Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Britaniya, Fransa və Almaniyadan İrana xəbərdarlıq


Natanzda sentrifuqlar
Natanzda sentrifuqlar

Ağ ev bildirib ki, Tehranın zənginləşdirməni artırmaqla bağlı “provokativ” bəyanatına baxmayaraq, İranla danışıqlara sadiq qalır

İran nüvə sazişinin tərəfləri olan Avropa ölkələri aprelin 14-də Tehrana xəbərdarlıq ediblər ki, onun uranı 60 faizədək zənginləşdirmək və Natanz zavodunda əlavə olaraq 1000 sentrifuq qurmaq qərarı 2015-ci il razılaşmasının dirçəldilməsi səylərinə ziddir.

Dünya gücləri, İran və Birləşmiş Ştatlar arasında Vyana danışıqları aprelin 15-də yenidən başlanmalıdır.

Lakin Britaniya, Fransa və Almaniya verdikləri birgə bəyanatda bildirirlər ki, Tehranın uranı 60 faizədək zənginləşdirmək niyyəti ağlabatan mülki məqsədlərə uyğun deyil, əksinə nüvə silahının yaradılması istiqamətində hərəkətdir.

Bəyanatda İranın belə bir niyyət bildirməsinin Vyanada davam edən konstruktiv danışıqlarla eyni vaxta təsadüf etməsi təəssüflə vurğulanır.

Reuters yazır ki, Avropa üçlüyü İranın “təhlükəli yolda” olduğunu bildirir.

Tehran bildirmişdi ki, onun qərarları ötən bazar günü İsrail tərəfindən Natanz nüvə qurğusuna qarşı törədilmiş təxribatla bağlıdır.

İran uranı 60 faizədək zənginləşdirməklə hədələyir

İran uranı 60 faizədək zənginləşdirməklə bağlı xəbərdarlıq edib. Bundan iki gün öncə Natanz nüvə obyektində baş verənləri sabotaj hücumu adlandırıb, buna görə İsraili ittiham edib.

Rəsmi IRNA xəbər agentliyinin aprelin 13-də bildirməsinə görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) “60 faizlik zənginləşdirməyə başlamaq” niyyətilə bağlı məlumat verib.

BAEA-nın baş direktoru Rafael Mariano Qrossi bu məlumatı təsdiqləyib.

İranın ingilisdilli Press TV dövlət televiziyası isə zənginləşdirmənin aprelin 14-dən başlanacağını açıqlayıb.

Nüvə sazişindəki limit

Uranın 60 faizədək zənginləşdirilməsi İranın nüvə proqramı çərçivəsində indiyədək ən yüksək səviyyə olacaq. Amma hərbi məqsədlər üçün uran 90 faiz civarında zənginləşdirilməlidir.

2015-ci il nüvə sazişində İranın uranı 3.67 faizədək zənginləşdirməsi nəzərdə tutulub. Tehran isə bu yaxınlarda sazişin daha qüvvədə olmadığını deyərək 20 faizədək zənginləşdirməyə başlayıb.

Ağ ev bildirib ki, Tehranın zənginləşdirməni artırmaqla bağlı “provokativ” bəyanatına baxmayaraq, İranla danışıqlara sadiq qalır.

“İnanırıq ki, yeganə yol diplomatiyadan keçir, həllə nail olmağın yeganə yolu birbaşa olmasa da müzakirədən ibarətdir”, – Ağ evin mətbuat katibi Jen Psaki jurnalistlərə söyləyib.

Aprelin 11-də Natanzda partlayışın elektrik təchizatında fasilə yaratdığı, bunun isə İranın birinci nəsil sentifuqlarına təsir göstərdiyi bildirilir. İran rəsmiləri bundan sonra “intiqam” alacaqlarını, nüvə fəaliyyətinin gücləndiriləcəyini bəyan ediblər.

İsrail məsuliyyəti götürməsə də, hücumun arxasında onun durduğu güman edilir. Hadisə nüvə obyektində yeni uran zənginləşdirmə avadanlığı açılandan bir gün sonra baş verib. Həm də bu arada nüvə sazişinin dirçəldilməsi üçün diplomatik cəhdlər göstərilir.

Keçmiş prezident Donald Tramp 2018-ci ildə sazişdən birtərəfli şəkildə çıxdığını bəyan edərək Tehrana sanksiyaları bərpa edib.

İsrail “çox pis riskə getdi”

İsrail daim sazişə qarşı çıxıb.

“İsrail bu hücumunun İranın nüvə danışıqlarında mövqeyini zəiflədəcəyini düşünməklə çox pis riskə getdi”, – Xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 13-də rusiyalı həmkarı Sergey Lavrovla Tehranda birgə mətbuat konfransında deyib.

“Əksinə, bu bizim mövqeyimizi möhkəmləndirəcək”, – o, sözlərinə əlavə edib.

Ötən həftə Vyanada İran və dünya gücləri AB-nin vasitəçiliyi ilə bir araya gəliblər. Məqsəd Vaşinqton və Tehranın nüvə sazişinə tam əməl etməsinə nail olmaqdır.

Aprelin 14-nə də müzakirələr planlaşdırılırdı, amma Rusiyanın BMT-dəki səfiri Mixail Ulyanov aprelin 13-də deyib ki, Vyanada danışıqlar bir gün sonraya – aprelin 15-nə keçirilib.

Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Tramp administrasiyası sanksiyaları bərpa etdikcə İran da nüvə məhdudiyyətlərini tədricən pozmağa başladı.

İran nüvə proqramının sırf dinc məqsədli olduğunu deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG