Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:51

İran nüvə obyektindəki yanğınla bağlı şübhəlinin adını açıqlayıb


Natanz, uranı zənginləşdiən müəssisə, 12 april 2021

İran dövlət televiziyası Natanzdakı nüvə obyektində təxribat törətməkdə şübhəli bilinən bir nəfərin aşkar olunduğu barədə xəbər verib.

Səlahiyyətlilər iddia edirlər bu dağ-mədən və emal zavodunda çalışan 43 yaşlı İran vətəndaşı Rza Kərimidir. Məlumata görə, adı çəkilən şəxs hadisədən bir müddət əvvəl İranı tərk edib.

İranın nüvə yanacağını zənginləşdirdiyi zavoddakı hadisə aprelin 11-də baş verib. Partlayış nüvə qurğusunun elektrik paylama şəbəkəsinə ziyan vurub. Ölkə rəhbərliyi hadisəni "nüvə terrorizmi aktı" adlandırıb.

Qəzanın nəticələrinin təxminləri dəyişir - İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli-Əkbər Salehi partlayışın ciddi ziyan vurmadığını və stansiyanın işinin davam etdiyini söyləyib.

ABŞ kəşfiyyat mənbələrindən New York Times-a verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi minlərlə uran zənginləşdirmə santrifüjünü məhv edərək İranın nüvə proqramını 9 ay geri salıb.

İran səlahiyyətliləri hadisənin baş verməsində İsraili günahlandırır. NYT-nin mənbələri ən çox mühafizə olunan İran obyektlərindən birində İsrailin xüsusi xidməti orqanı olan "Mossad" ın təxribat törədə biləcəyini iddia edirlər. İsrail məsələyə münasibət bildirməyib.

İran dövlət televiziya və radio şirkəti olan "İslam Respublikasının Səsi" nin açıqlamasında Kəriminin İnterpol tərəfindən axtarışa verildiyi bildirilib.

İsrailin Haaretz qəzeti isə həmin şəxsin agentliyin onlayn məlumat bazasında axtarılmadığını yazır.

Şərhlər

XS
SM
MD
LG