Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:54

İran uranı 60 faizədək zənginləşdirməyə ‘başlayır’


Natanzda ötən ilin iyulunda yanğın olmuşdu
Natanzda ötən ilin iyulunda yanğın olmuşdu

2015-ci il sazişinə görə, İran uranı 3.67 faizədək zənginləşdirə bilər

İran rəsmiləri ölkədə uranın indiyədək ən yüksək – 60 faizədək zənginləşdirilməyə başlandığını deyirlər.

Dövlət televiziyası parlamentin spikeri Məhəmməd Bağır Qalibafa istinadla xəbər verir ki, İran alimləri aprelin 16-da yerli vaxtlar gecəyarısından sonra uranın 60 faizədək zənginləşdirilməsinə start veriblər.

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi də informasiyanı təsdiqləyib.

Danışıqlar getdiyi vaxtda...

Bu addım İranın dünya gücləri ilə Vyana nüvə danışıqlarında durumu qəlizləşdirir. Danışıqların məqsədi Vaşinqtonla Tehranın 2015-ci il sazişinə tam əməl etməsini təmin etməkdir. ABŞ 2018-ci ildə bu sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

İran 60 faizədək zənginləşdirməyə başlayacağını aprelin 13-də açıqlayıb. Ondan iki gün öncə Natanza hücum olduğu bildirildi və buna görə ittihamlar İsrailə yönəldi.

2015-ci il sazişinə görə, İran uranı 3.67 faizədək zənginləşdirə bilər. Ancaq İran bir müddət öncə 20 faizədək zənginləşdirməyə başladı. ABŞ-ın sanksiyalarından sonra İran da saziş öhdəliklərindən geri çəkilməyə başlayıb.

Uran 90 faizədək zənginləşdiriləndə hərbi məqsədlə istifadə oluna bilər. Tehran nüvə silahı hazırlamaq niyyəti olmadığını, nüvə ambisiyalarının dinc məqsədlərə xidmət etdiyini bildirir.

Vyanada aprelin 15-də danışıqlardan sonra diplomatlar bəyan ediblər ki, iki işçi qrup müzakirələri davam etdirəcək, ABŞ-ın sanksiyaları qaldırması, İranın yenidən nüvə proqramına məhdudiyyətlərə əməl etməsi üçün detalları hazırlayacaq.

Reaksiyalar

ABŞ-ın Dövlət katibi Entoni Blinken aprelin 14-də axşam deyib ki, Tehranın zənginləşdirməylə bağlı “provokativ” açıqlaması “İranın nüvə danışıqlarında ciddiliyini sual altına alır”.

Britaniya, Fransa və Almaniya da Tehranın “təhlükəli” bəyanatından “dərin narahatlıq” bildirib, bunun 2015-ci il paktını dirçəltmək üzrə cəhdlərin “konstruktiv ruhu və yaxşı inama zidd” olduğunu vurğulayıblar.

Aprelin 11-də Natanza iddia olunan sabotaj hücumu nəticəsində zavodda elektrik verilişinin kəsildiyi bildirilib.

İsrail hücumda əli olduğunu təsdiqləməsə də ölkənin çoxsaylı media orqanları adı çəkilməyən kəşfiyyat mənbələrinə istinadla Mossad xəfiyyə xidmətinin Natanzda uğurlu sabotaj əməliyyatı apardığını yazıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG