcləmədə artımı korporasiyalara və zənginlərə daha yüksək vergilər təmin edəcək. Respublikaçılar, hətta bəzi demokratlar belə bu təklifi rədd edirlər. Bayden respublikaçıları onun planını dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, infrastruktur planı amerikalılar üçün milyonlarla yüksək maaşlı iş yeri yaradacaq, ailələr planı isə gəncləri gələcəyin texnoloji işlərinə hazırlayacaq.



Rəqabət amili və Çin

“Dünyanın qalan hissəsi bizi gözləmir. Heç nə etməmək seçim deyil. Bir-birimizlə yarışmayla başımızı qatıb 21-ci əsri qazanmaqdan ötrü dünyanın qalan hissəsi ilə rəqabəti unuda bilmərik”, – Bayden respublikaçılara eyhamla deyib.

Təhlilçilərin fikrincə, Bayden məhz respublikaçıların dəstəyini qazanmaqdan ötrü xərcləmə siyasətini Çinlə əlaqələndirib. Həm respublikaçılar, həm də demokratlar Çinin artan iqtisadi və hərbi gücündən narahatdırlar.

Rəy sorğuları amerikalıların yarıdan çoxunun Baydenin indiyədək gördüyü işi dəstəklədiyini göstərir. Amma onun administrasiyasının xərcləmə və vergi qanunlarını Konqresdən keçirməsi asan başa gəlməyəcək. Senat respublikaçılar və demokratlar arasında 50-50-yə bölünüb.

Bayden çıxışında irqi və sosial ədalət kimi ölkəiçi məsələlərə də yer ayırıb.

Xarici siyasətə gəlincə, bir neçə dəfə qeyd edib ki, Birləşmiş Ştatlar Pekinin ABŞ-da işçilərə ziyan vuran ədalətsiz ticarət praktikasına “qarşı çıxacaq”.



Rusiya

Onun sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putinə aydın şəkildə deyib ki, Kremlin seçkiyə müdaxilə, kiberhücumlar kimi hərəkətlərinin fəsadları olacaq. O, iki ölkənin qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığının mümkünlüyündən də danışıb.

Bayden yanvarda vəzifə başına keçəndən Rusiyaya sanksiyalar tətbiq edib. Sanksiyalar müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi və sonradan həbsi, Moskvanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi və haker hücumlarıdır.

Amma Bayden eyni zamanda Rusiyayla nüvə silahlarının azaldılmasını nəzərdə tutan Yeni START sazişini uzadıb. Bu ay isə Rusiya lideri ilə üzbəüz görüş təklif edib.

Aprelin sonuna yaxın Birləşmiş Ştatlar ikigünlük onlayn iqlim sammiti keçirib. Putin həmin tədbirdə deyib ki, Rusiyayla Qərb arasında çoxsaylı siyasi münaqişələrə baxmayaraq, iqlim dəyişikliyi birləşdirici məsələ ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG